Sevgilinizlə Zəhərli Münasibətdəsiniz? Toksik İlişkidə Nə Etməli

Sevgi ilişkisinin çətin iş olduğu fikri dillər əzbəridir. Çoxlarına görə, dava-dalaş normaldır və kəskin ağızlaşmalar ilişkinin bir parçasıdır.

Ancaq bütün bunlar nə qədər doğru kimi görünsə də, bir insanın ictimai və romantik həyatında rahatsızlıq doğuran səbəbləri – ilişkinin artıq zəhərli hal almasının, ya da hər zaman belə olmasının əlamətlərini də həmçinin – ört-basdır edə bilərlər.

Bu məqalədə toksik (zəhərli) ilişkilər və onları müəyyənləşdirməyin yollarından danışılır.

Toksik ilişki nədir?

Kommunikasiya və psixologiya sahəsində ekspert olan Dr. Lillian Qlass bu termini (“toxic relationship”) 1995-ci ildə “Toksik İnsanlar” kitabında ortaya atdığını deyir, toksik ilişki deyilərkən, “bir-birini dəstəkləməyən insanlar arasındakı istənilən bağlantı nəzərdə tutulur. Belə ilişkilər münaqişə ilə izlənilir, sayğı və anlayış çatışmır, bir tərəf o birini əzməyə çalışır”.

İstənilən ilişkidə qalxma və enmələr var, ancaq Qlassın dediyinə görə, toksik ilişki daim xoşagəlməzdir, o, insanı tükətir, neqativ anlar pozitiv anları üstələyir. Mənəvi sağlamlıq sahəsində ixtisaslaşan ailə həkimi Dr. Kristen Fuller isə əlavə edir ki, toksik ilişkilər həm mənəvi, həm emosional və çox güman həm də fiziki olaraq tərəflərdən biri, ya da hər ikisi üçün zərərlidir.

Bu ilişkilər adətən romantik olmur: Qlassın dediyinə görə, yoldaş, ailə və peşəkar ilişkilər də toksik xarakter daşıya bilər.

İlişkilər niyə toksikləşir? Fullerin düşündüyünə görə, bilərəkdən, ya bilməyərəkdən, partnyorunu daim sarsıdan və zərər vuran insanların davranışının arxasında hətta bu təhtəlşüurda olsa belə bir səbəb dayanır. “Bəlkə belələri uşaq olarkən, ya da sevərkən toksik ilişki yaşayıblar. Bəlkə də dəstəkdən və sevgidən uzaq böyüyüblər, – Fuller deyir: ola bilsin, məktəbdə zorakılığa məruz qalıblar. Belələri depressiya, təşviş, ya da bipolyarlıq kimi diaqnozu qoyulmamış mənəvi sağlamlıq problemlərindən, qidalanma pozuntusundan, hansısa bir travmadan çətinlik çəkirlər”.

57 yaşlı motivasiya natiqi Karolin Qemblın da başına belə bir iş gəlib. O deyir ki, artıq dozada narkotik qəbul etdiyinə görə ölən anasına və onu fiziki zorakılığa məruz qoyan atasına görə, o, toksik ilişkilər yaşayıb. Yaşa dolduqdan sonra eyni şeyləri onun başına ailə həyatında keçmiş həyat yoldaşı da gətirib. O, onu mənəvi və fiziki zorakılığa məruz qoyurmuş. ”Mən bir gün başa düşdüm ki, həyatda əlimizə hansı kartların gəlməsindən asılı olmayaraq, biz özümüzü bir sıra şeylərdən azad etməliyik”.

Qlassın dediyinə görə, bəzən toksik ilişkilər sadəcə olaraq cütlüyün bir-birinə uyğunsuz olmasına görə yaranır – məsələn, ikisi də nəzarət etməyə, ya da ironik növlü ilişkiyə ehtiyac duyurlar: “Bu sadəcə bir yanlışlığın sonucu olur”.

46 yaşlı masajçı Heydi Vestra Brok bu cür uyğunsuzluqlarla tanışdır. Brok özünü yarıdan və insanları razı salmağa çalışan biri sayır. O həddi-büluğa “başqalarının yaxşı olduğunu, hər kəsin sənin yaxşılığını arzuladığını güman edərək” çatıb. Nəticədə də onun şəxsiyyəti nəzarətcil tipləri cəlb edib, o kəslər ki, ona daim öz ehtiyaclarını onlara görə qurban verməyə və daim bəyənilmə (heç vaxt bəyənməsələr də) üçün çalışıb-çabalamağa məcbur ediblər.

Həyat hekayələri fərqli olsa da, Brok və Qembl illər boyu toksik ilişkiyə dözdüklərini deyirlər – bununla da onlar iki pis ilişkinin tamamilə fərqli olduğunu sübut ediblər.

Toksik ilişkidə xəbərdarlıq işarələri nələrdir?

Ən təhlükəli xəbərdarlıq işarələrinə zorakılıq, döymək və zorlamanın istənilən forması daxildir. Bunların dərhal üzərinə düşmək gərəkdir. Ancaq bir çox hallarda toksik ilişkinin göstəriciləri çox dərində olur.

Ən birincisi və sadəsi davamlı bədbəxtlikdir – Qlass deyir: “Əgər ilişki artıq sevinc gətirmirsə, əksinə sən özünü hər an kədərli, qəzəbli, təşvişli, ya da “sanki işdən qovulubsanmış” kimi duyursansa, bu toksik ola bilər”. Sən xoşbəxt cütlüklərə baxıb həsəd də apara bilərsən.

Fuller isə bildirir ki, sənin mənəvi sağlamlığındakı, şəxsiyyətindəki, ya da özünə hörmətindəki istənilən neqativ dəyişiklik də xəbərdarlıq əlamətidir: “Bu dəyişikliklər depressiya, təşviş, ya da yemək pozuntusu kimi klinik baxımdan diaqnozu mümkün hallardan tutmuş, özəlliklə partnyorunun ətrafında özünü gərgin və rahatsız duymağa qədər dəyişə bilər. Sənin öz yarınla danışa, ya da əndişələrini bildirə bilməməyin də nəyinsə çatışmadığının əlamətidir”.

“Sən həmçinin başqa ilişkilərin, ya da boş vaxtını necə keçirdiyinlə bağlı dəyişiklikləri gözdən keçirməlisən, – Fuller deyir: öz vaxtında etdiyin şeylərlə bağlı sən özünü pis duya bilərsən, çünki bütün vaxtını partnyorunla keçirməli olduğunu düşünə bilərsən. Öz fərdi kimliyin olmadığın anda isə artıq xətti keçmiş olursan və hər şeyi partnyoruna verirsən”.

Fuller ən sonda vurğulayır ki, sən ailə üzvləri və ya yoldaşlarının rahatsızlıqlarına diqqətlə yanaşmalısan, çünki toksik ilişkilərdəki insanlar bunu ən son dərk eləyən kəslər olurlar. Brok bu amilin onun ilişkisində də baş verdiyini, illər boyu zədə almaqda davam etdiyini deyir.

“Mən bir şeylərin artıq sağlam olmadığını doğurdan başa düşməyə başlayanda, bunun böyüdüləsi məsələ olmaması fikri mənə o qədər normal görünürdü ki… Sən sanki iflic olmusan, çünki artıq buna öyrəşmisən”.

Əgər toksik bir ilişkiniz varsa, nə etməlisiniz?

Əgər göstərilən bütün xəbərdarlıqlar sizə tanış gəlirsə, hərəkət etmək vaxtıdır. Əgər təhlükədə olduğunuzu düşünürsünüzsə, rəsmi köməyə ehtiyac duya bilərsiniz. Bunun üçün uyğun qaynar xətlər fəaliyyət göstərir.

Əgər sizdəki mənəvi, ya da emosional ağrıdırsa, bunun üzərində işləməyin mümkün olub-olmadığını da müəyyənləşdirə bilərsiniz. Əgər hər iki tərəfə təsir edən depressiya, ya da travma kimi hallardan söhbət gedirsə, Fuller deyir: terapiya, ya da tibbi müalicə vasitələri kömək edə bilər. Qlass isə bildirir ki, problemin dərininə getmək önəmlidir, ancaq bəzən cavab tapılmayacaq dərəcədə dərində ola bilər.

“Mən qəti şəkildə əminəm ki, sən hər vasitəni sınaqdan çıxarmalı və insanın niyə toksik olduğunu müəyyənləşdirməlisən. Sən istəsən onunla yaşaya da bilərsən, yaşamaya da, – Qlass deyir: əgər yaşaya bilmirsənsə, ilişkidən çıx. Biz nəyisə mütləq eləmək məcburiyyətində deyilik”.

Brok və Qemblin hər ikisi bu məsləhətdən yararlanıblar və hər ikisi indi yaxşı olduqlarını deyirlər. Brok yenidən evlənib və indi toksik ilişki yaşayan qadınlara təlim keçir. Qembl istəyərəkdən subay qalıb və hazırda “Facebook”da toksik ilişki yaşayanları dəstəkləyən böyük bir qrupu yönəldir.

“Sevgi heç vaxt sənin dincliyini əlindən almamalıdır. O heç vaxt sənin sevincinə bais olmamalıdır. Heç vaxt məhəbbətinə kölgə düşürməməlidir, Qembl deyir və fikrini belə sonlandırır: əgər bir situasiyada pozitivdən çox neqativ varsa, deməli, nəsə dəyişməlidir“.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir