Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: 2024-cü ilin gənci adına namizədəm

“Texnologiyada ilin qadını” mükafatına layiq görüləndən sonra artıq mənim üçün xalqıma yararlı olmaq bir seçim yox, öhdəlikdir. Ümid edirəm, bu günə kimi ümidləri doğrultduğum qədər, bundan sonra da əlimdən gələn hər şeyi edərək bu mükafata layiq olduğumu hər zaman hiss etdirə biləcəyəm”.

Bu fikirləri Oxu.az-a müsahibəsi zamanı ötən həftə Azərbaycanı Amerika Birləşmiş Ştatlarında təmsil edən hüquq mütəxəssisi Səmayə Həbibova deyib. O, ümumi fəaliyyəti və indi Silikon Vadisində iştirak etdiyi texnologiya tədbiri haqqında suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:

– Səmayə xanım, Silikon Vadisində keçirilən, sizin də iştirak etdiyiniz tədbir hansı məqamlarla yadda qaldı? Ümumiyyətlə, sizi Silikon Vadisinə qədər aparan fəaliyyətiniz hər kəsə maraqlıdır.

– İlk dəfə Silikon Vadisinə sentyabr ayında Azərbaycan nümayəndəliyi – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), eləcə də bir neçə yerli bankın səlahiyyətliləri ilə birlikdə dünyanın ən böyük innovasiya tədbiri olan “TechCrunch Disrupt”da ölkəmizi təmsil etmək üçün gəlmişdim. Həmin tədbirdə Azərbaycanda ilk dəfə hüquq xidmətlərini onlayn təqdim edən “E-Legal” platformamız barədə çıxış etmişdim. Bunun üçün seçilməyimə səbəb isə ölkəmizdə keçirilən “Startup Grind” yarışında qalib olmağım idi. Qeyd edim ki, “Startup Grind” də Silikon Vadisində yaradılmış startapları, təsisçiləri, innovatorları birləşdirən dünyanın ən böyük cəmiyyətidir.

Bir ay sonra isə Azərbaycanda təsis edilən “Founders Academy” müsabiqəsinin qalibi olaraq dövlət hesabına – daha dəqiq desək, İRİA hesabına yenidən Silikon Vadisinə gəldim. Burada noyabr ayında Berkeley Universitetinin təşkil etdiyi “Demo Day” və “Techstars”ın “Startup Weekend San Francisco AI” tədbirlərində “E-Legal”ı təqdim etmişəm.

Bu günlərdə isə “Pegasus Ventures”in “Startup World Cup” və “Plug and Play Tech Center”in “Silicon Valley Summit” tədbirlərində, sadəcə, iştirakçı startap kimi qatılmaq haqqı qazanmışam.

– Siz hansı məhsullar və xidmətlərlə Azərbaycanı təmsil edirsiniz?

– Azərbaycanda ilk dəfə bütün hüquq xidmətlərini elektronlaşdırmışıq. Hazırda platformamızda 200-dən çox hüquq xidmətindən istədiyinizi anında sifariş edə bilərsiniz. Buna aiddir: elektron müqavilələr, elektron imza ilə sənədinizi bir dəqiqədə imzalamaq, korporativ, mülkiyyət, müqavilə, delikt, vərəsəlik, ailə, əmək, inzibati xətalar, sığorta və digər hüquq sahələri ilə bağlı istənilən xidmət.

Təsadüfi deyil ki, Azərbaycanın aparıcı qurumlarından olan “ASAN xidmət”lə 10 il müddətinə əməkdaşlıq müqaviləsi imzalamışıq. Beləcə, paytaxtımız da daxil, bütün ölkə üzrə “ASAN xidmət” binalarında “E-Legal” köşkləri quraşdırılacaq və bütün əhali və şirkətlərin peşəkar, cəld və sərfəli hüquq xidmətlərinə əlçatanlığı yaranacaq.

– Bir müddət öncə “Texnologiyada ilin qadını” mükafatına layiq görülmüsünüz. Bu haqda özünüzdən dinləmək istəyərdik.

– Mən iki ildir ki, hüquqşünas olmağımla bərabər, informasiya və texnologiya sahəsində çox aktiv araşdırmaçı, icraçı, həm də idarəediciyəm. Çox şadam ki, mənim əziyyətlərimi və ölkə üçün yararlılığımı məhz elə bu sahənin qurumu olan İRİA nəzərə aldı və dəyərləndirərək məni “Texnologiyada ilin qadını” mükafatına layiq gördü. Bu nominasiyadan sonra xalqım üçün yararlı olmaq bir seçim yox, artıq öhdəlikdir. Ümid edirəm, bu günə kimi inamı doğrultduğum qədər, bundan sonra da əlimdən gələn hər şeyi edərək bu mükafata layiq olduğumu hər zaman hiss etdirə biləcəyəm. Hazırda ABŞ-də olduğum üçün mükafatı şəxsən ala bilməməyimə və “InMerge” İnnovasiya Sammiti kimi möhtəşəm tədbirdə iştirak edə bilməməyimə təəssüflənirəm, sözün düzü. Qarşımızdakı il daha böyük uğurlar əldə edəcəyimizə ümidliyəm.

Onu da qeyd edim ki, 2024-cü il Gənclər Günündə elan edilməsi nəzərdə tutulan “İlin gənci” tituluna da namizədəm. İlin gəncini, təbii ki, dövlət başçısı seçəcək.

– İki ay öncə ölkəmizi San-Fransiskoda təmsil etmişdiniz. Burada necə reaksiyalar aldınız?

– San-Fransiskoya ilk səyahət də Azərbaycan nümayəndəliyi ilə birlikdə idi. Qeyd etdiyim kimi, İRİA və yerli banklarla birlikdə ölkəmizi təmsil etmişdik. Təsisçisi olduğum platforma barədə xaricdə təqdimat fürsətim olmuşdu. Və istər təqdimat zamanı, istərsə də sonra çox uğurlu biznes modelini vurğulamaq üçün yaxınlaşan şəxslər var idi. Hətta özüm orada “E-məsləhət” xidmətimi sata da bilmişdim. Qarşılığında isə 88 dollar (150 AZN) əldə etmişdim.

– Qlobal təmsilçiliklə bağlı növbəti plan və hədəfləriniz nədən ibarətdir?

– Əslində, bu vaxta kimi olan qlobal təmsilçilik də heç bir planlama olmadan yaranmışdı. İlk olaraq may ayının sonu, iyun ayının əvvəllərində İRİA tərəfindən təşkil edilən “Roadshow” layihəsi çərçivəsində İrlandiyanın Dublin şəhərində keçirilən “Dublin Tech Summit”ə Azərbaycan nümayəndə heyəti qismində getmişdik. Daha sonra isə Çinin Tianjin şəhərində Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə keçirilən “Summer Davos” tədbirinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə getmək hüququ qazanmışdıq, lakin ölkə daxilində “ASAN xidmət”lə əməkdaşlıq çərçivəsində mühüm müzakirələrin getdiyi ərəfəyə təsadüf etdiyindən həmin tədbirə qatıla bilmədik.

Daha sonra isə bildiyiniz kimi, sentyabr ayında ABŞ-nin San-Fransisko şəhərində keçirilən “TechCrunch Disrupt” tədbirində çıxış etdik. Oktyabrda isə Belarusun Minsk şəhərində keçirilən “CIS 100 ideas” tədbirində Azərbaycanı təmsil etmək üçün Gənclər və İdman Nazirliyi tərəfindən seçilmişdik. Düşünürəm ki, çıxış etdiyimiz bütün beynəlxalq və yerli tədbirlərdə ölkəmizin və platformamızın komandasının güvənini doğrultmuşuq. Bundan sonrakı qlobal təmsilçiliklə bağlı isə heç bir dəqiq məlumat verə bilmirəm. Çünki Silikon Vadisi hər günü tam fərqli yaşadığım möcüzələrlə dolu bir yerdir. Hər an, hər şey baş verə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir