Psixoloqa zəif insanlar gedir?! Son dövrdə tez-tez eşitdiyim sözlər. Bəzi insanlarda belə bir fikir var ki, psixoloqa getmək ayıbdır, ancaq zəif insan özüylə bacara bilməyib psixoloqa müraciət edər.⠀
Hətta ilk dəfə kabinetə daxil olanda, ayıb bir şey etdiyi kimi gəldiyinə görə özünə haqq qazandıranlar da olur: “Mən həmişə özümlə bacarırdım ee. İndi nəsə alınmır.”⠀
Adama deməli olursan ki, psixoloqa getmək zəif olduğun demək deyil. Əksinə, öz problemlərinin travmalarının gözünün içinə dik baxmaq adamda cəsarət istər, nəinki onları basdırıb içəridə saxlamaq.⠀
Və yaxud panik ataklı uşağın halını başa düşməyən valideyn: “Sənə psixoloq lazım deyil. Sən güclüsən.” Sizin güclü deməyinizlə uşağın halı düzəlmir. Buna gətirən səbəblər araşdırılıb işlənilməlidir.⠀
Ya da başqa bir fikir: “Bizim vaxtımızda belə şey yox idi, hamı rahat idi.” Onlara da deməli olursan ki, indi müraciət edən 35-45 yaşlı insanların valideynləri sizin vaxtda yaşayıblar.⠀
Ya da sizin vaxtda şəkərdən, təzyiqdən, mədə xəstəlikləri və b. əziyyət çəkən insanlar olmayıb? Bu xəstəliklərin çoxunun əsası yenə də psixolojidir.⠀
Bir də psixoloqun işinin ancaq boş-boş danışmaqdan ibarət olduğunu düşünənlər var. Bunu hətta ali savadlı insanlar təsadüfən müraciət edib nəticə əldə edəndən sonra deyirlər.⠀
Panik ataklı pasiyentimin sağalandan sonra dediyi sözdən – “Mən elə bilirdim psixologiya boş şeydir.” Sadəcə düzgün mütəxəssisə müraciət etmək lazımdır ki, psixoterapiyanın nə olduğunu və necə effekt verdiyini başa düşəsən.⠀
Psixoloqa Getmək Mənasızdır?
Hipertoniya ilə bağlı praktikamda belə bir hadisə olmuşdu. Hər gecə təzyiq qalxır, təzyiqi aşağı salmaq üçün dərman içilməsinə baxmayaraq təzyiq düşmür. Qadın bu halından panikaya düşür və ölüm qorxusu yaşayır.⠀
Onun bu halı yaxın rəfiqəsinin qəfil ölümündən sonra baş verdiyinə görə qadına elə gəlirdi ki, problemin kökündə bu məsələ durur. Əlbəttə ki, bu hala görə həkimə müraciət etmişdi. Digər dırnaqarası həkimlərdən fərqli olaraq bu həkim işini dəqiq bilən və adam istifadədən kənar bir peşəkar olduğuna görə (təəssüflə qeyd etmək istəyirəm ki, həkimlərin insanlardan sui-istifadə halıyla praktikamda çox qarşılaşdığıma görə bunu deməliyəm), onda heç bir fiziki problemin olmadığı və psixoterapiya almağı məsləhət görmüşdü.⠀
Adətən belə hallarda həkimlərə müraciət edən bütün adamlar kimi qadın da inamsız gəlmişdi. Ancaq 3 seansdan sonra təzyiqinin düşməsini görən qadın və sonradan da tam olaraq panik ataka da qalib gəldi və sonda mənə belə dedi:⠀”А я думала, что психология эта фигня! : )” Yəni ki, düşünürdüm psixologiya boş şeydir.⠀
Amma işlədikcə tək bu hadisə deyil, uşaqlıqdan gələn travmatik situasiya durmuşdu, hansını ki, çox zaman inkar edirik – əşşi o çoxdan olub, mənə təsir etmir artıq.⠀
Bütün belə deyənlərin nəzərinə çatdırıram ki, uşaqlıqdan gələn hadisələr heç zaman unudulmur, şüuraltıda yerləşir, sonra isə müxtəlif problemlər şəklində həyatımıza daxil olur.