Praktik psixoloji texnika: Şüuraltı proqramlarla nə edək?!

Bizə elə gəlir ki, həyatımızda verdiyimiz qərarlar şüurumuza əsaslanıb. Beynimizin isə cəmi 10 %-ni şüur təşkil edir (neokorteks). Ona görə də bu sadəcə bir illuziyadır. Çünki əslində bizim hərəkətlərimizə şüuraltımızda yerləşən 90 % (yəni dərk etmədiyimiz səviyyədə) informasiyalar təsir edir (bu limbik sistem və reptil beyindir).⠀

Ona görə də reallığa şüurla düşündüklərimiz və istədiklərimiz deyil, şüuraltı proqramlar daha çox təsir göstərir. Özəlliklə də bu şüuraltı proqramlar instinktlər və emosiyalarımızla bağlı olduğundan daha güclü enerjiyə malikdirlər. Bu üzdən bizim həyatda fikir vermədiyimiz duyğular və emosiyalara psixoterapiyada xüsusi yer verilir.⠀

Əgər şüurlu arzularımız şüursuz proqramlarımıza qarşıdırsa, onda beyin şüuraltıda yazılanları yerinə yetirir. Hansı reallığın sizi əhatə etdiyini müşahidə etsəniz hansı şüuraltı ssenarilərin sizi idarə etdiyini anlaya bilərsiniz.

Oyunu bitir! Ya da nəyə görə situasiyalar təkar olunur?⠀

Bəzən təkrar olunan hadisələr zəncirinə düşürük. Bu qəribə də görünə bilər. Axı niyə eyni münasibət ssenariləri yaşamalıyıq? Məsələn, iş məsələsi ilə əlaqəli intervyuya gedərkən nə üçün hər dəfə mane olan bir kəs ortaya çıxır və mən yenidən uğursuzluğa düçar oluram?! Bunu imtahanda da müşahidə etmək olar. Pul-qazanc səviyyəsinin artırıla bilməməyimiz – bu da həmin seriyadandır…⠀

Eyni dairə ilə gəzib eyni hissləri duymaq kimə xoş gələr? Əlbəttə ki, heç kimə. Bu təkrarlanmada hər hansı bir bağ varmı? Var!!! Həyatımızın məqsədi qorxularımızı, komplekslərimizi, proqramlarımızı təmizləyib yeni səviyyəyə çıxmaqdır. Eyni hadisələr isə onlardan dərs çıxarmayana qədər təkrarlana bilər. Dəblə getsək, indi buna şüuraltı kodlar da deyilir.

Bir çoxlarımız isə səbəbləri axtarmaq əvəzinə eyni emosiyaları yaşayıb, ancaq qismətindən şikayət etməklə daha da yeni hadisələrin meydana gəlməsi üçün şərait yaradırıq. Zənciri qırmaq üçün isə onun əmələ gəlmə və şüuraltıda ilişib qalma səbəbini tapıb işləməklə azad olmaq olar.

Şüuraltı müqavimət proqramlarının nümunələri

  • Şüurla yeni iş axtarıram, ancaq oturub CV yazmaq üçün heç tələsmirəm və yaxud hər hansı səbəbdən iş məsələsi alınmır. Şüuraltı olaraq qardaşım, atam, anam və digərlərinin hesabına əziyyətsiz yaşayıram;⠀
  • Şüurla hesabat (məqalə, dissertasiya və b.) yazmalıyam, bunun əvəzinə vaxt uzadıram – şüuraltı ilə əslində bunun mənə lazım olub-olmayacağından şübhələnirəm;
  • Şüurla Tibb Universitetinə qəbul olmaq istəyirəm, ancaq anamın təkidi ilə olduğunu bilərək və anama müəyyən küskünlüklərim olduğu üçün şüuraltı olaraq bunu qəbul etmir və imtahanda öyrəndiklərimi yaddan çıxarıram;⠀
  • Şüurla xoş münasibətim olacaq insana rast gəlmək istəyirəm, şüuraltımdakı münasibət qorxularıma görə hər dəfə “qəribə” tiplərlə qarşılaşıram;⠀
  • Şüurla əldə etdiyim gəliri artırmaq istəyirəm, ancaq nə qədər çalışsam da eyni gəlir səviyyəsində qalıram və b.⠀⠀

Əgər araşdırsaz, şüurunuzun istəklərini iqnor etmək üçün şüuraltınızın nə qədər güclü səbəbləri olduğunu görə bilərsiniz. Başqa bir məsələ ondan ibarət ola bilər ki, həmin güclü səbəb çoxdan yaddan çıxmış situasiyaya aiddir. Və indi həmin situasiya sizin üçün heç bir anlam daşımır. Ancaq şüuraltı üçün ZAMAN ANLAMI YOXDUR! Orda nə yazılıbsa – indi və burda da AKTUALDIR.

Praktik psixoloji texnika

İlk addım dərk edib qəbul etməlisiniz ki, siz nəsə etməyə çalışırsınız. Hər hansı bir məqsədiniz var, ancaq hər hansı bir qüvvə sizi başqa istiqamətə aparır.⠀

  • Hisslərinizə fikir verin…
  • Yaşadığınız hissi müəyyən edin…
  • O hansı hissdir? (burda bir az çətinlik çəkə bilərsiniz, çünki təəssüf ki, bizə hisslərimizi başa düşməyi öyrətmirlər…
  • Hissinizin (dəyərsizlik, inciklik, aqressiya, nifrət, qəzəb və b.) adını müəyyən etdikdən sonra özünüzə sual verin: Mən bu hissi nə vaxt yaşamışam? Neçə yaşımda?
  • Bu sualla yaşınız avtomatik olaraq ağlınıza gələcək.
  • Bundan sonra özünüzə belə bir sual verin: Həmin yaşda hansı situasiya baş vermişdi?

Situasiyanı yada saldıqdan sonra siz proqramın qaynağını tapacaqsınız. Çox zaman həmin situasiya uşaqlıq dövrünə gedib çıxır. Situasiyanı həll edərkən proqramın qaynağını tapır və dərk edirsiniz. Yalnız bundan sonra psixoloji texnikalarla onu “sındıra” bilərsiniz.

Bunlardan özünüz edə biləcəyiniz üsullardan: sadəcə onu bir kağıza yaza və ya kiməsə hisslərlə danışa bilərsiniz. Əsas vurğunu hisslərə yönəltmək lazımdır. Əgər çətinlik çəkirsinizsə, bu tipli situasiyalar indi EMDR terapiya ilə tez və effektiv şəkildə aradan qaldırılır. Əgər texnikanı etdinizsə, öz təəssüratlarınızla da bölüşə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir