Feynman Metodu: Necə Öyrənək ki, Heç Zaman Yaddan Çıxarmayaq

Bəzən hər hansı bir materialı öyrəndiyimiz zaman düşünürük ki, onu yadda saxlamışıq. Olur ki, yenidən oxuyarkən müəyyən məqamları yaddan çıxardığımızı aşkar edir, bir müddətdən sonra isə ümumiyyətlə bildiyimizi unuduruq.⠀

Özəlliklə də öyrəndiyimiz materialı kiməsə danışmaq istədiyimiz zaman yaddan çıxardığımızı daha yaxşı başa düşürük. Bir materialı daha yaxşı öyrənib, onu yadda saxlamağımız üçün Feynman metodundan istifadə edə bilərik.⠀

Feynman metodunun özəlliyi nədədir?

Feynmanın öyrənmə texnikası dörd əsas addımdan ibarətdir:

  • Öyrənmək üçün konsepsiya seçin.
  • Bunu uşağa öyrədin.
  • Anlayışınızı nəzərdən keçirin və dəqiqləşdirin.
  • Qeydlərinizi nizamlayın və mütəmadi olaraq onlara yenidən baxın.

Siz hər hansı bir mövzunu öyrənmisiniz və onu nə dərəcədə qavradığınızı yoxlamaq istəyirsiniz. Bu zaman siz onu tamamilə həmin sahəni bilməyən bir insana danışmalısınız. Əgər yanınızda belə bir adam yoxdursa, öyrəndiklərinizi yaza bilərsiniz.⠀

Bir kağız götürün, mövzunun adını yazın və onu kiməsə izah edirmiş kimi yazmağa başlayın. Yazarkən təsəvvür edin ki, izah etdiyiniz şəxsin ümumiyyətlə bu sahədən xəbəri yoxdur. Hətta təsəvvür edin ki, bu 8-9 yaşlı bir uşaqdır. Nə üçün 8-9 yaşlı uşaq? Bu yaşda uşaqlar kifayət qədər hər şeyi başa düşür. Ancaq terminləri qavramaq onlara çətin olduğundan siz bu materialı ona daha sadə dillə izah etməlisiniz.⠀

Feynman metod necə işləyir?

Biz hələ məktəb illərindən hər hansı bir mövzunu əzbərləməyi öyrənmişik. Bəzən oxuduğumuz zaman mövzu ilə əlaqədar müxtəlif terminlərlə qarşılaşdığımız zaman bu termini araşdırmadan onu əzbərləmişik. Bəlkə də bu tənbəllikdən irəli gəlmir, sadəcə biz artıq əzbərləməyə vərdiş etmişik. Ancaq mövzunu 8 yaşlı uşağa izah edərkən onu daha ətraflı açıqlamaq məcburiyyətindəyik.⠀

Yazdığınız materialı yenidən 2-3 dəfə oxuyun və orada anlamadığınız hissələri qeyd edin. Sonra onu bir daha korreksiya edib, cümlələri düzəldin. Bundan sonrakı işiniz daha asandır. Siz artıq fikirlərinizi tam izah etmək üçün son yazınızı qeyd edirsiniz.⠀

Daha effektiv olar ki, başqa bir insan yazdıqlarınızı oxusun və bununla bağlı sizə suallar versin. Biliyin nə dərəcədə qavranılmasını yoxlamaq üçün ən yaxşı test – onu başqa adama ötürmək bacarığıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir