Qrup Terapiyasının Dəyərləri: Miflər və Həqiqətlər

Qrup terapiyası mənim üçün çox dəyərli və dərin psixoterapiya üsulu oldu. Qrupda daha yaxşı “eşidilir” və yeni material daha tez həyata tətbiq edilir. Qrupdakı içtirakçıların və aparıcının geri dönüşləri dəstək kimi daha güclü və intensiv təsir edir. Burada yazıq, bədbəxt insanlar yoxdur, əksinə çox xoş insanlar olur.⠀

Qrup Terapiyasının Dəyərləri

Qrup terapiyasında heç kim heç nəyə məcbur edilmir, heç kimə heç nə öyrədilmir, heç kim qınanmır. Sadəcə sən həm özünlə, həm də başqalarıyla bir olmağı seçirsən. Həm sosiumda öz sözünü deməyi öyrənirsən, həm başa düşülürsən, həm də özünü öz problemlərinlə tək hiss etmirsən.

Adətən şəxsi terapiyalarda insanlar belə sual verir: “Mənim problemim kimi ağır problemlə qarşılaşmısınız?” Ona əlavə izah etməli olursan ki, hər kəsin problemi özünə görə ağır görünə bilir. Ancaq qrupda bu suallara ehtiyac qalmır. Çünki başqalarını dinləyərək sən özünün tək olmadığını görür, bəzən isə digərinin problemində özünü görüb, həll yollarını da tapa bilirsən.⠀

Bu təcrübə çox vacib və xeyirli olub, həyat situasiyalarında da özünü uyğun aparmaq yollarını öyrədir. Hər iştirakçıya ayrıca diqqət göstərilərək fikrinin soruşulması, hisslərinin başa düşülməsi, məşğələlərdə gedən dərk olunma prosesləri həm insanlarla düzgün münasibət qurmağı, həm fikrinin ifadə edə bilməsi üçün şərait yaratması, həm də digər insanlar arasında çıxış etmə qabiliyyətinin inkişafı üçün gözəl imkan yaradır.⠀⠀

Çaşdırmaq istəmədən qeyd edim ki, EMDR onlayn qrup terapiyaları digər qrup terapiyalarından fərqlənir. Burda siz danışmırsız, ancaq öz probleminizin yüngülləşdiriliməsi üçün aparıcı terapevtin verdiyi müəyyən instruksiyanı tətbiq edib, hazırda sizi narahat edən problemi yüngülləşdirirsiniz.

Qrup terapiyası haqqında “Miflər və Həqiqətlər”

Filmlərdə göstərilən qrup terapiyaları daha çox miflərlə bəzədilib. Adətən filmlərdə məhz klinik situasiyalı (narkotik, alkoqol asılılıqları və ya nevroz) qruplar göstərilir. Biz də elə bilirik ki, bu doğurdan da belədir. Ona görə də mən mif və həqiqətləri sizinlə bölüşməyi qərara aldım.⠀

Qrup Terapiyası haqqında Həqiqətlər

Yeni tanışlıqlar. İştirakçılarla ünsiyyət – əgər adi həyatda ürəyimizdən keçənləri dilimizə gətirə bilmiriksə, qrup terapiyalarında buna tam imkanımız var.⠀

Özün haqqında doğru geri dönüş. Qrup özünü digərlərinin üzərindən tanıma üsuludursa, onun əsas məqamı özün haqqında geri dönüşdür (özünü anlama). Bu proses həm aparıcı, həm də qrup tərəfindən dəstəklənərək həyata keçir (avtomatik). Hər bir iştirakçıya xüsusi diqqət ayrılması, həm onun öz problemini həll etməyə, həm də özgüvənini qaldırmağa kömək edir.⠀

Eksperimentlər. Qrup terapiyası keçmişdə və ya indiki zamanda münasibətləri aydınlaşdırmaq və tamamlamaq üçün gözəl imkandır. İştirakçılar bir-biri üçün həyəcanlı situasiyaları həll edir, yeni davranış yollarının tapılması üçün yol açırlar. Qrup öz davranışını kənardan görüb, digər insanların nə hiss etdiyini başa düşmək üçün ən yaxşı vasitədir.

Təcrübə mübadiləsi. Qrupa gələn hər kəsin bir hekayəsi var. Qrupdakılar digər insanın səhvlərini, doğrularıni və yalanlarını görərək şəxsi həyatı üçün dayaq yaradır.⠀

İndi isə Qrup Terapiyası haqqında Miflər!⠀

Öz problemlərim haqqında açıq danışmalı olacağam, bunu istəmirəm. İndi psixologiya daha açıqdır. Qruplara özlərini başa düşmək istəyən sağlam insanlar gəlir. Sadəcə ad və məqsədini açıqlaya bilərsən. Digər söhbətləri açıb danışmaq, ya bağlı saxlamaq insanın öz şəxsi işidir.

Mənim hekayəmi və ümumiyyətlə qrupda olduğumu bütün internet biləcək. Psixoterapevtik proses səmimi söhbətlər yeridir və məxfilik onun fundamentidir. Psixoterapevt məxfiliyi qoruyur, qrupda olan hər bir kəs də bunu etməyə məsuliyyət daşıyır.

Bu bədbəxt insanların yığıncağıdır. Qeyri-sağlam insanlar öz xüsusi qruplarına gedir, ora düşmək çətindir. Sağlam insanlar isə özləri üçün təcrübə qazanacağı və yeni münasibətlər quracaqları qruplara gedir.

Mənə danışmağa vaxt çatmayacaq. Hər kəsə ayrıca diqqət və zaman verilir. Düzgün qurulmuş terapiya qruplarında hər kəsə eyni zaman verilməsinə çalışılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir