İnsanlarla ünsiyyətdən qorxuram, dialoqlardan qaçıram, ancaq tanıdığım çevrədə özümü rahat hiss edə bilirəm. İşdə hər şeyi düzgün etməyə çalışıram, ancaq yenə də tez-tez səhvlər edirəm, hər şey üçün tez hirslənib özümdən çıxıram. Mən bacarıqsızam, mən heç vaxt, heç nəyi bacarmayacam.
Məktəbi əla qiymətlərlə bitirmişəm, universitetə də özüm qəbul olunub, oxumuşam. Məktəbdə, hazırlığa gedəndə, universitetdə heç kimə qarışmamışam, ancaq dərs oxumuşam. Universiteti qırmızı diplomla bitirmişəm.
Son vaxtlar daha çox sosial fobiyalı insanların müraciətini nəzərə alaraq bu mövzuda yazı yazmaq qərarına gəldim.
Sosial ünsiyyətdə problemi olmayan insan üçün sosial fobiya sözü ancaq kütlə qarşısında çıxış edə bilməyən insan assosiasiyasını verə bilər. Ancaq belə asan olsaydı, bu insanlar yalnız ictimai çıxışlardan imtina edib, başqa sahələrdə işləyərək rahat həyatlarını davam edə bilərdilər. Amma təəssüf ki, sosial fobiyalı insanları nəinki kütlə ilə təmas qorxudur, həmin qorxu insanın yaşadığı bütün həyat sahələrinə öz mənfi təsirini göstərir.
Bəzi valideynlər uşağında bu qorxunu hiss edib, onu sosiallaşdırmağa çalışsalar da, bəzən peşəkarların yardımı olmadan məqsədlərinə gec çata bilərlər. Vaxtında uşaqda sosial fobiyanı görə bilməyən valideynlərin övladları isə yalnız böyüyüb, həm iş yerində, həm də şəxsi münasibətlərdə çətinlik çəkdiyi zaman bunu dərk edər, özü bu qorxu üzərində çalışmağa başlasa da, 25-30 yaşda istədikləri məqsədlərə çatan yaşıdlarından fərqli olaraq, şəxsi həyat və karyerasını daha gec qura bilər və nəticədə daha az uğur əldə edə bilərlər.
Gənc yaşda bunu başa düşən insan özü öz arzusuyla psixoloqa müraciət edib, öz poblemini həll etmək istəsə də, bəzən doğmaları və ya onları əhatə edən başqa yaxın insanlar məsələnin ciddi olduğuna əhəmiyyət vermir və psixoloqa müraciətdən çəkindirə bilir.
Bəzən valideynlər öz sosial fobiyalı övladlarına “Psixoloqu neynirsən? Mən sənin psixoloqun. Gəl, danış mənə, mən sənə yardım edərəm” deyə övladlarının onlarla açıq danışmağa sövq edirlər. Amma başqa sahə üzrə təhsil almış insanlar, psixoloqun işinin dərinliyinə varmayaraq, psixoloji konsultasiyanı söhbət kimi başa düşür, psixoloqun əlində olan müxtəlif metod və texnikalardan xəbərsiz olurlar. Bu mövzuya bundan öncəki məqalədə toxunmuşam. Onu da nəzərə almaq lazımdır ki, insan neytral şəxs sayılan psixoloqa deyə biləcəyi sözü, keçirdiyi hissləri ən yaxın adamına belə deməkdə çətinlik çəkə bilər.
Keçək əsas mövzumuza. Sosial fobiya nədir, hardan qaynaqlanır, nəticələri insan həyatı üçün necə ola bilər?
Sosial fobiyanın əsas fərqləndirən cəhəti sosial vacib situasiyalarda insanın intensiv olaraq təkrar keçirdiyi qorxu hissidir. Sosial fobiyalı insanları hər hansı edəcəyi hərəkətlərin nəticəsində buraxdığı səhvlər, keçirəcəyi utancaqlıq, narahatçılıq, həyəcan hissləri, başqaları tərəfindən müşahidə edilib mühakiməyə məruz qalma hissləri qorxudur. Həddən artıq tərləmə, qızarma, danışanda kəkələmə, əllərin, bədənin və ya səsin əsməsi sosial fobiyanın əlaməti sayıla bilər.
Sosial vacib situasiyalara düşərkən, belə insan intensiv qorxu, həyəcan hissi keçirir, bəzi hallarda isə vahimə tutmaları da baş verə bilir. Bu qorxu, narahatçılıq insanı güclü emosional stresə sala bilir, gündəlik həyatında və şəxsi münasibətlərində ona mane olur.
Sosial Fobiyanın Səbəbləri
- Düzgün olmayan, həddən artıq ciddi tərbiyə;
- Valideynlərin səhv davranışı, hadisələrin qeyri-adekvat qiymətləndirilməsi;
- Uşağın gücü çatmayan tapşırıqların verilməsi və həddən artıq tələbkarlıq;
- Tez-tez baş verən ailə konfliktləri;
- Böyümə dövründə tez-tez tənqidə məruz qalma;
- Somatik xəstəliklər və başqa.
Sosial Fobiyanın Müalicəsi
Sosial fobiya potensial təhlükəli pozuntu sayılıb, mənfi gedişatda panik pozğunluğa gətirib çıxara bilər. Bundan başqa, sosial fobiya insanı gündəlik həyatda iş və şəxsi münasibətlərdən, irəli getməkdən çəkindirib, özgüvənsiz, bacarıqsız, bir sözlə uğursuz adama çevirə bilər.
Hər baş verən neqativ situasiya isə sosial fobiyanı daha da öz yerini bərkitməyə kömək edər, insanı özünə qarşı neqativ düşüncələrlə bağlayaraq, inkişafdan saxlaya bilər.
Bugünkü gündə sosial fobiyanı psixoloji korreksiya metodu ilə uğurla dəf etmək mümkündür.
Onu da yadda saxlamaq lazımdır ki, insan istəsə və əgər etdiyi işdə məna görərsə, hər bir çətinliyin öhdəsidən gələ bilər.
Sosial fobiyanın müalicəsi və davamlı nəticəsi üçün koqnitiv-davranış terapiyası köməyə gəlir. Bu proqramın məqsədi insanı narahat fikir və qorxu yaradan təsəvvürlərdən azad edərək, hadisələri obyektiv qəbul etməyi öyrətməkdir. Metodika insanı lazımsız nəzarətdən və neqativ fikirlərdən yaranmış diskomfortdan aktiv şəkildə azad edib, situasiyalara sakit münasibət formalaşdırmağa yardım edir.
Koqnitiv davranış terapiyası kursunu keçən insan müalicədən öncə onu qorxudan situasiyaları sakit qəbul edib, həmin situasiyalarda özünü rahat hiss edir, insanda özgüvən hissi güclənir, özündən əminlik yaranır.
Əslində, yuxarıda göstərdiyim misalda insanın məktəbi və universiteti əla qiymətlərlə bitirməsi də ünsiyyətdən qaçması ilə əlaqədar olmuşdur. Ünsiyyət boşluğu yaxşı qiymətlərlə əvəz edilmişdir.
Ancaq qorxular, ünsiyyətdən qaçma, iş yerində hər hansı bir münasibətdən, söhbətdən çəkinmə və qorxu hissləri aqressiyaya çevrilərək iş yerində problemlər yaratmışdır.
İnsan sosial varlıqdır. Fiziki və təhlükəsizlik ehtiyaclarından sonra Ünsiyyət – insan həyatında çox vacib yerlərdən birini tutur. Düzgün qurulmuş ünsiyyətdən aldığı duyğular – insan üçün mənəvi qida rolunu oynayır. Ünsiyyət çatışmazlığı isə insanı özünə qapanmağa vadar edə, depressiyaya gətirib çıxara bilər.
Qeyd edim ki, göstərdiyim misaldakı qəhrəmanımız koqnitiv-davranış terapiyası metodu ilə uğurlu nəticə almışdır.
Belə bir problemlə qarşılaşmısınızsa, mütəxəssisə müraciət – ən düzgün yoldur. Bu həm vaxt itkisini azalda bilər, həm də düzgün yolla getmənizə yardım edər.
Menim qizim özünü ifade ede bilmir Insanlar içine çixmaq istemir.Iç sesle danişir.Telebedir , ATU -3 cu kurs..heç bir dostu yoxdur..Özüne güven heç yoxdur..her zOna kömek ede bilrsiniz?bu sosial fobiya sayilir?her zaman nese pis bir hadise olacagindan qorxur.Ušaq vaxti bele deyildi , amma
Salam. Təşviş pozuntusuna bənzəyir. 051 325 39 07 WhatsAppa Yasin