Sən Sadəcə Dayanma, Yoxsa Uduzarsan…

Dayanma, Uduzarsan!

Bəzən planlarımız istədiyimiz kimi getməyə bilər, yarı yolda qalarıq. Hər tərəfdən əlimiz boşa çıxanda son ümidimizi itirə bilərik. Həyatımızın mənası yox olar. Həvəslə başladığımız, çoxlu ümidlər bəslədiyimiz, xəyal etdiyimiz zirvələrdən uçuruma düşərək inamımız qırılar, yenidən ayağa qalxmağa taqətimiz qalmaz…

Aylarla vəziyyətdən çıxma haqqında hər bir plan mənfi nəticə verər. Qırılarıq, sınarıq, üzülərik… Özümüzü itirə bilərik, hardan gəlib hara gedəcəyimizi bilməyərək, çaşıb qalarıq. Başqalarının qınağına görə yox, içimizdə çəkdiyimiz acılardan özümüzü yolun sonunda hiss edərik.

“Sən belə istəmirdin… Sən buna layiq deyildin… Axı niyə belə oldu?… Niyə məhz mənim başıma belə bir iş gəldi?…” deyə içəridən fəryad çəkərik. Uğursuzluğumuzun səbəbini başqalarında, hətta həyatın özündə görərik. “Filankəs elədi, o belə bir söz dedi, ya da işimi pozdu, mənə mane oldu və mən dayandım, irəliləyə bilmədim… Uşaq mane oldu, böyük mane oldu, qismət deyilmiş” kimi bəhanələrlə hamını və hər şeyi günahlandırarıq. “Tək bir adam haqlıdır. O da – Mənəm. Mən bütün yollara əl atdım… Ancaq mənə mane oldular, məndə olan istedadı görmədilər… Başqaları kimi məni irəliyə çəkən olmadı, kömək edən olmadı… Mən təkəm… Mən heç kimə gərək deyiləm…” kimi sözlərlə özümüzü yazıq halına gətirərik, sonra da Qurban rolunu oynamağa davam edərik…

Yolun sonunda olduğumuzu anlarkən, həyatın mənasını itirərkən hardansa işıq ucu gələr… Kimsə qorxmadan, çəkinmədən sənə etdiyin səhvləri üzünə deyər. Bu sözləri sənə əvvəl də deyən olmuşdu, ancaq o zaman sən eşitmirdin. Məhz yolun sonuna gəldiyini anladıqda onlar sənin üçün başqa cür səslənə bilər. Batan adam axırıncı saman çöpündən yapışan kimi həmin sözlər sənə dayaq nöqtəsi ola bilər. Amma əgər eşitdinsə, eşitdin… Dərk etdinsə, dərk etdin… Onda “ayağa qalxma” şansın var. O zaman sənə gözləmədiyin yerlərdən qapılar açılar, işıq ucları görünməyə başlayar. Əgər ayağa qalxıb ikinci və daha güclü təkanla yolu getməyə başladınsa, deməli həyata yenidən qədəm qoydun.

Yox, əgər yenə də dərk etməyib “Qurban” rolunu oynamağa davam etdinsə, həyatının uğursuzluğu ilə barışıb “yazıq ömür” sürməyə davam edəcəksən.

Məhz həmin dayandığın nöqtə səni uçuruma aparacaq. Sən başqalarının uğuruna baxıb sevinmək əvəzinə paxıllıq hissləri keçirəcəksən… Çünki sən  onların yerində olmağı arzu edəcəksən. Ancaq başqaları dayanmayacaq. Yeni-yeni ideyalar, yeni-yeni kəşflər ortaya çıxaracaq, uğurlar qazanacaq… Və sən həmin dayandığın nöqtədən onlara baxaraq arzulamadığın ömrünü sürməyə davam edəcəksən… Vaxtında atmadığın addımlar üçün, həyata keçirmədiyin arzular üçün peşmançılıq hissi səni “Kaş kilər” içərisində saxlayacaq. “Kaş ki, vaxtında bu addımı ataydım, kaş ki, filan işi görərdim, kaş ki, hərəkət edəydim.” Kaş ki, edib alınmamazlıqdan peşman olardım, nəinki hərəkətsizlikdən.” İndi artıq əhəmiyyətsiz – “Kaş kilər”…

Razıyam, həyatda müxtəlif səbəblərdən “dayanma” baş verə bilər. Bu yaxın insanın itkisi də ola bilər, həyatda baş verən milyonlarca başqa hadisələr də ola bilər. Ancaq müəyyən vaxt ərzində toparlanıb ayağa qalxmasan, bilki uduzacaqsan.

Bəlkə də Sən həmin arzuladığın zirvəyə çox yaxın idin, ancaq dayandığın ana kimi… Dayandığın an – uduzduğun andır. Unutma ki, sənin artıq yaxınlaşdığın zirvəyə yaxın olmaq istəyən çoxlu sayda başqa adamlar da var. Onların da arzuları, xəyalları və güclü hədəfləri var… Ancaq onların bir üstün cəhəti də var… Onlar dayanmırlar… Çünki bilirlər: “Dayansan, Uduzarsan!!!”.

Elə isə gəl dayanma xəyal etməyə, dayanma düşünməyə, dayanma inanmağa, dayanma işləməyə, dayanma yeni ideyalar axtarmağa, dayanma dua etməyə və nəhayət – DAYANMA YAŞAMAĞA!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir