İnsanlar İqlim Dəyişkənliyinə Görə Dünyaya Uşaq Gətirmək İstəmir

İqlim dəyişikliyinə görə, insanlar uşaq dünyaya gətirməkdən imtina edir və dünyaya uşaq gətirmək istəməyənlərin qurumu yaradılıb.

9 AY Azərbaycan “CNN”-ə qaynaqlanan xəbərdə bildirir ki, Amerikada qlobal iqlim dəyişikliyinə görə, dünyaya uşaq gətirməkdən imtina edənlərin qurumu yaradılıb. “BirthStriker” adlı quruma artıq 330 nəfər qoşulub və onlardan 80 %-i qadınlardır.

2018-ci ildə yaranan qurumun yaradıcısı, britaniyalı musiqiçi Blite Pepino “CNN” telekanalına açıqlamasında deyib: “Mən doğurdan da uşaq istəyirəm. Öz sevgilimi sevirəm və onunla bir ailəmin olmasını istəyirəm, ancaq indiki zamanın bunun üçün əlverişli olduğunu düşünmürəm”. Qurumun üzvləri elm adamlarının iqlim dəyişikliyinin daha böyük yanğınlara, quraqlıqlara və milyonlarla insanın çətinlik çəkməsinə gətirib çıxaracaq yemək qıtlığına yol açacağını proqnozlaşdırdığı dünyaya uşaq gətirməkdən imtina edirlər.

2018-ci ildə BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Beynəlxalq Paneli dünyanın katostrafik iqlim dəyişikliyinin qarşısını almaq üçün 11 il vaxtının olduğunu açıqlayıb.

“BirthStriker” qurumuna yeni qoşulanlardan biri, 29 yaşlı Kodi Harrison açıqlamasında deyib: “Sən bu dünyaya uşaq gətirməklə, kiminsə həyatı ilə qumar oynayırsan. Əgər hadisələr öz yolunda getməsə, insanı heç də yaxşı bir həyat gözləmir”. Qurumun başqa bir üzvü Lori Dey isə bildirib: “Əgər iqlim dəyişikliyi getdikcə pisləşsə, başqa şeyləri də özüylə gətirəcək. Bu, yıxılan domino daşlarına bənzəyir. Dəniz səviyyəsinin artmasının və qasırğaların davamı gələcək. O, yeyinti istehsalına, miqrasiyaya, qaynaqlara və savaşlara təsir edəcək”. BMT-nin hesablamalarına görə, 2030-cu ildə dünya əhalisinin sayı 8,5 milyarda çatacaq, 2100-cü ildə isə bu rəqəm 11 milyard ola bilər.

“Dünya Bankı”nın statistikalarına görə, dünyada hər bir insan ildə ortalama 5 ton karbon dioksid buraxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir