Axmaq adam tələsir. Sosioloqların fikrincə, kişilər də tələsir. Bəs səbəb nədir?
“Mən səni sevirəm” – Belə bir dözülməz ümumi qənaət var ki, qadınlar bu üç sözdən yığılmış klassik bəyanatı vermək, “bizim axırımız necə olacaq”, “biz indi nəyik” kimi sualların cavabını dərhal bilmək üçün dəridən-qabıqdan çıxırlar. Ancaq araşdırmalar başqa şeyi göstərir: heteroseksual kişilər qadın partnyorlarından fərqli olaraq, aşiq olmaq, ya da aşiq olduqlarını zənn etmək üçün daha çox tələsirlər.
172 tələbə arasında anoloji sorğu keçirilib. Araşdırmada bildirilir ki, kişilər qadınlardan daha tez vurulur və bunu daha tez dilə gətirirlər: “Cəmiyyətin güman etdiyinin əksinə, bu nəticələr qadınların “sevgi üçün böyük axmaqlıq etdikləri” qənaətini dəyişdirə bilər”.
Araşdırmanın həmmüəliflərindən biri psixoloq Marissa Harrison bu tapıntının tələbələrin öncədən güman etdikləri anlayışlarla ziddiyət təşkil etdiyini deyib: “Qadınların daha çox, bəzən həddindən artıq emosional, ya da tələskən olduqları güman edilib. Bizim araşdırma zamanı da həm kişilər, həm qadınlar qadınların kişilərdən daha tez aşiq olduqlarını və “mən səni sevirəm” deməyə daha çox tələsdiklərini güman edirdilər”.
Londonda fəaliyyət göstərən psixoloq Neil Lamont düşünür ki, insanlar bir qayda olaraq kişiləri praqmatik və öhdəlikdən yayınan kimi görürlər. “Ancaq mənalı münasibət qadınlar üçün olduğu qədər kişilər üçün də önəmlidir. Sosial və mədəni normalar kişilərə daha güclü və möhkəm olmağı diqtə edə bilər, reallıqda isə kişilər üçün də yaxşı həyat özündə bir qayda olaraq dərin, anlamlı sevgi münasibətlərini ehtiva edir”.
“Kişi partnyor tapmaq üçün daha həvəslidir, ancaq yoldan çıxmağa da meyillidir”
Onların nəyə görə daha tez vurulduqları sualına cavab verərkən, Marissa qadınların təkamül baxımından anlaşılan səbəblərdən dolayı daha ehtiyatlı davrandıqlarını deyir. “Məncə, qadınlar kişilərlə qarşılaşdırdıqda sevgini özləri istəmədən təxirə salırlar. Qadın əgər uyğunsuz adamla ilişki qurarsa, reproduktiv baxımından daha çox şey itirə bilər. Qadın bəlli miqdardakı yumurtalıqlarla doğulur, kişi isə əksinə, gündəlik olaraq saysız sayda sperma istehsal edə bilər”.
“Əgər qadın uşağa diqqət etməyən layiqsiz partnyor tərəfindən hamilə qalarsa, bu, ona çox baha başa gələ bilər”.
London Tibb Mərkəzinin psixoloqu İngrid Kollins erkək davranışının heyvan toplumunda da rol oynayan təbii aspektlərə yaxın olduğunu deyir: “Erkək əksər vaxt ovçudur və dərhal təhrik olunmağa daha çox meyillidir. Qadın isə uzunmüddətli stabilliyə daha çox köklənib, çünki bu uşaq böyütmək üçün daha məqbuldur”.
Araşdırmaçı Neil deyir ki, tez “aşiq olmaq” ərazi iddiasi metodu da ola bilər. “Erkəklərdən ötrü bu istək əlaqəni bacardığın qədər tez qurmağa və daha az təzyiqlə birinci “hüququ əldə etməyi” təmin edə bilər, qadınlar üçün isə bundan ötrü potensial baxımdan daha çox fiziki və emosional investisiya tələb olunur”.
“Mən səni sevirəm” söyləmək aktına gələndə isə, Neilin inancına görə, kişilər həm də ona görə birinci tərpənirlər ki, qadınlar riskdən qaçırlar: “Böyük ehtimalla onlar bu cür dərin duyğulu emosiyaları özlərini təhlükəsizlikdə duyana və ilişkiyə başlamağa əmin olana qədər dilə gətirmək istəmirlər. Sənin digər yarına sevgini izhar etməyin risklidir, çünki biz heç zaman onun da eyni şeyi yaşadığından tam əmin olmuruq“.
Təkamülçü essensializmdən başqa, bunun səbəbi həm də kişinin dominant olmaq üçün tərbiyə olunmasından qaynaqlana bilər: “Sən hökmlü və hökmran olmağın “erkək özəlliyi” sayıldığını və bunun oyunda sosial norma kimi qəbul olunduğunu iddia edə bilərsən”.
Buna baxmayaraq, heteroseksual kişi sadəcə olaraq aşiq olduğunu düşünürsə belə, bu, sevginin uzun müddət davam edəcəyinə zəmanət vermir. “Mən terapevt kimi öz təcrübəmə əsasən deyə bilərəm ki, kişi partnyor tapmaq üçün daha həvəslidir, ancaq yoldan çıxmağa da meyillidir”.
Marissanın araşdırması heteroseksual kişilərin sevgidən tez soyuyub-soyumadıqları sualına cavab vermir, ancaq onun düşündüyünə görə, onlar çox güman, qadın partnyorları ilə qarşılaşdırdıqda bir ilişkidən başqasına daha asan keçirlər: “Məsələn, kişi eyni vaxtda 5 qadınla sekslə məşğul ola bilər və onların hamısı da hamilə qala bilər, ancaq qadın beş kişi ilə sekslə məşğul olsa, yalnız bir kişidən hamilə qala bilər”.
Ancaq o həm də vurğulayır ki, bu sədaqətsizlik həyatda qalma instikti kimi qəbul olunmur və olunmamalıdır. “Bu gün əgər kişi qadınla ilişkiyə girirsə, ya da qadın kişi ilə ilişkiyə girirsə, onun modern preferental korteksi bu əlaqəni saxlamağa imkan verir. Yəni demək istədiyim budur ki, təkmilləşmiş istəklər partnyora sədaqətsizliyə, ya da onun tərk ediləcəyinə rəvac vermir”.
Daha sadə dillə desək: kişilər öz xəyanətlərinə “növlərin sağqalması“, ya da təkamül bəhanəsiylə haqq qazandırmamalıdırlar. Kişilər artıq mağara insanları deyillər – onların beyni arzularına nəzarət etmək üçün yetərincə təkamül edib.
Ancaq hər halda, onlar, yəni kişilər böyük ehtimalla birinci olaraq “Mən səni sevirəm” deyəcəklər.