Praktik Psixologiya: Duyğu, Yuxu, Bədən, Düşüncə və Nəfəs

Duyğu

Təəssüf ki, məktəbdə uşaqlar ancaq məntiqə yönəldilir, insan üçün önəmli sfera sayılan duyğu sisteminə isə tamamilə diqqət yetirilmir. Orta insana bu situasiyada hansı hissi keçirirsən sualını verəndə isə çaşıb qalır. Ya da ki, cavab çox vaxt belə olur: şok oldum, əsəbləşdim – hissin adını bilən çox az adam olur. İfadə olunmamış hisslərin isə içəridə yığılıb qalaraq, müəyyən fəsadlara yol açması xüsusiyyəti var. Bizi idarə edən hisslərdir. Hirsləndim – qışqırdım, peşman oldum – ağladım, günahkarlıq hissi keçirtdim – özümü cəzalandırdım, sevindim – rəqs etdim və b.

Neyro-bioloqların apardığı araşdırmalara görə hisslərin adını çəkib, sözlə ifadə etmək onların insana təsirini azaldır. Psixoterapiyadan sonra insanların özünü yüngül hiss etməsi də məhz bununla əlaqədardır, çünki diqqətdən kənarda qalmış duyğular dərk edilib ifadə olunaraq neytrallaşdırılır. Əgər hər hansı bir situasiyada özünüzü pis hiss edirsinizsə – neqativ hisslərinizi müəyyənləşdirin. Nədir bu? Kədər, həyəcan, qəzəb, inciklik, kin və b. Duyğularınızın fərqinə varsaz (türklər demiş), onları ifadə etsəz – artıq özünüzü yüngül hiss edəcəksiniz.

Yuxu

Yuxunun şüuraltı proseslərdən xəbər verdiyini və təxmini 88 % şüuraltı , 12 % şüurun bizi idarə etdiyini biliriksə, onda şüuraltının verdiyi atmacaları şüurlu sürətdə istifadə edə bilərik. Yarı həyatımızın yuxuda keçdiyini nəzərə alsaq nə qədər dəyərli vaxtdan istifadə etməməyimiz israfçılığa bərabərdir.

PROSES: oyaq vaxtda şüurda gedən proseslər psixikamızın müdafiə mexanizmləri sayəsində şüuraltıya itələnir, şüuraltınınsa gecə şüur sönəndən sonra fəaliyyəti güclənir.

Şüuraltımız yuxu vasitəsilə bizə xəbərlər göndərməyə çalışır. Burda müxtəlif qorxular, baş verən situasiyaların həyəcanı, sıxışdırılmış niyyətlər, arzular və istəklər də yer alır. Əgər yuxunun verdiyi məlumatlardan düzgün istifadə etsək, baş verən hadisələrin açarını tapmış olarıq. Yuxuda bizi çoxdan maraqlandıran sualların cavablarını da ala bilərik. Bəşəriyyət üçün vacib olan bir sıra ixtiraların yuxuda xəbər verildiyini də nəzərə alsaq (Mendeleyev cədvəli, insulin, benzolun strukturu, bir sıra ədəbi əsərlər və s) yuxudan istifadə etməyərək nə qədər ideya və ixtiraların boşa getdiyinə ancaq heyfsilənmək qalır.

Yuxu ilə işləmə texnikalarından 2-si:

  1. Hər gün yuxuda gördüklərinizi yazaraq, həm şüuraltınızdakı problemləri üzə çıxara, həm də özünüzü analiz edə biıərsiniz;
  2. Sizi maraqlandıran sualın cavabını bir neçə gün gecə yuxuya gedərkən şüuraltınıza sual verərək cavab ala bilərsiniz. Adətən cavab səhərə yaxın saatlarda şüurla şüuraltının “toqquşduğu” vaxtlarda gələ bilər. Əgər hər hansı informativ yuxunu görürsünüzsə onu ya yaxşı yaxşı yadda saxlayırsınız, ya da tənbəllik etməyib , yaddan çıxmaması üçün ayağa durub yazırsınız.

Bunu təcrübə etsəniz, nə qədər yeni ideyalar gəldiyini hiss edəcəksiniz və əgər ideyaları həyata keçirsəniz, şüuraltınızla dostlaşıb yeni informasiyalar alacaqsınız. 

Bədən

Psixologiyada orqanizm tamlıq kimi başa düşülür. Onu hissələrə bölmək sünilikdir. Yəni başda olan proseslərin bədənə, bədəndə olan proseslərin isə başa təsiri var.

“Bütün xəstəliklər əsəbdəndir” kəlməsi hər kəsə məlumdur. Tibb və psixologiyanın Psixosomatika istiqaməti psixoloji faktorların somatik (bədən) xəstəliklərin yaranmasına birbaşa təsir göstərdiyini öyrənən sahədir.

Klassik psixosomatik xəstəliklərdən əlavə (astma, hipertoniya, mədə xoraları, zob, neyrodermit, artrit) xərçəng, diabet, ürək-damar və digər xəstəliklərin də psixoloji kökü olduğu müəyyən edilib.

PROSES: Uzunmüddətli neqativ emosiyalar, stres, kədər, müxtəlif həyəcanların, emosiyaların sıxışdırılması daxilə gedərək psixosomatik xəstəliklərin yaranmasına səbəb olur.

Nə qədər ki, insan öz hisslərini başa düşüb və dərk etmirsə bir o qədər psixosomatik xəstəliyə tutulma ehtimalı böyüyür.

Yardımçı üsul:

  1. Hər hansı hadisəyə qarşı nə hiss etdiyinizi dərk edin;
  2. Həmin hissin bədəndə harda yerləşdiyinə diqqət yetirin (diqqətli olun, yoxdur deməyə tələsməyin, onun yeri hardasa bədəninizdədir);
  3. Onu dərindən öyrənin – nə rəngdədir, bərkdir ya maye, forması nədir -yumru, kvadrat və s..);
  4. Hiss etdiyinizi kağızda çəkin. Sonra həmin kağızı qaralayıb cırıb ata bilərsiniz. Xeyli yüngülləşmə hiss edəcəksiniz.

DİQQƏT: Bu ancaq hisslərdən azad olunmanın yüngül yoludur. Daha ciddi xəstəliyiniz varsa, tibbi müalicə vacibdir! Bəzi xəstəliklər isə tibbi müalicə və psixoterapiyanın köməyi ilə kompleksli şəkildə müalicə olunur.

Düşüncə

Hisslərimizi düşüncəmiz idarə edir. Əgər hər hansı bir hissimiz varsa, o birdən-birə yaranmayıb. Hissin yaranmasına müəyyən bir hadisə və hadisəylə bağlı fikir səbəb olur. Məsələn, əgər yolda “probkada” qalmısınızsa və arxadakı maşın dayanmadan siqnallayırsa – bu hadisədir. Bu hadisəylə əlaqədar biz siqnallayan şəxs haqqında fikir yürüdürük, məsələn – “görmürsən ki, “probkadır”? Bu fikir də bizdə hiss yaradır (qəzəb). Amma əgər biz bilsəydik ki, bu adam xəstəxanadakı qohumu üçün tələsir – belə bir informasiyamız olsaydı, ona qarşı fikrimiz dəyişəcəkdi və avtomatik başqa hisslər keçirəcəkdik. Yəni, müəyyən hisslər keçiririksə, biz diqqətimizi fikrimizə yönəltməli, həmin fikirlərin düz olub-olmadığını yoxlamalı, əgər səhvdirsə dəyişdirməliyik. Onda avtomatik olaraq hisslərimiz də dəyişiləcək.

Bundan əlavə psixologiyada üzdə olan fikirlər, avtomatik fikirlər və inanclar da var. Üzdə olan fikirləri şüurla dərk ediriksə, avtomatik fikirlər və dərin inanclar bizim şüuraltımızda oturub və həyatımızı idarə edir. Psixoterapiyanın məqsədi həmin dərində yerləşən inancları tapıb çıxararaq, insanın həyata baxışını dəyişdirib, onu yeni səviyyəyə çıxarmaqdır.

Nəfəs

Harda oluruqsa, olaq – nəfəs bizimlədir. Günümüzün qaçaqaçında biz onu yaddan çıxarırıq, amma nəfəssiz yaşaya bilmədiyimizi də bilirik.
Hər gün 10 dəqiqə vaxt ayırıb nəfəsimizə diqqət yetirsək, həm sakitləşər, həm də stressə qarşı profilaktika edə bilərik. Bununçun gündəlik nəfəs meditasiyaları etmək kifayətdir.

Məncə nəfəsimiz günümüzün 10 dəqiqəlik zamanına layiqdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.