“Paris – yaşamaq üçün bayramdır. Gəncliyində Parisdə olmaq xoşbəxtliyinə çatmısansa, onda onu ömür boyu ürəyində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir”. (Ernest Heminquey – amerikalı yazıçı və jurnalist)
Keçmişdə Lütesiya adlanan şəhərin özülünü eramızdan qabaq III yüzilliyin ortalarında parisi tayfaları qoyub. İndiki adı isə parisilərin adından götürülüb.
Eramızdan qabaq 53-cü ildə romalılar birinci uğursuz çalışmadan sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərinə od vuraraq körpüləri yox ediblər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salıblar.
Roma imperiyası zamanında şəhər bir o qədər də önəmli olmayıb. Ancaq sonradan – Roma imperiyasının dağılması ilə, bir sıra qala divarları, Luvr qəsri tikildikcə, XI yüzillikdən başlayaraq Paris Avropanın mədəni-maarif, dini mərkəzinə çevrilir.
Bugünkü müsahibimiz 16 yaşından rəngarəngliyi, sərbəstliyi ilə tanınan və sevilən, uşaqlıqdan bu yana Fransanın paytaxtında yaşayan Məryəm Osmanovadır.
Məryəm Osmanovanın 21 yaşı var. Parisdə dəb dizaynerliyi üzrə təhsil alıb, indi moda sahəsində işləyir və öz “Instagram” səhifəsi üzərindən həyatını və tərzini paylaşır. Müsahibimiz 10 ildir Parisdə yaşayır.
Məryəm Osmanovanın dilindən Paris həyatı
Fransaya gələndə 11 yaşım yenicə olmuşdu. Parisə gəlmək valideynlərimin qərarı idi. Məktəbdə bir sıra anlarda çətinliklər olsa da, öyrəşmək çox da çətin olmadı. Dili də asanlıqla öyrəndim.
İlk dəfə ora gedəndə valideynlərimdən Afrikada olub-olmadığımızı soruşmuşdum. Çünki Parisdə çox qaradərili insan var və mən ilk dəfə idi ki, həyatımda bu qədər dərisi qara rəngli insan görürdüm. Lakin bir neçə ay keçmədən artıq normallaşdı.
Parisdə ən çox sevdiyim odur ki, insanlar bir-birinə xırda bir şey üçün çox təşəkkür edir, xırda rahatsızlıq verdiklərini düşünən kimi üzr istəyirlər. Lakin sevmədiyim məsələ odur ki, parislilərdə çox da yaxınlıq, doğmalıq duymuram.
Fransız, ərəb, afrikan, rus, türk – bir çox millətdən dost-tanışım var. Ən yaxın rəfiqəm Albaniyalıdır. Lakin daha çox azərbaycanlılarla əlaqə qurmağı sevirəm.
Fransa ilə bağlı yayılan bir sıra yanlış stereotiplər var. Belə ki, Fransa dünyada ilk şərab düzəldən ölkə olsa da, çox şərab içən millət deyil. Və bütün fransızlar başında beret ilə gəzmir. Ən başlıcası isə, irqçi millət deyil.
Parisdə insanlar Sena çayının qırağında oturub pivə içməyi sevirlər. Yaşlı adamların ən çox sevdiyi, əsrlərdir davam etdirdikləri məşğuliyyət dəmir top oyunlarıdır (Les Jeux de boules). Bundan başqa, kino, tarixi abidələri gəzmək, idman etmək ən əsasdır.
Burada yaşıdlarım da, yaşca daha böyüklər də sadə və yaşlarına uyğun geyinirlər. Azərbaycandan fərqli olaraq, qır-qızıldan az istifadə edirlər, etdikləri zaman da incə və sadə şəkildə. Makiyaj da eynilə. Fikir verdiyim qədəriylə, Azərbaycanda makiyaj + kirpik + qaş, nəticə olaraq sonda hər kəs bir-birinə oxşayır.
Parisdə ən çox “Montmarte” qəsəbəsini, Jardin des Tuileries parkını və “Notr Dam” qəsəbəsini sevirəm. “Montmart”-də “Sacre Coeur” abidəsinə tərəf çıxıb, bütün Parisi görmək olur. “Jardin des Tuileries”-də isə yaşıllıqların, şəlalənin qırağında oturmağı sevirəm.
Qabaqlar avtobus və metrolarda qəzet və kitab oxuyanların sayı çox olurdu, indi azalıb. Parisə gələndən burada texnoloji dəyişiklikləri izləmişəm. 1-2 il öncə Eyfelin altından rahat keçmək olurdu, indi isə ətrafı şüşədir və insanlar sırada gözləməli, kontroldan keçməlidirlər.
Bakıda yaşayan qohumlarım üçün, dəniz, həyətdə samovar çayı üçün darıxıram.
Ortalama maaşa baxdıqda burada yaşamaq çox baha deyil. İldə iki dəfə – yayda və qışda böyük endirimlər olur. Bundan başqa, ehtiyacı olanlara məktəb, ev kirayəsi, xəstəxana, nəqliyyat üçün yardımlar var.
Plan qurmağı sevmirəm, məqsədlərim var. Əsas məqsədim azad gələcək və yaşamdır. Hələki gələcəyimi Fransada görürəm.