Dəb (ya da ölçü, obraz, tərz) anlamını verən Moda sözü (fransızca mode, latınca modus) – həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbul olunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət boyunca toplumda məşhur olan üslub və ya geyim, düşüncə, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və b. göstərə bilərik. Moda anlayışı həmçinin indiki dövrlə bağlı insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl sayılırdı, XXI yüzilliyin başlanğıcında isə incə bədənli insanlar gözəl sayılırdı).
Modanın Tarixi
Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz çağlarına görə modanın əlamətləridir.
Krım ərazisində aparılan arxeoloji qazıntılar zamanı eradan öncə üçüncü və beşinci yüzillərə aid rəngli, xətli və fərqli naxışlardan parçaların tapılması hələ o zaman da modanın var olduğunu ortaya qoyur. 14 və 15-ci yüzillərə qədər biçilərək tikilmiş geyimlərə çox az rast gəlinirdi. Bu tarixlərdən sonra geyimlərdə işləmə tərzində özəl işarələr özünü göstərməyə başladı. On beşinci yüzildən sonra dərzilik sahəsində yeni inkişaf ortaya çıxdı.
19 və 20-ci yüzillərdə isə bu işlərlə məşğul olmaq xüsusi ixtisas sahəsi halına gələrək “Moda evi” adı altında ortaya çıxdı. Moda xalqların keçmişinə aid adət-ənənə və sənət yönündə meydana gətirdikləri yeniliklərin yanında zövqləri, namus və əxlaq anlayışları, iqtisadi vəziyyətləri haqqında da gələcəyə məlumat verməkdədir. İyirminci yüzilin yarılarından sonra moda bir çox mövzularda insanlara önçülük edən, hətta onları istiqamətləndirib çeşidli davranışlara sövq edən ən vacib faktorlardan oldu. Bu baxımdan geyim və ya bəzəkdə görüldüyü kimi düşüncə sahəsində insanların davranışlarında bu kimi axınlar təsirli olmağa başladı. Misal üçün gənclər arasında vaxtilə yayılmış “Hippy” , “Pop” , “Punk” , “Heavy Metal” kimi adlarla bağlı cərəyanlar da bunlardandır.
İndi Paris, Milan, Nyu-York və London şəhərləri moda dünyasında qəbul olunmuş dörd başlıca dəb paytaxtı sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin düşərgələri yerləşir. Adları çəkilən şəhərlərdə Moda həftələri keçirilir və tanınmış dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçı auditoriyalarına nümayiş etdirirlər. Coco Chanel və Yves Saint Laurent kimi tanınmış dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir.
Son illərdə Asiya dəbi də yerli və dünya bazarlarında geniş vüsət almağa başlayıb. Belə ki, Çin, Yaponiya, Hindistan və Pakistan kimi ölkələrin geniş tekstil sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi Asiyada yerli ideyalara əsaslanaraq istehsal olunan parça növləri birbaşa satış bazarlarına çıxarılır.
Geyim dəbi – nisbətən qısa vaxt ərzində geyim forma və nümunələrin dəyişkənliyi sayılır. “Dəbli geyinmiş” ifadəsi (Fr à la mode) XVII yüzillikdən bu günədək istifadə olunur. Məhz o zamandan Fransız geyim dəbi bütün Avropa ölkələrinə nümunə olur. İncəsənət nöqteyi nəzərindən, bir obraz yaratmaq üçün müxtəlif elementləri (saç üslubu, geyim materialları, stil, rəng, aksesuarlar) özündə birləşdirdiyi üçün, Dəb konseptual sənətə daha yaxındır. Geyim dəbi, bədən növünü vizual dominant ideallara yaraşdırma ilə bağlıdır. Məsələn, Avropada gənc qızların bədənləri korset vasitəsiylə deformasiya olunurdu. Geyimdə krinolindən istifadə ləyaqət və sosial statusu vurğulayırdı. Şleyf, ya da paltarın üslubu müəyyən bir səviyəyə aid olmağın göstəricisi idi.
Moda Həyatın Özüdür
Evinizdəki xalçalardan eynəklərinizə, elektronikadan getdiyiniz filmə qədər – hər şey mövcud, ya da keçmiş bir modanın təzahürüdür. Ümumi olaraq, “istehlak” anlayışı da deyə bilərik. Yəni, nəyi necə istifadə etməli olduğumuzu təyin edən yazılmamış qanunlardır. Lakin hər kəs öz qanununu özü yazır. Hər kəsin stili özünün modasıdır.
Moda Nədir?
Moda – bu anlayış müxtəlif zamanlarda müxtəlif cəmiyyətlərdə meydana gələn geyim stillərini özündə ehtiva edir. Ümumi anlayışlar: incəsənət, memarlıq, ədəbiyyat və yemək kimi bir çox mövzudan ibarət ola bilir. Bir müddət əksər insanlar tərəfindən bəyənilən bir şey də bu cür adlandırıla bilər. Moda sadəcə geyim deyil. Makiyajın da modası var, çantaların da.. Musiqi, ədəbiyyat, kino, teatr, alış-veriş kimi bu cür fəaliyyət növləri də bu anlayışa daxildir. Məqsədi, paltar və ya aksessuarların lazımlı olması deyil, fərqli olmasıdır. Bu anlayış qadın və kişilər üçün fərqli olsa da “unisex” adlandırılan, həm kişi, həm də qadına xitab edə bilər. Libaslar sizi soyuqdan qoruyur, bədənlərinizin kamuflajıdır, başqa insanlardan fərqlənməyizi təmin edər. Həmçinin onlar sizin duyğularınızı, xarakterinizi və zövqünüzü də özündə əks etdirir. Bu da ümumi anlayış olaraq “moda” adlandırılır.
Moda haqqında bəzi məlumatları sizinlə paylaşaq:
- Bu sözün mənası, latıncadan tərcümədə “İndi, bu dəqiqə” anlamını verir.
- İtalyancada “bəzənmə”, “dəyişiklik ehtiyacı”, “həyatın keçici yeniliyi” deməkdir. Paltarlardakı bu axın qədim Romada və Orta yüzilliklərdəki iqtisadi və sosial dəyişikliklər zamanı meydana gəlmişdir.
- Orta Asiya və Uzaq Şərqin geyim stillərindən ilham alan Türklər, Xl yüzillikdə Orta Şərqdəki paltar seçimlərinin ilham mənbəyi olub.
- Rəsmi geyim trendi Birinci leydi Jacqulin Kennedi vasitəsilə 1960-cı ildə yaranmışdır.
- Ən uzun ömürlü və uğurlu moda jurnalı 1892-ci ldə ABŞ-da yaradılan “Vogue” jurnalıdır.
- “Unisex” geyim stili Pier Cardin və Rudi Gernreich kimi dizaynerlərin sayəsində 1960-cı illərdə ərsəyə gəlib.
- Dünyada modanın paytaxtı kimi tanınmış şəhərlər: Nyu-York, Paris, Milan, London, Dubay, Berlin, Tokio, Mayami, Madrid, Roma, Sidney, Barselona, Vyana, Yeni Delhi, Los-Angels.
- Çağdaş həyatımızda geyinilə bilən texnologiya önəmli bir trend olub.
Gələcəkdə paltarlar günəş enerjisi ilə enerji yığacaq, havaya görə rəng və naxışlarını dəyişdirəcək.
“Pantone” Rəng İnstitutu 2019-cu ilin trend rəngini müəyyənləşdirib. Hər il bir rəngi ön plana çıxararaq modaya liderlik edən “Pantone” 2019-cu il üçün “Mərcan” (Livin Coral) rəngini seçib. Yumşaq və enerji verən bir rəng olan “Mərcan” rənginin on iki növü vardır. Bunlardan çəhrayı və narıncı çalarları və zəngin qırmızı-portağalı ən çox yayılanıdır. “Pantone” mütəxəssisləri yaradıcılığa və yeni təcrübələr əldə etməyə təşviq edən bu rəngin qarşıdakı mövsüm mağaza vitrinlərində tez-tez qarşımıza çıxacağını bildirib.