Biz uşaqlıqdan sevgi olarsa evliliyin yağ-bal kimi gedəcəyinə inanmışıq, ancaq reallıq budur ki, evlilik çoxlu güzəştlər tələb edir”
– Rakuel Velç
“Sevgi və evlilik bir-birini tamamlayır” anlayışı hələ də yayğındır, lakin gün keçdikcə buna əks arqumentlər də çoxalır. Ona görə də biz əsl sevgi deyəndə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq.
Sevgi və Evlilik Arasındakı Əlaqə
“Yaşa dolduqca, insan irqinin evli olmadığım nümayəndələri ilə daha az vaxt keçirmək istəyirəm”
– Robert Brault
Evlilikdə sevginin şərt olması ilə bağlı fikir əslində təzəlikcə ortaya çıxıb. Evliliyin tarixiylə bağlı kitab yazan Stefani Kuntz (2005) bu fikrin toplam iki yüzillikdir ki, geniş yayıldığını bildirir: “İnsanlar daim bir-birlərini seviblər və yüzilliklər boyunca cütlüklər arasında ürəkdən gələn məhəbbət olub. Lakin tarixdə çox nadir hallarda sevgi evlilik üçün başlıca şərt sayılıb”.
Kuntz sonra davam edir: “Bir çox mədəniyyətlərdə sevgi evliliklə ortaya çıxan və arzulanan bir şey sayılıb, ancaq evlənmək üçün ilkin şərt olmayıb”.
Oxşar şəkildə Paskal Brukner (2013) iddia edir ki, keçmişdə evlilik müqəddəs sayılırdı, sevgi isə ümumiyyətlə mövcud olarsa, ancaq bonus kimi yaxşı sayılırdı. İndiki dövrdə isə sevgi evlilik üçün başlıca şərt kimi qəbul olunur, çoxlarına görə sevgi müqəddəsdir, evlilik isə ikinci yerdə gəlir.
Eyni zamanda da evliliklərin sayı azaldıqca, boşanmaların, evli olmayan partnyorların və tək valideynli ailələrin sayı artır. Brukner sevginin evliliyə qalib gəldiyini, indi isə ola bilsin ki, onu kökündən yox etmək üzrə olduğunu yazır.
Coşğun romantik sevgini evlənmək üçün başlıca şərt kimi görmək evliliyi dəyərə mindirib, onu yaşamımızın birinci prioritetinə çevirib. Lakin bununla belə, evlilikləri sürüşkən və qeyri-müəyyən edib. Bir çox cütlüklərdən ötrü əgər ortada coşğun sevgi yoxdursa, evliliyi sonlandırmaq adi bir şeydir.
Ailə və Sevgi Münasibətlərindəki Çatışmazlıqlar
“Evlənincəyə qədər əsl xoşbəxtliyin nə olduğunu bilmirdim. Evlənəndə isə artıq çox gec idi”
– Maks Kauffman
Sevgini evliliyin başlıca şərti kimi dəyərləndirməkdə iki əsas çatışmazlıq var:
- Evlilik sevgidən əlavə başqa önəmli faktorları özündə toplayan yaşayış formasıdır.
- Coşğun məhəbbət bizim həyatımızda çox qısa dövrlük bir təcrübədir, ona görə də sevginin uzunmüddətli aspektləri böyük önəm daşıyır.
Birinci çatışmazlıq odur ki, evlilik müəyyən sosial-iqtisadi şəraitdə mövcud olan ictimai çərçivədir və cütlüklər bunu mütləq nəzərə almalıdırlar.
İkinci qüsur isə odur ki, coşğun məhəbbət qeyri-stabil, həyacanverici və qısadır, buna görə də mahiyyət etibarilə evliliyin sabit, rutin və uzunmüddətli təbiətinə ziddir. Bu çatışmazlıqların kombinasiyası isə belə bir iddianın ortaya çıxmasına səbəb olur ki, sevgini evliliyin təməli kimi görmək sonda məyusluğa gətirib çıxarır.
Birgəyaşayış formasına sevgidənsə evliliyin (ya da məsuliyyətli münasibətin başqa növlərinin) daha uyğun gəldiyi aydın ortadadır. Evlənərkən başqa aspektləri də, məsələn, partnyorun ailəcanlı və yaxşı valideyn olmaq ehtimalını da nəzərə almaq gərəkdir.
Əslində, tarix boyunca evliliyə insanın statusunu və maddi zənginliyini artırmalı olan – ən azı azaltmayan – “müqavilə” kimi baxılıb. (Bu səbəbdən Sindrella mövzusundakı müxtəlif hekayətlərə baxmayaraq, “özündən aşağıda olan” birisiylə evlənmək nadir hallarda olub). Buna görə də belə hesab edilib ki, sevgiyə görə evlənmək insanları önəmli məsələlərdə kor edə bilər. Belə bir deyim də var: “Sevgiyə görə evlənənlərin yaxşı gecələri, ancaq pis gündüzləri olur”. Kuntz vurğulayır ki, Maarifçilik hərəkatı “sevginin asta-asta, heyranlıqdan, sayğıdan və bir insanın yaxşı xarakterinə görə ortaya çıxdığı” barədəki düşüncənin aktuallaşmasına səbəb olub.
Sosial-iqtisadi mülahizələr evlənmək qərarı verilərkən görməzdən gəlinməyəcək hər cür xarici şərtlərlə bağlıdır. Bizim cəmiyyətdə isə bu cür mülahizələrin hörməti gün keçdikcə aşağı düşür, sevgi ilə bağlı mülahizələr isə güclənir.
Ailənin qurulmasında və saxlanılmasında sevginin əhəmiyyəti Qərb və qərbləşmiş toplumlarda çox güclüdür, bu ölkələrdə yaşayış standartları yüksəkdir, evlilik və boşanma standartları da yüksəkdir, ancaq uşaq dünyaya gətirmək göstəriciləri aşağıdır (Berşeyd 2010).
Modern toplumlarda yaşayış şərtlərinin yaxşılaşmasını nəzərə alanda, sosial-iqtisadi faktorların sevgidən daha az önəmsiz qəbul edilməsi başadüşüləndir. Ancaq bu üstünlüklər tamamilə yoxa çıxmayıb – onlar artıran artıran faktorlar hesab olunur. Bir çoxları üçün sosial-iqtidasi statusu yüksək olan insanları sevmək daha məqbuldur; onlar üçün bu insanlar daha çox arzulanan və buna görə də seksual baxımdan daha cəlbedicidirlər.
Bəzi insanlar üçün ola bilsin, evlənmək məsələsində sosial-iqtisadi faktorların önəmi azalıb, çünki özləri özlərini təmin edə bilirlər. Bununla belə xarici faktorlar evlilik də daxil olmaqla istənilən məsuliyyətli münasibətə girməkdə hələ də müəyyən qədər rol oynayır.
Mənim fikrimcə, biz dərin və coşğun sevgi arasındakı fərqi ayırd edə bildiyimizdə yuxarıdakı çatışmazlıqlar yerinə oturur.
Əlaqə yaratmaq
“Ciddi, məsuliyyətli münasibətin gətirdiyi rahatlıq duyğusuna bərabər duyğu yoxdur”
– İris Murdok
Sevgiylə evlilik arasında əlaqə yaratmaq üçün intensiv coşğun məhəbbətin kəskin emosiyası ilə dərin məhəbbət duyğusu arasındakı fərqi ayırd etmək gərəkdir.
Bu duyğu təkcə kəskin emosiyanı davamlı, təkrar-təkrar yaşamaqdan ibarət deyil – o həm də bizim davranışlarımızı və mövqeyimizi həmişəlik formalaşdırır. Kəskin seksual istək çox qısa müddət davam edə bilər, lakin dərin məhəbbət davamlı olur, bizim ovqatımıza, davranışımıza və zamanla, məkanla olan əlaqələrimizə rəng qatır. Romantik coşğunluq kəskin emosiyaların anlıq dəyərini ifadə edir. Romantik dərinlik isə coşğun məhəbbətin tez-tez baş verən kəskin təzahürlərini uzunmüddətli ehtiva etməklə yanaşı, fərdlərin bir çox məsələlərdə inkişafını və çiçəklənməsini təmin edir. Romantik dərinlik özündə qarşılıqlı fəaliyyətləri birləşdirir, bunlar da cütlüklərin önəmli ehtiyaclarını qarşılamaqla onların uzunmüddətli inkişafına yol açır. Romantik təcrübənin dərinliyi onun hansı intensivlikdə hiss edilməsi məsələsində fərqlənir. Qısa seksual arzu romantik sevginin uzunmüddətli təcrübəsi ilə qarşılaşdırdıqda daha kəskin ola bilər, ancaq müqayisədə daha səthidir.
Evlilikdə sevgini əsas tutan yuxarıdakı çatışmazlıqlar güclü, coşğun məhəbbətin kəskin emosiyasını ehtiva edir, ancaq dərin sevgi duyğusunu yox. Susan Piz Qadua sevgiyə görə evlənməyin müdrik qərar olmadığını 3 səbəblə açıqlayır:
- Sevgi dəyişkən emosiyadır.
- Sevgi güclü bünövrə yaratmır.
- Sevgi “sənin bütün istəklərini” qarşılamır.
Mən düşünürəm ki, dərin sevgi anlayışı bu çatışmazlıqları doldura bilər.
Güclü, coşğun məhəbbət doğurdan da dəyişkən şərtlərdən asılı olan qısamüddətli emosiyadır – ancaq dərin sevgi duyğusu uzun illər davam edə bilən fenomendir.
Güclü, coşğun sevginin müəyyən sərhədlərinin olduğu, uzun illəri birlikdə keçirmək üçün yetərli olmadığı doğrudur. İki sevən arasında dərin uzlaşmanı təcəssüm etdirən dərin sevgi isə onlara birlikdə bir çox fəaliyyətlər göstərməyə və inkişaflarını təmin etməyə imkan yaradır.
Güclü, coşğun sevgi “sənin bütün istəklərini” qarşılamaqdan uzaqdır, lakin dərin sevgi həm fərd olaraq, həm də cütlük olaraq sevənlərin inkişafına yol açır.
Bu anlamda o, iki nəfərin başqa ehtiyaclarının da ödənməsinə gətirib çıxarır.
Avqustinin “Sev – və istədiyin hər şeyi elə” iddiası tamamilə doğrudur. Dərin sevgidə bütün fəaliyyətlər təbii olaraq sevgililərin çiçəklənməsinə gətirib çıxarır.
Bir insanın aşağı intellektini, çatışmayan mərhəmətini gözə almadan sevgi əsasında onunla evlənmək qısa müddətli perspektivdə çox romantik qərar sayıla bilər. Lakin uzunmüddətli perpektivlər nəzərə alınanda, bu qərar bir qayda olaraq iztirabla izlənilən romantik fəlakətə çevrilir.
Sevgi bizim həyatımızın və evlilik qərarımızın mərkəzində dayanmalıdır, məsuliyyətli münasibətlərə girərkən də həmçinin. Lakin uzunmüddətli xoşbəxtliyin və anlamlı yaşamın təməlində təkcə güclü, coşğun sevgi dayana bilməz, burada qarşılıqlı fəaliyyət, dərin qayğı və şəfqət, həmçinin az dərəcədə də olsa ciddiyət lazımdır.
Miqnon MakLaflinin dediyi kimi “Uğurlu evlilik həmişə eyni bir insanı təkrar-təkrar sevməkdən keçir”.
Fəlsəfə üzrə professor Aaron Ben-Zeev
Hayfa Universiteti