Qadın cəmiyyətin əsasıdır. Qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir.
Məhəmməd Peyğəmbər
Qadının cəmiyyətdəki statusu yüzilliklər boyu böyük mütəfəkkirlər, ədib və filosofların toxunduğu ən önəmli məsələlərdən biri olmuşdur. Təsadüfi deyildir ki, hələ qədim dövrlərdən bəri söylənən fikirlərin mərkəzində məhz qadın dururdu. İlk baxışdan, cəmiyyətin zərif, incə məxluqu sayılan qadına bu cür diqqəti təqdirəlayiq hesab etmək olar. Əgər… Əlbəttə ki, əgər bu fikirlərin cəmiyyətin qadına münasibətində oynadığı mənfi rolu nəzərə almasaq. Bu cəhətdən böyük mütəfəkkirlərin söylədiyi fikirlərə nəzər yetirmək maraqlı olardı: “Qadın Cəhənnəmin qapısıdır və o bir maldır” (Əflatun), “Qadın kişilər böyük işlər bacarmasın deyə yaradılıb. O yaradılmasaydı, kişilər ilahiləşə bilərdi” (Siseron), “Qadın yaradılışda bir xətadır” (C.Milton, “İtirilmiş Cənnət”) və b. Bu siyahını uzatmaq da olar. Əlbəttə, indiyədək bu mövzuya müəyyən dərəcədə diqqət ayrılsa da, bu fikirlərin mənbəyi hələ yetərincə araşdırılmayıb. Bəziləri bu fikirləri dinlə, bəziləri isə dini inanclardan öncəki dövrlərlə əlaqələndirirlər. Bəs cəmiyyətdə bu cür fikirlərin yaranmasının səbəbi nədir, ya da səbəbkar kimdir? Bu suallara cavab vermək üçün qadının yaradılışı haqqında məlumat verən dini mənbələrə, yəni müqəddəs kitablara (Tövrata, İncilə, Qurani-Kərimə) müraciət edək.
Yuxarıda adı çəkilən kitabların hər biri eyni mənbəyə istinad etsə də, qadının yaradılışı haqqında fərziyyələr bir-birindən müəyyən qədər fərqlənir. Həm iudaizm, həm də xristianlığın müqəddəs kitabı sayılan “Əhdi-Ətiq”in “Yarlıq kitabı”nda dünyanın yaradılışı haqqında iki müxtəlif hekayətə rast gəlinir ki, bunlardan biri kitabın 1-ci, digəri isə 2-cı fəslində yer alır. “Möminlər və ateistlər üçün İncil” kitabının müəllifi Y.Yaroslavski bu hekayətlərin müxtəlif dövrlərdə müxtəlif xalqlar tərəfindən yaradıldığını (yəhudilər bu hekayətləri babillilərin əsarətində ikən mənimsəmiş və “Varlıq kitabı”na əlavə etmişlər), bu səbəbdən onların bir- biri ilə ziddiyyət təşkil etdiyini irəli sürür. Aparılan araşdırmalara görə, kitabın 2-ci fəslindəki 1-ci hekayət bir neçə min il bundan öncə Akkadiyada, 1-ci fəsildə yer alan 2-ci hekayət isə birincidən çox-çox sonralar Babilistanda yaranıb. Məhz bu səbəbdəndir ki, qadın ilə kişinin yaradılışı 1-ci hekayətdə eyni zamanda baş versə də, 2-ci hekayətdə qadının kişidən çox sonra onun qabırğasından yaradıldığı vurğulanır. 2-ci hekayətə görə, guya belə olmasaydı, heç bir kişinin arvadına qarşı məhəbbəti də olmazdı. Bu rəvayətə əsaslananlar, Adəmin, canlı vücuddan yaradıldığı üçün arvadına Həvva adını verdiyini də irəli sürürlər. Belə çıxır ki, ilk insan sayılan Adəm torpaqdan, onun həyat yoldaşı isə sümükdən yaradılmışdır.
Din ilə əlaqəsi olmayan bəzi mənbələrə müraciət edək. Amerikan şumeroloqu S.N.Kramerin interpretasiyasına görə, “İncil”də qaranlıq qalan bu süjet şumerlərin mifoloji mətnində daha dolğun verilir. Bu mətnə görə, tanrı Enkinin xəstə qabırğasının (şumer dilində – “ti”) sağaldılması üçün qabırğaya şəfa verən bir ilahə yaradılmışdır. Lakin şumer dilində “ti” sözü yalnız “qabırğa” mənasını deyil, həm də “həyat vermək” mənasını daşıyır. Həvva haqqında “İncil”dəki versiya da məhz bu ədəbi cinasa əsasən meydana çıxmışdır.” Azərbaycanlı etimoloq Ə.Fərzəli də məhz bu fikirdədir: “Adəmin gildən, Həvvanın da onun – Adəmin qabırğasından yaradılması haqqında dini əfsanə yəhudilərdən çox-çox qabaq qədim Şumer xalqlarının mifologiyasında öz əksini tapmışdır. Güman edilir ki, həmin əfsanə şumerlərdən akkadlara, akkadlardan da misirlilərə keçib”. Bu fikrə mifoloji lüğət və ensiklopediyalarda da rast gəlinir. Beləliklə, həmin əfsanənin yəhudilərə, başqa xristian və müsəlman ölkələrinə məhz bu yolla keçməsi ehtimal olunur. Buna baxmayaraq, etimoloq Adəmi həyatın – yaradılışın Od (Torpaq) başlanğıcı, Həvvanı isə Su (Hava) başlanğıcı adlandıraraq, suyun oddan törədiyini qeyd edir. O, dünyanın əzəldən iki qütblü (bir qütbü – Adəm, od, ata, digər qütb – Həvva, su, ana) olduğunu, bu ikili xassənin bir bütövü yaşatmaq üçün nəzərdə tutulduğunu bildirərək, bunu da öz növbəsində əski Oğuz-türk dünyasının ikili düşüncəsi – od və su inamı ilə əlaqələndirir. Lakin onu da qeyd edək ki, 6000 il bundan öncə meydana gəlmiş qədim Çin fəlsəfəsi – Fenşuyun fəlsəfi əsasını təşkil edən anlayışlardan biri – harmoniya və tarazlığı əks etdirən İn/Yan nəzəriyyəsinin simvolu Tay-Çidə də dünyanın və burada olan hər bir şeyin ikili xarakteri təsvir olunub. Burada simvolun tünd rəngli hissəsi – İn mülayim, mənfi, passiv qadın başlanğıcını, açıq rəngli hissəsi – Yan isə möhkəm, müsbət, təcavüzkar kişi başlanğıcını təmsil edir. Bu fikir Ə.Fərzəlinin “Dədə Qorqud yurdu” kitabında da öz əksini tapır: “Adəm – oddur, sağdır, Günçıxandır, müsbətdir, istidir, aktivdir, çoxdur, şirindir, həyatdır, Həvva isə sudur, soldur, Günbatandır, mənfidir, soyuqdur, passivdir, azdır, acıdır, ölümdür.” Maraqlıdır ki, Çin fəlsəfəsində də qadın suya, kişi isə oda bənzədilsə də, su oddan güclü hesab olunur. Bu cəhətdən, həm Oğuz-türk düşüncələri, həm də Çin fəlsəfəsi arasında əlaqə ortaya çıxmış olur ki, bu da Şərq fəlsəfəsini Qərb fəlsəfəsindən fərqləndirir.
Qadının arxetipi haqqında belə bir mülahizə də vardır ki, “Əhdi-Ətiq” “Tövratın bir neçə hissəsinin tərcüməsini ehtiva etdiyindən, Müqəddəs Kitabın mətnini qədim yəhudi dilindən tərcümə edərkən, faciəvi bir yanlışlığa yol verilmişdir. Belə ki, “qabırğa” sözü orijinalda (həmçinin, şumerlərin mifoloji mətnində – S.A.) istifadə olunan “bütün”-sözünün mənalarından biridir. Onun başqa, daha dəqiq mənası isə “kənar”, ya da “tərəf’ deməkdir. Belədirsə, kitabdakı məna tamamilə təhrif olunmuşdur desək, yanılmarıq. Deməli, orijinala əsaslansaq, qadın kişinin qabırğasından yox, kişi ilə eyni vaxtda, “Allah vahid insanı (androqini) iki hissəyə – kişi və qadına böləndə yaradılıb”. Bu, “Varlıq kitabı”nın 2-ci fəslindəki yaradılış haqqında 1-ci hekayətdə də öz təsdiqini tapır. Qədim Çin fəlsəfəsi – Fenşuyun prinsiplərini ehtiva edən qədim mətnlərdən biri – “İ Tzin” (“Böyük Dəyişikliklər Kitabı”) də bütün başlanğıcların başlanğıcını məhz bu şəkildə şərh edir: “Öncə Dao vardı, sonra o, kişi və qadın başlanğıcına, İn və Yana bölündü.” Burada biz müsəlmanların Müqəddəs Kitabı sayılan “Qurani-Kərim”in “Ən-Nisa” (“Qadınlar”) surəsinə müraciət etsək, görərik ki, kitabın Azərbaycan dilinə tərcüməsindən fərqli olaraq, V.Poroxovanın rus dilinə etdiyi daha dolğun tərcümədə deyilir: “Ey insanlar! Sizi tək bir candan xəlq edən və həmin candan da ona tay yaradan Allaha itaət edin.” Fikir versək, “Qurani-Kərim”də qadının qabırğadan yaradılması barədə heç bir məlumat yoxdur. Hətta bir hədisində Məhəmməd Peyğəmbər bu həqiqəti ifadə etmişdir: “Qadınlar kişilərin yarısıdır (İnnəmannisa şaqaiqur-rica)”. Hədisdəki “şaqaiq” kəlməsi isə tən ortadan ikiyə bölünmüş bir bütünün hissəsi deməkdir. Ancaq bu hissələr qətiyyən biri digərinin eyni deyildir. Bir sözlə, İslami dəyərlərə görə, qadın kişi ilə birlikdə bir vahidin iki bərabər üzüdür. Belə isə, qadın ilə kişinin bir bütövün yarısı olması nəzəriyyəsi bir daha təsdiq olunur.
Əsrlər boyu cəmiyyətdə qadın arxetipinin formalaşmasında rol oynayan fikirlərdən biri də qadının – Həvvanın kişini – Adəmi aldadaraq yoldan çıxarmasına yönəlmişdir. Dini mənbələrə müraciət etsək, bütün Müqəddəs Kitablarda günahın mənbəyi şeytan – iblis göstərilməsinə baxmayaraq, cəmiyyət hər zaman günahı Həvvada görüb, çünki şeytan Adəmi Həvva ilə yoldan çıxarmışdı. Lakin bəşəriyyətin sonuncu və ən mükəmməl dini sayılan İslamın Müqəddəs Kitabı “Qurani-Kərim”ə əsasən, Adəmin ilk səhvində, ilk insanların Cənnətdən qovulmasında günahkar qadın deyil, onların hər ikisi – həm Adəm, həm Həvva Allaha itaət etməyərək günah işlətmiş, tövbə etdikdən sonra isə bağışlanmışlar. Hətta bir ayədə yalnız Adəmin təqsirləndirildiyi qeyd edilir: “Şeytan ona pıçıldayaraq dedi: “Ey Adəm! Sənə (heç zaman) bitib-tükənməyəcək əbədiyyət və güc ağacını göstərimmi?” Və onların hər ikisi ondan daddılar… Beləcə, Adəm öz Rəbbinin sözündən çıxdı və doğru yolunu azdı. İlk baxışdan belə nəticəyə gəlmək olar ki, qadın arxetipinin ortaya çıxmasının əsl səbəbi dinin yanlış şəkildə şərh olunmasıdır. Lakin əsl səbəb İslamaqədərki dinlərin qadına qarşı yanlış mövqe tutmasıdır. Belə ki, “Əhdi-Ətiq”ə müraciət etsək, burada qadının adı kitabın yalnız qulluqçu və ev heyvanlarından bəhs edən fəslində çəkilir. Səbəb isə o idi ki, kişini günaha batırdığına görə bəzi İsrail mənbələrində qadın haqqında verilən hökmə əsasən, o, mütləq lənətli sayılmalıydı. Buna görədir ki, hələ qədimdə Yunanıstanda və Romadakı bütün xristian monastırlarında rahiblər bəkarət andı içərək murdar məxluq, “şeytan damarı” və b. adlandırılan qadına toxunmamağı əhd edirdilər. Belə düşüncə tərzi qadını yunan mədəniyyətində bir əşyaya, Roma mədəniyyətində isə qula çevirmişdi. Hətta yunan filosofu Platon hər gün Allaha şükür edirdi ki, onu qadın yox, qul yox, azad kişi xəlq edib. Mömin yəhudi indi də gündəlik duasında onu qadın yaratmadığına görə Allahına şükür edir.
Əvvəldən qadın ərinin xüsusi mülkiyyəti sayılıb, heç bir hüquqa sahib olmayıb. Bu isə cəmiyyətdə çox xoşagəlməz ənənələrin yaranmasına yol açıb. Məsələn, qədimdə yəhudilər kimi bir sıra xalqlarda belə bir ənənə mövcud idi ki, qardaşın ölümündən sonra digər qardaş, yaxud yaxın qohum onun dul arvadı ilə evlənməli idi. Qadın sanki bir miras kimi öz təsərrüfatı və torpaq sahəsi ilə birgə əldən-ələ ötürülməyə məhkum idi. Qeyd edək ki, bu ənənə yəhudilərlə yaxın qan qohumu olan ərəblərdə, bir sözlə, müsəlman ölkələrində də mövcud olmuşdur. Bundan əlavə, qadınların bir əşya kimi alınıb-satılması evlənərkən qızın ailəsinə pul ödənilməsini vacib edən “başlıq” ənənəsinin əsasını qoymuşdur ki, hələ qədim dövrlərdən zəngin başlıq vermədən arvad almaq mümkün deyildi. Bu ənənə indinin özündə nəinki bəzi Şərq ölkələrində (məsələn, Hindistanda), hətta bəzi müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda da yaşamaqda davam edir.
Qadınla əşya kimi davranılmasına dəlalət edən digər ağlasığmaz adət “qız qaçırma”dır. Çox zaman qızın razılığı olmadıqda bu yola əl atılır ki, bu halda da qadınların hüquqları tapdansa da, qızın onu qaçıran şəxsə ərə getməkdən başqa çarəsi yoxdur. Əks halda, o, artıq “ləkəli” damğası ilə yaşamalıdır. Qeyd edək ki, bu ənənənin kökləri də dindən öncəki dövrlərə dayanır. Belə ki, yunan mifologiyasının baş allahı Zevs belə, müxtəlif heyvan cildlərinə girərək, öz sevgisinin qurbanları olan qadınları “ovlamış”, Romanın bünövrəsinin qoyulması tarixçəsi isə, sabin tayfasının qızlarının qaçırılması ilə bağlı olmuşdur. Qədim dövrlərdəki əksər müharibələr üçün əsas bəhanə də elə qadınların qaçırılması olmuşdur. Qədim Roma şairi Homerin “İliada”sı da məhz Parisin Yelenanı qaçırması ilə başlayır. Qadınları qaçırmaq xanaanlılara da məlum idi: bu, onlar üçün qiymətli qənimət sayılırdı. Ümumiyyətlə, qədim dövrlərdə yad torpaqlardan qadın qaçırmaq qəhrəmanlıq hesab olunurdu. Hətta vaxtilə Makedoniyalı İsgəndər də qadınların qaçırılmasını nalayiq hərəkət saymayıb məğlub etdiyi Fars şahı III Daranın arvadlarının öz hərəmxanasına gətirilməsini əmr etmişdi. Tarixdə bu cür hallara tez-tez qarşılaşmaq olar ki, buna da məğlub şəxsin, yəni kişinin alçaldılması məqsədilə qadınların bir əşya, oyuncaq kimi əldən-ələ ötürülməsindən başqa bir ad qoymaq olmaz. Belə ki, məhz qadını qaçırmaqla kişi başlanğıcı özünü zorakılıq yolu ilə isbat etməyə çalışır.
Beləliklə, qadın arxetipinin dinin yanlış açıqlanmasından yox, daha çox yuxarıda adını çəkdiyimiz qədim Şumerlərin mifologiyasının dinə təsirindən yarandığını anlamış olarıq. Belə ki, hələ qədim dövrlərdə müxtəlif xalqlarda qadın murdar məxluq sayıldığına görə onun doğulması da murdar hal hesab olunurdu. Bu kimi fikirlərin təsiri nəticəsində İslamaqədərki dövrdə Ərəbistan yarımadasında qız uşaqları doğularkən onlar ailəyə yük olmamaq üçün diri-diri torpağa basdırılırdı.
Əsrlər boyu kişi qadınla ev heyvanı kimi, hətta ondan da betər formada davranmışdır. Minilliklər boyu Çində belə hesab olunurdu ki, qadın ruhsuzdur, buna görə də ər heç bir cəza almadan öz arvadının həyatına son qoya bilərdi, axı qadın onun xüsusi mülkiyyəti idi. İnduizmdə qadın ərindən dərhal sonra ölməli idi, çünki bunu kişilərin təsis etdiyi cəmiyyət istəyirdi, belə cəmiyyətdə qadına yer yoxdur. Avropada da XIX əsrə kimi qadın ən alçaq məxluq sayılırdı. Qadının ruhunun olub-olmaması sual altında idi. VIII Henrinin hakimiyyəti dövrünə qədər (1509-1547) qadın, cənnətdə ilk günahın işlənməsinə səbəb olduğu üçün, xristianların müqəddəs kitabı sayılan “İncil”ə əlini belə vura bilməzdi.
Qadına qarşı amansızlıq orta əsrlərdə daha geniş vüsət almışdır. Xristianlıq təhlükə ilə üzləşmişdi. Məlum olmuşdu ki, minlərlə qadın yepiskoplardan, kardinallardan və Roma Papasından daha müdrikdir. Onlar insanların həyatını dəyişməyin yollarını tapmışdılar. Bu səbəbdən, kişilərin qurduğu cəmiyyət və onların hökmü altında olan kilsə bütün biliciləri məhv etməyi qərara aldı. Xristian anlayışına, xristian dini təliminə görə, əslində “müdrik qadın” mənasını daşıyan “bilici” (rus dilində “ведьма”) sözü tezliklə başqa anlam daşımağa başladı: artıq belə qadınların şeytanla əlaqəsi olduğu iddia edilirdi. Bu qadınlar isə əsasən ortayaşlı olduqlarından, artıq yetərincə təcrübəsi olan müdrik insanlar idi. Deməli, bunun üçün bir deyil, minlərlə qadını yox etmək gərək idi. Bu artıq, öz mahiyyəti etibarilə, bilicilərin yox, müdrik qadınların məhvinə yönələn bir addım idi. Bu səbəbdən, təsis edilən xüsusi məhkəmələrin hökmü ilə insanlar arasında özəl rəğbət qazanan və onlar üzərində təsir gücü olan hər bir qadını tuta və “günahını” boynuna almayana kimi hər cür işgəncəyə məruz qoya bilər, qadınlar işgəncəyə dözə bilməyib etiraf etdikdə isə onları özlərinə təhlükəli rəqib sayan kişi cəmiyyəti dinin pərdəsi arxasında gizlənərək qadınlara verdikləri işgəncə azmış kimi, son nəticədə, onların diri-diri yandırılması barədə hökm çıxarırdı. Bəs bu cəzanın məğzi nə idi? Əlbəttə ki, bütün qadınların gözünü qorxutmaq və onları kişilərdən tam asılı vəziyyətə salmaq. Deməli, qadın hər hansı bir qabiliyyətini nümayiş etdirdikdə, cəmiyyət onu cadugərlikdə günahlandırır, kişi hər hansı bir istedadı ilə parladıqda isə onu müqəddəslik mərtəbəsinə qədər qaldırırdılar. Hər zamankı kimi, eyni qabiliyyətə görə qadın şeytanın oyuncağı, kişi isə Allah tərəfindən mükafatlandırılan bir müqəddəs hesab olunurdu.
Cəmiyyətin belə qadınlara münasibətini Kuprinin “Olesya” povestində də görə bilərik. Əsərdə nənəsi ilə meşədə yaşayan kəndli bir qız quşların və heyvanların dilini bilir, axan qanı saxlayır, yaraları ovsunlayaraq sağaldır, gələcəyi görə bilir. İnsanlar isə bunun qarşılığında ondan qorxub çəkinərək onu cadugər adlandırırlar. Yeganə səbəb isə bu qızın güclü və gözəl olması və hamıdan fərqlənməsidir.
Qadına bu cür alçaldıcı, köləcəsinə, heyvani münasibət “Tövrat” və “İncil”in təhrif olunması nəticəsində meydana gəlmiş və əsrlər boyu dinin patriarxatın – kişi cəmiyyətinin görmək istədiyi formada təbliğinə yol açmışdır. Alman dilində ərin nöqteyi-nəzərindən “ideal arvadı” xarakterizə edən bir atalar sözü vardır: “Kilsə, mətbəx, uşaqlar”. Bu, qadınları özlərindən asılı vəziyyətə salmaq istəyən kişi cəmiyyətinin düşüncəsinin güzgüdə əksidir desək, yanılmarıq. Bu vəziyyətdən çıxış yolunu isə, görkəmli Azərbaycan şairi S.Vurğun öz misralarında belə əks etdirib:
Silkələnib çıxmasa qadın mətbəxdən
Nə azad ana var, nə azad vətən!
Qadın təbiət tərəfindən mistik bir güclə mükafatlandırılıb. Çünki qadın yeni həyat verməyə qadir bir varlıqdır. Çünki nəslin davamı üçün təbiət kişini yox, məhz qadını seçmişdir. Bundan əlavə, qadın başlanğıcı çox harmonikdir: o, həm kişi, həm də qadın başlanğıcını doğurur: o, həm qızın, həm də oğlanın anasıdır. Bir sözlə, o anadır və dünyaya ana obrazında gəlib. Məhəmməd Peyğəmbərin məşhur “Cənnət anaların ayağı altındadır” kəlamı isə yuxarıda deyilənlərin sübutudur. Bununla yanaşı, qadın hər zaman öz əri üçün də ana rolunu oynayıb. Necə deyərlər, hər ağıllı kişinin arxasında ağıllı qadın durur.
İslamın mükəmməl bir din və Şərqin qədim sivilizasiyaların beşiyi sayıldığını nəzərə alsaq, vaxtilə qadına ən yüksək dəyər vermiş qədim türklərin də qadına digər xalqlardan fərqli münasibətinin şahidi ola bilərik. Bunu sübuta yetirmək üçün təkcə böyük türk xalqlarının eposu “Kitabi- Dədə Qorqud”a müraciət etmək kifayətdir. Bu dastanda Banuçiçəkdən tutmuş Burlaxatuna kimi bütün qadın obrazlarına nəzər yetirsək, onları hər zaman ərlərinin, nişanlılarının yaxın sirdaşı, silahdaşı kimi görürük. Burada qadın evinin xanımı olmaqla yanaşı, lazım gəldikdə, vətəninin müdafiəçisi, düşmənlərin qənimidir. Bu səbəbdən, əsl türk üçün üç dilək hər zaman müqəddəs sayılıb: birincisi, atı yəhərləmək, ikincisi, ət yemək, üçüncüsü isə, arvadını sevmək. Əsrlər boyu qadın türkün namusu sayılıb. Bunu İ.Şıxlının “Dəli Kür” əsərində Cahandar ağanın sözləri də təsdiq edir: “Kişinin namusu üç şeydir: at, arvad və papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına atıb tapdalamaq demək idi. Onu diri gözlü qəbrə soxmaq, sinəsinə çal-çarpaz dağ çəkmək idi”. Türklər qadına müqəddəs bir varlıq kimi baxırdılar. Məhz bu səbəbdəndir ki, türklərin tarixi qəhrəman, cəngavər qadınların adları ilə zəngindir. Bunların arasında Tomris, Həcər və b. kimi mərd, igid qadınların adını fəxrlə çəkə bilərik.
Sonralar uzun illər boyu müstəmləkə həyatı yaşamağa məhkum olan millətimiz ayrı-ayrı dövlət başçılarının əlində mövhumatın əsirinə çevrilərək, nəticədə, mənfi qadın arxetipinin qurbanı olmuşdur. Məhz bu səbəbdən XX əsrin əvvəllərində İstanbulda “Türk gücü” cəmiyyətinin yığıncağında Quzuçu oğlu Təhsin bəy türk qadınlarının millətin inkişafında rolunu vurğulayaraq demişdi: “Nə qədər ki, xanımlar bizimlə bərabər idilər, qüvvət də, qüdrət də bizdə idi. Qadını atdan endirdik, yanımızdan ayırdıq, qüvvət də, qüdrət də bizdən ayrıldı. Erkək ictimai həyatda aciz qaldı. Kor, topal, çolaq oldu, yarım qaldı. Yarım erkəklərdən təşkil edilən millətlər yarım millətlərdir”.
Qədim türklərdən sonra qadının hüquqlarını məhz İslam dini tanıdı. L.E.Obbaldın sözləri ilə desək, “Qadınları əsarətdən xilas edib onlara məhrum edildikləri hüquqları qaytarmaq ancaq İslamiyyətlə gerçəkləşmişdir”. İslam dininin qadına bəxş etdiyi üstünlüklər çox olsa da, sonralar İslam dininin təbliğinə müxtəlif fikirlər, nəzəriyyələr öz təsirini göstərdi. Bu isə, qadınların əxlaq və fiziki cəhətdən zəif məxluq olduqları, buna görə də, cənnətə buraxılmadıqları haqqında yanlış fikirlərə yol açdı, qadın ilə kişi arasında süni fərqlər yarandı. Bunun nəticəsidir ki, S.deBovuar və M.Fukonun kişilərə məxsus, “kişilər tərəfindən düşünülmüş, yazılmış və təlqin edilmiş, eləcədə onlara doğru yönəlmiş” adlandırdığı əxlaq normaları öz əksini tariximizin, eləcə də mədəniyyətimizin. inikası olan ədəbi nümunələrimizdə taparaq kişi və qadının cəmiyyətdəki statusunu öyrənən “gender” araşdırmalarının tədqiqat obyektinə çevrildi.
Qeyd etmək lazımdır ki, “gender” anlayışı fərqli elm sahəsindən (sosiologiyadan), tamamilə özgə (qərbi) elmi diskursdan və yad dildən (ingilis dilindən) dilimizə keçdiyindən, bu anlayışı tam olaraq ehtiva edən bir tərif mövcud deyil. Onun açılışını əksər tədqiqatçılar “müvafiq gender mədəniyyətinə sahib ictimai cins, yaxud ictimai status kimi müəyyənləşdirirlər”. Digərlərinin fikrincə isə, gender “əsasında insan, onun yalnız bioloji deyil, eləcə də ictimai və mədəni cəhətdən şərtləşdirilmiş spesifikası haqqında elmlərin durduğu fənlərarası intriqa; mərkəzində insanın, şəxsiyyətin durduğu şərait, hadisə və fəaliyyətlər toplusu olan intriqa ” kimi nəzərdən keçirilir. Bu cəhətdən gender nəzəriyyəsi bədii ədəbiyyat nümunələrinin fərqli nöqteyi-nəzərdən interpretasiyasına yol açır ki, bu vasitə ilə dünyanın gender mənzərəsi (kişi və qadının dünyaya baxışı), o cümlədən cinslərin qarşılıqlı münasibəti və qadın yaradıcılığı problemi işıqlandırılmış olur.
Nəzərə alsaq ki, Azərbaycan nəşrində “qadın mövzusu” emansipasiya problemi şəklində 1930-cu illərdən sonra bu şiddətlə bir daha 1950-1960-cı illərdə təzahür etmişdir, “gender araşdırmaları” məfhumu Azərbaycan ədəbiyyatı üçün heç də yeni sayılmamalıdır. Ədəbiyyatın gender aspektində tədqiqinin ABŞ-da hələ 1960-1970-ci illərdə başlamasına və hazırda Qərbdə “kişi” və “qadın” araşdırmalarına bölünərək tədqiq olunsa da, indiyədək istər ədəbiyyatda, istərsə də başqa elm sahələrində biz bu problemə yalnız birtərəfli nəzər yetirərək, daha çox “qadın məsələlərini” ehtiva edən gender araşdırmaları ilə kifayətlənmişik. Buna səbəb isə, cəmiyyətin etik dəyərlərinin güzgüsü olan ədəbiyyatımızda son zamanlaradək yalnız əksini görməyə alışdığımız “əxlaqi normalara sığmayan” Təhminə (Anar, “Ağ Liman”) kimi obrazların ədəbi tənqidin hədəfinə çevrilməsi olmuşdur. Halbuki, Qərbdə artıq təxminən 30 il əvvəl qadın araşdırmaları (ingilis dilində: women’s studies – S. A.) bütünlükdə ona məxsus bir qol kimi kişi araşdırmalarına (ingilis dilində: men’s studies – S. A.) təkan vermişdi ki, bu da hazırda yeni tədris fənni sayılan və qadın araşdırmaları proqramlarına qarşı düşmən mövqe tutan, kişiləri hərtərəfli tədqiq edən araşdırmalara (ingilis dilində: male studies – S. A.) tamamilə ziddir. Bu baxımdan kişi araşdırmalarının Azərbaycan üçün tamamilə yeni sahə olduğunu nəzərə alsaq, kişilərin qadınlara münasibətinin ədəbiyyatımızda da tədqiq olunmasının gender araşdırmaları üçün böyük əhəmiyyət kəsb edəcəyi istisna olunmamalıdır. Bu səbəbdən, “gender problemlərini sırf “qadın məsələləri” çərçivəsindən çıxarıb onlara həm kişi, həm də qadınlara şamil edilən insan haqları problemləri statusunu vermək” zəruridir. Bunu isə onunla əsaslandırmaq olar ki, “gender məsələlərini tədqiq edən genderologiya, eləcə də feminologiyanın məqsədi patriarxat cəmiyyətin matriarxat cəmiyyət ilə əvəzlənməsi yox, cins antaqonizminin aradan qaldırılması və bəşəriyyətin kişi və qadın nümayəndələrinin ictimai inkişaf harmoniyasında yaşamasını təmin etməkdən” başqa bir şey deyildir. Bu isə, İslamda qeyd olunduğu kimi, kişi ilə qadın bərabərliyi heç də onların eyniliyinə dəlalət etmir. Çünki qadın və kişi başlanğıcları tamamilə fərqlidir. Onlar bir bütövün – Allahın surətini özündə əks etdirən insanın fərqli qütbləridir. Çin fəlsəfəsində İn/Yan nəzəriyyəsinin simvolu olan Tay- Çiyə nəzər salsaq, görərik ki, simvolun İn yarısı Yan nöqtəsini, Yan yarısı isə İn nöqtəsini ehtiva edir. Belə ki, qədim Çin fəlsəfəsinə çoxdan bəri məlumdur ki, hər kişidə bir qədər qadın hissəciyi, hər qadında isə kişi hissəciyi mövcuddur. Bu cəhətdən qadın ilə kişinin keyfiyyətləri qarşılıqlı olaraq bir-birini tamamlayır. Bu səbəbdən, qadın ilə kişini müqayisə etmək olmaz, onların hər biri unikaldır. İki nadir məxluqun vəhdəti isə möcüzə yaradır. Son olaraq qeyd etmək istərdik ki, insan günahsız, saf bir məxluq olub, artıq şərtləşdirilmiş bir cəmiyyətin üzvü kimi dünyaya göz açır. Ailə cəmiyyətin kiçik bir parçası olduğundan, əvvəl valideyn, daha sonra isə bütövlükdə cəmiyyət onun şüurunda öz qeydlərini aparmağa başlayır. Cəmiyyətin yuxarıda qeyd etdiyimiz etik normaları da, beləcə, insanların beyninə işləmiş olur. Məşhur hind filosofu, Oşo təxəllüsü ilə tanınmış Bxaqavan Şri Radjnişin sözləri ilə desək, “bunun qarşısını almaq üçün isə həmin cəmiyyəti kökündən dəyişmək lazımdır. Lakin cəmiyyəti dəyişməyin yeganə yolu onun ayrı-ayrı individuumlarını dəyişməkdir. Başqa çıxış yolu yoxdur.” Çünki Çin fəlsəfəsində deyildiyi kimi, kainatda hər bir şey İn və Yanın ahəngi ilə yaradılıb. Yan (kişi) İn (qadın) ilə ahəngdə olarsa, cəmiyyətin bütün problemləri öz həllini tapar. Buna nail olmağın ən asan yolu isə, kişi cəmiyyətinin, professor Ü.Dökmenin dəyərli fikirlərini dərk etməsinə böyük ehtiyac vardır: “Zəka və ya gücdə qadınlarla başa-baş olduğumuza görə inciməyək və qadınları qadınlıqları ilə vurmayaq.”
Müəllif: Sara Abdullazadə