Psixoloji qanunlara görə, əgər daxili situasiya dərk olunmursa, o xarici hadisəyə dönüb, qismətimizə çevrilir. Bu 20-ci əsrin məşhur psixoloqu, psixoterapevti və psixiatrı K.Q.Yunqun sözləridir.
Psixoterapevt – psixoloji və ya tibbi təhsili olan, insan psixikasına müalicəvi təsir göstərə bilən mütəxəssisdir. Yəni, psixoterapevt kəlməsindəki “terapevt” sözü sizi çaşdırmasın. O həkim ola da bilər, olmaya da bilər, amma psixoloji təhsili olmalıdır.
Psixoterapevtə müraciət edən insanların problemləri, -emosional, sosial, şəxsi ola bilər – bura şəxsi münasibətlərdən tutmuş müəyyən nevrozlar da daxildir.
Psixikanın daha ağır problemlərinin müalicəsi üçün isə həkim-psixiatr tələb olunur.
Psixoterapevtin əsas aləti söhbətdir. Ancaq insanlar arasında olan adi söhbətdən prinsipial fərqlənir. Yəni sizin rəfiqələriniz və dostlarınızla etdiyiniz söhbətlərdən fərqli olaraq, psixoterapevt öz söhbətində bilik arsenalında olan müxtəlif nəzəriyyələrdən, psixoloji texnikalardan istifadə edərək insan psixikasına müsbət təsir göstərə bilər.
Peşəkar iş üçün psixoterapevt təkcə diplom almaqla kifayətlənməməli, kvalifikasiyasını artırmaq üçün müəyyən seminarlar, treninqlər, kurslar keçməli, həm də superviziyalar almalıdır. Bundan əlavə psixoterapevt özü də şəxsi terapiya keçməlidir ki, yaşadığı hisslərlə ona müraciət edən şəxsə zərər yetirməsin. Çünki o da adi bir insandır və hamı yaşayan həyatı yaşayır.
Hamını maraqlandıran belə bir sual var: Konsultasiyalarda nə baş verir?
- İlk növbədə insanın daxilində saxladığı emosiyalar çıxır, içəridəki blokları açılır.
- İnsan psixoterapevtin köməyi ilə yaşadığı situasiyaya müxtəlif rakurslardan baxaraq, onu həll etməyin yolunu tapır.
- Şüuraltıda olan konfliktlər şüura gətirilərək dərk etmə sayəsində insanın problemi həll olunur.
Bundan əlavə, psixoterapiya şəxsi inkişaf üçün çox gözəl imkandır.
Bəzən insanlar illərlə panik atakdan, sosial fobiyadan, obsessiv kompulsiv pozuntudan əziyyət çəkir, nevropatoloqlara, psixiatrlara, hətta kardioloqlara müraciət edir, amma problemlərini həll edə bilmirlər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu kimi problemlərin psixoterapiya yolu ilə həlli həm effektiv, həm də həmişəlikdir.
Psixoterapiya neçə seans keçirilə bilər? Qeyd etmək istəyirəm ki, bu problemin ağırlıq dərəcəsindən asılıdır. Öz praktikama əsaslanaraq, deyə bilərəm ki, bəzi hallara 1 seans kifayət edib, elə hallar olur ki, ona 4-6-8-12 və daha çox seans tələb olunur.
Onu da vacib qeyd etməliyəm ki, problemin tez və ya gec həlli müraciət etmiş insandan da asılıdır. Əgər o, psixoterapevtin verdiyi ev tapşırıqlarını yerinə yetirərsə, seanslarda səmimi olub, terapevtə etibar edərsə, onun problemi daha tez həll oluna bilər.
Ümid edirəm ki, psixoterapevt və psixoterapevtik seanslar barərə az da olsa məlumat verə bildim. Mən isə sizi öz konsultasiyalarımda gözləyirəm. Bizim ünvan : C. Cabbarlı 44, Caspian Plaza , 12-ci mərtəbə, Psixoloji Mərkəz
Sağ olun. Ruhunuzun qeydinə qalmağı unutmayın!