1. Uğurlu insanların 7 vərdişi
Məhz bu kitabın siyahıda birinci olması təsadüfi deyil. Belə ki, kitab liderlik üzrə dünya avtoriteti sayılan Stiven Kovinin bir nömrəli bestselleridir. “Time” jurnalına görə, menecment üzrə top 25 kitab siyahısına daxildir. “Chief Executive” jurnalı isə bu kitabı 100 ilin ən nüfuzlu iş kitabı adlandırıb.
Şəxsi inkişaf sahəsində ən yaxşı kitablardan olan “Uğurlu insanların 7 vərdişi” milyonlarla insanın həyatına böyük təsir edib. Onların arasında Bill Klinton, Larri Kinq və Stiv Forbs da var. Nəhəng korporasiyaların bir çoxu öz əməkdaşlarını kitabın fəlsəfəsi ilə tanış edirlər.
Kitab bütün məqsədlərinizə sistemli şəkildə yanaşmaq, düzgün formalaşdırmaq və onlara çatmağın yollarından danışır. Müəllif problemlərə asan həllər təklif etmir, həmçinin bir çoxlarının gözlədiyi kimi qısa müddətdə baş verəcək möcüzələr də söz vermir. Stiven Kovinin fikrinə görə, istənilən pozitiv dəyişiklik üçün vaxt, əmək və inadkarlıq tələb olunur.
“Uğurlu insanların 7 vərdişi” kitabından bir parça
“Müxtəlif insanların, ailələrin və qurumların həyatında baş verən yaxşı hadisələr hər kəsin marağına səbəb olur. Hamı bu insanların gücü və müdrikliyi, ailələrin birliyindən, qurumların çevikliyindən heyrətə gəlib bu sualı verirlər: “Buna necə nail olursunuz?”, ”Mənə də öyrədin!” Əslində bu o deməkdir ki, insanlar öz ağır vəziyyətlərini ən tez şəkildə yüngülləşdirmək üçün məsləhət və həll yolu istəyirlər. Əlbəttə ki, onların istədiyini verən müəllimlər tapılacaq və əldə etdikləri biliklər qısa müddətdə nəticələr verə biləcək. Bu “sosial aspirin”in köməyi ilə hətta bəzi ağır problemləri də həll edə biləcəklər.
Lakin əsas xroniki səbəb olduğu kimi qalacaq və tədricən yeni ağrılı simptomlar meydana çıxacaq. Nə qədər ki insanlar ağır problemlərinə fokuslanıb, asan həll yolları axtaracaqlar, o qədər də xroniki ağrılı vəziyyət daha da pisləşəcək”.
2. Xəyal etməyin ziyanı yoxdur. Arzuladıqlarını necə əldə edə bilərsən?
Arzularınızı həyata keçirə bilmirsiniz? Özünüzü reallaşdırmaqda çətinlik çəkirsiniz? O zaman bu kitab sizin üçündür. Kitabın müəllifi Barbara Şerin öz arzularına getdiyi yol heç də qısa və asan olmayıb. Tək başına iki uşaq böyüdən və 7 il ofisiant işləyən Barbara bu kitabı ilə xəyal olaraq qalan arzularınızı gerçəyə çevirməyə kömək edəcək.
“Xəyal etməyin ziyanı yoxdur. Arzuladıqlarını necə əldə edə bilərsən?” kitabından bir parça
“Arzuladığınız həyatı qurmaq üçün hipnoz, mantra və başqa şeylərə ehtiyac yoxdur. Lazım olan problemlərin həllindəki praktik metodları bilmək, planlama prosesini öyrənmək, məqsədinizlə bağlı lazımlı bilik və bacarıqlara sahib olmaqdır”.
40 ildən çoxdur ki, bütün dünyada insanların arzularını həyata keçirməyə kömək edən kitabda müəllif məhz bu metodları mənimsəməyi təklif edir. Kitabın oxucular üçün nə faydası olacaq?
- Özünüzün güclü tərəflərini və üzə çıxmayan bacarıqlarınızı aşkarlaya biləcəksiniz.
- Qorxularınızın və neqativ hisslərinizi sizin xeyrinizə yönəltməyin yollarını öyrənəcəksiniz.
- Məqsədinizə gedən yolu və hansı müddətdə ona çatacağınızı müəyyənləşdirə biləcəksiniz.
- Gündəlik inkişafınızı ölçə biləcəksiniz.
- Faydalı əlaqələr qurmağı öyrənəcəksiniz.
3. Özünün ən yaxşı versiyan ol
“Bütün günü işləyib axşam artıq haldan düşürsünüz və uğura doğru bircə addım belə ata bilmirsiniz? Məsələ ondadır ki, uğur sizin etdiklərinizlə deyil, sizin kim olduğunuza görə müəyyənləşdirilir”.
Bu qənaətə müxtəlif sahədə çalışan və böyük uğurlar qazanan 1000-dən çox adi insanın hekayəsini araşdırdan Den Valdşmidt gəlib. Çoxumuzun yaşadığı bu vəziyyəti göstərən cümlələrin müəllifi dünyaca məşhur biznes treyner və spikerdir. Den Valdşmidtin bloqu satış və biznes idarəçiliyi üzrə ən yaxşı bloqlardan sayılır.
Kitabdakı insan hekayələrinə laqeyd qalmaq mümkün deyil. Bir-birindən təsirli olan hekayələr arasında ölümcül xəstəlikdən sağalan və 3 Mişlen ulduzuna sahib aşpaz, inanılmaz məsafələri qət edən atlet, təcili yardım işindən uzaqlaşıb öz biznesini quran uğurlu iş adamı, ilk qadın kosmonavt və digərləri var.
Bütün bu insanların bir neçə ortaq cəhətləri var və Den Valdşmidt məhz bunları müəyyənləşdirərək oxucu ilə bölüşüb. “Özünün ən yaxşı versiyan ol” kitabı həyatınızın istənilən sahəsində sizi yeni hədəflərinizə çatmağa həvəsləndirəcək.
“Özünün ən yaxşı versiyan ol” kitabından bir parça
“XX əsrin dahi siyasi liderlərindən biri olan Vinston Çörçill seçkiləri uduzsa da 65 yaşında baş nazir vəzifəsinə gəlib. Albert Eynşteyn 4 yaşına qədər danışa bilməyib, 7 yaşına qədər adi sözləri oxuya bilməyib. Ziqmund Freyd ilk nəzəriyyəsini Avropa alimlərinə təqdim edəndə onu fitə basıblar”.
4. Özünü brendə çevir
Özünəməxsus sərt dili ilə fərqlənən müəllifin bu kitabı minlərlə oxucunu sözün əsl mənasında “silkələyib”. “Özünü brendə çevir” bestsellerinin müəllifi dövrümüzün biznes-qurularından olan Tom Piters müasir biznes-konsultasiya sahəsinin yaradıcısı hesab olunur.
“Özünü brendə çevir” kitabdan bir parça
“Bir günə brend yaratmaq mümkün deyil. Bu yolu qaçaraq yox, gəzərək getmək lazımdır. İdeyalarınızla oynayın. Özünüzün ən güclü və ən zəif tərəflərini müəyyənləşdirin. Məqsədyönlü olun, ancaq panikaya düşməyin: Söhbət sizin “Mən”inizdən gedir”.
5. Rework
Kitab 2010-cu ildə işıq üzü görməsinə baxmayaraq, bestseller siyahısında qalmaqda davam edir. “Rework”un müəllifləri Ceyson Frayd və Devid Haynemayer Hensson startaplar və öz işini qurmaq istəyənlər üçün biznesə fərqli baxış bucağını təqdim edirlər.
Əsas işinizlə paralel öz biznesinizə başlamaq istəyirsinizsə, “Rework”u oxumalısınız. Bu kitabı oxuduqca komfort zonanızdan çıxacaq, həvəslənəcək və beyninizdəki şühbələrə son qoyacaqsınız. Birnəfəsə oxunan kitab Amazonda 3 kateqoriya – menecment, biznes idarəçiliyi, idarəçilik üzrə kitab siyahısında birinci yerdədir.
“Rework” kitabından bir parça
“Başını aşağı salıb “lazımlı” işləri yerinə yetirmək çox asandır. Çətini başını qaldırıb “Niyə?” sualını verməkdir. “Real dünya”nın varlıqları pessimist və ümidsizdirlər. Ən pisi də odur ki, onlar digərlərini də öz “qəbirlərinə” çəkmək istəyirlər. Əgər siz ümidlə dolusunuzsa, ambisiyalısınızsa, onlar sizə arzularınızı reallaşdırmağın mümkün olmadığını sübut etməyə çalışacaqlar. Sizə boş yerə vaxt sərf etdiyinizi deyəcəklər. Onlara inanmayın. Belə bir dünya onlar üçün real ola bilər, bu o demək deyil ki, siz onların dünyasında yaşamalısınız”.
6. Yaxşıdan mükəmmələ doğru
Kitabın müəllifi idarəçilik üzrə elmi tədqiqatları ilə dünyada tanınan, biznes konsultant Cim Kollinzdir. 20 ildən çoxdur ki, Cim və onun rəhbərlik etdiyi komanda müxtəlif şirkətləri öyrənir və “yaxşıdan mükəməllə doğru” yüksəlmək üçün vacib olan faktorlar, şərtlər və mexanizmləri aşkarlayırlar.
Kitabda mükəmməli yaradan və 15 il ərzində yüksək göstəriciləri saxlaya bilən şirkətlərin təcrübəsindən bəhs edilir. Cim Kollinz əmindir ki, kitabda bəhs edilən ideyaları reallaşdıra bilən istənilən şirkət fəaliyyətini ciddi şəkildə yaxşılaşdıra bilər və sözün əsl mənasında mükəmməl nəticələr əldə edə bilər.
“Yaxşıdan mükəmmələ doğru” kitabından bir parça
“İsaya Berlin qədim yunan rəvayətinə əsaslanan məşhur “Kirpi və Tülkü” essesində dünyanı kirpilərə və tülkülərə bölüb: tülkü bir çox şey bilir, kirpi isə çox vacib olan bir şeyi bilir. Böyük şirkətlərin yaradıcıları bu və ya digər dərəcədə kirpi idilər”.
7. Asan olmayacaq
Kitabın müəllifi Silikon vadisinin ən təcrübəli biznesmen və investorlarından biri, 10 milyondan çox oxucusu olan amerikalı bloger Ben Horovitzdir. Ben “Asan olmayacaq” kitabında startapların yaradılması və inkişafı ilə bağlı öz təcrübəsini bölüşür. Müəllif əsasən biznes məktəblərində keçilməyən çətin problemlərə toxunur.
Çoxları biznesə sahib olmaqlarından həvəslə danışırlar. Lakin tək-tək insanlar bunun çox çətin olduğunu deyir, Ben Horovitz onlardan biridir. O, liderlərin hər gün qarşılaşdığı problemləri obyektiv şəkildə analiz edir. Həmçinin startapların yaradılması, inkişafı və idarəsi, satış, konsultasiya və startaplara investisiya təcrübəsinə əsaslanan həll yolları təklif edir.
Kitab həm təcrübəli, həm də biznesə yeni başlayanlar üçün çox faydalı olacaq. Müəllif müxtəlif çətin vəziyyətlərdə necə davranmalı olduğunuzu öyrədir:
Ən yaxın dostunu işdən azad etməyə məcbur olanda nə etməli?
Tanışınızın şirkətində işləyən bir əməkdaşı işə götürmək lazım gəldikdə nə etməli?
Niyə ağıllı insanlar həmişə yaxşı əməkdaş ola bilmirlər?
“Asan olmayacaq” kitabından bir parça
“İdarəedici komandanı qurarkən bir çoxları namizədlərin intellekt əmsalına fokuslanır, lakin yüksək intellekt əmsallı olub, formalaşmış ambisiyaları olmayan insanların yüksək nəticə göstərəcəyi çətin ki, mümkün olsun. CEO düzgün ambisiyaları olan kadrları işə qəbul etməyi bacarmalıdır”.
Kitabları rahat tapa bilməyiniz üçün ingilis və rus dillərindəki adlarını sizə təqdim edirik:
- Kitab: “Uğurlu insanların 7 vərdişi”
- Rus dilində adı: “Семь навыков высокоэффективных людей“
- İngilis dilində adı: “The 7 Habits of Highly Effective People“
- Kitab: “Xəyal etməyin ziyanı yoxdur. Arzuladıqlarını necə əldə edə bilərsən?”
- Rus dilində adı: “Мечтать не вредно. Как получить то, чего действительно хочешь?”
- İngilis dilində adı: “Wishcraft. How to Get What You Really Want?“
- Kitab: “Özünü brendə çevir”
- Rus dilində adı: “Преврати себя в бренд”
- İngilis dilində adı: “The Brand You 50 : Or : Fifty Ways to Transform Yourself from an ‘Employee’ into a Brand That Shouts Distinction, Commitment, and Passion!“
- Kitab: “Özünün ən yaxşı versiyan ol”
- Rus dilində adı: “Будь лучшей версией себя”
- İngilis dilində adı: “Edgy Conversations: How Ordinary People Can Achieve Outrageous Success?”
- Kitab: “Yaxşıdan mükəmmələ doğru”.
- Rus dilində adı: “От хорошего к великому”.
- İngilis dilində adı: “Good to Great”
- Kitab: “Rework”
- Rus dilində adı: “Rework”
- İngilis dilində adı: “Rework”
- Kitab: “Asan olmayacaq”
- Rus dilində adı: “Легко не будет”
- İngilis dilində adı: “The Hard Thing About Hard Things. Building a Business When There Are No Easy Answers”