Nigar Köçərli: Uğur Qazanmaq Üçün Kitablar Ümumiyyətlə Lazım Deyil

“Yoxsulların evində böyük televizor, zənginlərin evində böyük kitabxana var”.

9AY.az Azərbaycan Qadın Saytı Oxu.Az-ın biznes-ledi, Milli ədəbiyyat mükafatının təsisçisi, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərli ilə müsahibəsi:

– İndi cəmiyyətdə tez-tez kitabların az oxunulması ilə bağlı eşitmək olar. “Əli və Nino” uğurlu mağazalar şəbəkəsinin sahibəsi kimi bu suala cavab vermək çətin olmayacaq. Bu, doğurdan belədirmi?

– Mən öz şəbəkəmi uğurlu adlandırmazdım. Özümü də uğurlu insan hesab etmirəm. Azərbaycan kimi varlı, 9 milyon əhalisi olan, dərin intellegensiyası olan və inkişaf etmiş gəncliyə sahib ölkədə ən azı 500-600 kitab mağazası olmalıdır. “Əli və Nino” isə 5 kitab mağazası və dəftərxana ləvazimatları və oyuncaq mağazalarında 6 kitab bölməsindən ibarətdir.

Əlbəttə, bölgələrdə yaşayan kitabsevərlərə kitab almaq imkanı yaradan www.AliNino.az online-mağazası – biz bu kitabları onlara poçtla yollayırıq. Başqa cür qorxuram ki, onlara bu kitabları almaq nəsib olmayacaq, belə ki, Bakıdan kənarda bir dənə də kitab mağazası yoxdur. Mövcud olmaq üçün biz dörd dildə: Azərbaycan, rus, ingilis və türk dillərində kitab satırıq.  

Belə süqutun səbəbi nədir? Günə kitab və bir fincan qəhvə ilə başlamaq artıq dəbdə deyil?

– Qayda olaraq bir neçə səbəb söyləyirlər. İnternet və elektron kitablar, axı ABŞ və Yaponiyada yüksək texnologiyalar bizim ölkədə olduğundan dəfələrlə çox inkişaf edib, amma orada kitabsevərlərin sayı çoxdur. Əlifbanın dəyişməsi: (100 il ərzində əlifbamız üç dəfə dəyişilib), – axı Azərbaycan əhalisinin 30%-i gənclərdir və onlar latın qrafikası ilə oxuyurlar. Kitablar bahadır, onlar baha olmalıdır, axı əqli əmək (yazıçının, redaktorun, korrektorun, nəşr edənin) yüksək qiymətləndirilməlidir. Bahalı mobil telefona, çayxanada və ya bahalı restoranda oturmağa pul çatır, həyatınızı yaxşılığa doğru dəyişəcək kitaba isə yox.

Məncə ölkəmizdə kitaba – yumşaq desəm – belə soyuq münasibətin səbəbi qiraət edən insana, ümumilikdə kitaba olan hörmətsizlikdir. İnkişaf etmiş ölkələrdə əgər qiraət edirsənsə, yaxşı oxuyursansa həyatda uğura nail olacaqsan. Kitabsız və qiraətsiz uğur qazanmaq ağlasığmazdır. Amma bizim ölkəmizdə təəssüf ki, reallığa əsaslanan başqa stereotip mövcuddur – uğur qazanmaq üçün kitablar lazım deyil. Bundan başqa, yalnız son zamanlarda kitabsevərlərə mənfi münasibət yoxa çıxmağa başlayıb.

– Yeri gəlmişkən, hansı kateqoriyaya mənsub insanlar kitab alır və bu gün hansı ədəbiyyata tələbat daha çoxdur?

– Ən çox 25-30 yaş arası gənc, uğurlu, ağıllı, ambisiyalı qızlar oxuyur. Yeni oxucu kateqoriyası da meydana çıxıb: bu, 18-25 yaş arası Azərbaycan və türk dilində oxuyan qızlar və oğlanlardır. Onlar üçün çoxsaylı: klassikadan psixologiyaya qədər kitablar tərcümə və nəşr edirik.

Müxtəlif kitablar oxuyurlar – belletristika, məhəbbət romanları, psixologiya. Son zamanlarda biznes, startap və motivasiyaya dair kitablar dəbdədir.

– Bəs Azərbaycan yazıçılarına gəldikdə?

– Çingiz Abdullayev, Elçin Səfərli, Ziya Səfərbəyov, Elxan Qaraxan. Mən məsələn, Natella Osmanlı, Aytən Cavanşir, Gülay Hüseynovanı çox bəyənirəm.

– Necə düşünürsüz, “Oxutmuram, əl çəkin!” şeri o dövrün mənzərəsini tam əks etdirən M.Ə.Sabirin dövründən indiyə qədər Azərbaycan cəmiyyəti dəyişib, axı indi 21-ci əsrdə yaşayırıq?

– Çox dəyişməyib. Çox zaman, əsasən də yarmarkalarda əlini kitaba uzadan uşaqlara valideyninin “Kitabdır, götürmə, nəyinə lazımdır?” demələrinin şahidi oluram.

Ölkədə Tolstoyun, Dostoyevski, Floberin adını eşitməyən nə qədər insan olduğunu təsəvvür edə bilməzsiniz. Kitab mağazalarının mövcudluğunu bilməyən nə qədər insan var.

– Sizcə hansı əsər Azərbaycan mentalitetini və bizim davranışımızı tam olaraq xarakterizə edir?

– Mən bu suala iki səbəbə görə cavab verməli deyiləm. Mən “mentalitet” sözünü sevmirəm – mənim fikrimcə müəyyən mərhələdə, müəyyən təbəqənin formalaşmasına təsir edən tarixi-kulturoloji səbəblər mövcuddur, başqa heç nə. İkincisi sosial şəbəkələrin və elektron KİV-in inkişafı ilə insanlar, əsasən də mütəxəssis olmadıqları sahədə öz fikirlərini özündə saxlamaq kimi gözəl cəhəti itiriblər.

– Siz mütəxəssis kimi, uşaqda oxuma həvəsini yaratmaq üsulunu bizimlə bölüşə bilərsiz?  

– Mənə tez-tez bu sualı verirlər. Mənim bəxtim gətirib ki, mənim 8 yaşlı qızım böyük həvəslə oxuyur. İndi o, Qarri Potter haqqında 6-cı kitabı bitirir və paralel olaraq bir neçə kitab daha oxuyur. Tarixlə maraqlanır, ensiklopediyaları oxumağı sevir, Malkolm Qladuellanın kitabından belə nümunə gətirir.

Bir ailədə valideynlər qiraət məsələsinə böyük diqqət ayırırlar, və uşağa daima oxumağın vacib olduğunu izah edirlər, uşağın əlindən tutub kitabxanaya aparır, diqqətlə kitab seçirlər və s. Başqa ailədə isə heç zaman kitab haqqında danışmırlar, amma evdə böyük kitabxana mövcuddur.

Necə düşünürsüz, hansı ailədə uşaq kitabı daha çox sevəcək? Cavab mübahisəli, ancaq çox maraqlı ola bilər. Yazıçının fikrinə görə, böyük kitabxana olan evdə uşaq oxumağı mütləq sevəcək. Kitablar əlçatan yerdə olmalıdır. Bax o zaman uşaq oxuyacaq.

Çingiz Abdullayev uşağı atanın kitabxanasının cildlərinin tərbiyə etdiyini təkrar etməkdən yorulmur. Mən onunla tamamilə razıyam. Evdə mütləq kitabxana olmalıdır. Klassik əsərlər, müasir nəşrlər, lüğətlər, uşaqlar üçün kitablar. Kitablar özəl aura yaradır. Bir sitatı da bölüşmək istərdim: “Yoxsulların evində böyük televizor, zənginlərin evində böyük kitabxana var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir