Mama-Ginekoloq: Koronavirusa yoluxan hamilə qadında simptomlar daha da ağır ola bilər

Səhiyyə Nazirliyi dünya təcrübəsinə əsaslanaraq, aparılan elmi araşdırmaların nəticələrinə görə hamilə qadınların 12-ci həftədən sonra koronavirusa qarşı peyvənd vurdurmalarını tövsiyə edib.

Belə ki, nazirlik son elmi araşdırmaların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və b.) vaksinasiya təcrübəsini, ÜST-ün, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və b.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Mövzu sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Özəlliklə hamilələr vaksinin hər hansı kəskin reaksiyasının olub-olmamasından narahat olublar.

Bəs görəsən hamiləlik dövründə vurulan vaksin nə kimi problem yarada bilər?

9 Ay-ın mövzu ilə əlaqədar suallarını həkim mama-ginekoloq, uzman Aytən Səfərova cavablandırıb.

O bildirib ki, əslində bütün ölkələrdə vaksinlərin hamilələr üzərində yoxlanılması prosesinə çox rast gəlinmir. Ona görə bununla bağlı dünya təcrübəsinə istinad edərək 100 faizlik nəsə demək mümkün deyil.

Həkimin sözlərinə görə, hamilələrin koronavirusa yoluxmaları ciddi problemlərə gətirib çıxara bilər:

“Ona görə ki, hamiləlik zamanı bədən fizioloji cəhətdən dəyişikliyə uğrayır. Məsələn, hamilələrin nəbzi normalda insanların nəbzindən 2 dəfə daha çox olur. Eyni zamanda ürək daha çox qan pompalamağa çalışır, bədəndə maye miqdarı artır. Belə bir durumda koronavirusa yoluxan hamilə qadında simptomlar daha da ağır ola bilər. Bütün bunları nəzərə alaraq biz, hamiləliyin 12-ci həftəsindən sonra koronavirusa qarşı vaksinasiya olunmalarını məsləhət görürük.

Özəlliklə hamilələrin vaksin olunmasında heç bir problem yoxdursa, tövsiyə edirik ki, 12-ci həftədən sonra vaksin vurdursunlar”.

Həkim onu da əlavə edib ki, hamiləliyi düşünən xanımlar vaksinasiyadan 3 ay sonra hamilə qala bilərlər:

“Həkim olaraq məsləhətimiz bu istiqamətdədir. Onu da qeyd edim ki, uşağa süd vermə dönəmində xanımların vaksinasiya olunmasına dair heç bir araşdırma və tövsiyələr yoxdur. Ona görə də bu dəqiqə bununla bağlı hər hansı söz demək doğru olmaz”.

“Hamilələrin bilinən ciddi bir problemi yoxdursa, daha əvvəl keçirdiyi ağır xəstəliyi yoxdursa, diabetik, köklük problemi yoxdursa həkim müayinəsindən sonra peyvənd oluna bilərlər. Yox, əgər, hamilənin ciddi astma, ağciyər xəstəlikləri, anadangəlmə ürək qüsuru varsa, profil üzrə həkim müayinəsindən keçməlidirlər. Bu zaman vaksinasiya məsələsi paralel olaraq müvafiq xəstəliklər üzrə həkimlərin tövsiyələrinə uyğun şəkildə tənzimlənməlidir”, – deyə mama-ginekoloq Aytən Səfərova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir