Hamilələrə niyə 12-ci həftədən əvvəl vaksin vurulmur?

ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda koronavirus (COVID-19) vaksinlərinin istifadəsini tövsiyə edir.

9 Ay xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib. 

Həkim hamilə qadınların niyə hamiləliyin 12-ci həftəsindən sonra peyvənd olunmasının tövsiyə edildiyinə aydınlıq gətirib:

“Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələdir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.

COVID-19 peyvəndlərinə dair sübutlar ÜST, Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. 

Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərir. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoydu”.

Qeyd edək ki, ötən gün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə etdiyinə dair məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir