Məhsəti Gəncəvi – Dünyanın İlk Şahmatçı Qadını

Dünyanın ilk şahmatçı qadınının azərbaycanlı şairə Məhsəti Gəncəvinin olduğunu bilirdinizmi? 

M.Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də tanınmış Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.

M.Gəncəvi, 1089-cu ilin mayın 12-də Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə doğulub və ömrünün sonuna qədər də orda yaşayıb. Əsl adı Mənicə imiş.

Deyilənlərə görə, Səlcuq hökmdarı Sultan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: “To, meh-həsti”. Yəni “Sən hamıdan böyüksən”. Həmçinin bir başqa mənbədə Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübainin çəkdiyi bildirilir: “Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın”. Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi.

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş düşüncəyə görə, “Məhsəti” “mah” və “səti” olmaqla iki sözdən yaranıb və “böyük xanım” anlamına gəlir. Sonunda, başqa bir ehtimala görə, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (“Xosrov və Şirin“) da bunun analoqudur).

Beləliklə də, “meh-həsti” və ya “mə-histi” – “Məhsəti”yə çevrilərək şairənin təxəllüsü olur. Rəvayətlərə görə, o, Gəncənin Xərabət məhəlləsində yaşamış, vaxtını məclislərdə, musiqi və rəqs yığıncaqlarında keçirmişdir. Onun şahmatçı olması ilə bağlı fakta isə Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan XIII yüzilliyə aid, müəllifinin Abdulla Cövhəri Zərgər Təbrizi olduğu güman edilən “Məhsəti və Əmir Əhməd” dastanında qarşılaşmaq olar. 

Məhsətinin şahmatla tanışlığı məclislərdən başlanıb və bu oyun həyatının bütün mərhələlərində onu izləyib. Dastanda deyilir ki, Bəlx şəhərində (indiki Əfqanıstan) yaşayan bir ilahiyyat aliminin qızı olur. Münəccimlər qızın böyük gələcəyindən xəbər versələr də, bildirirlər ki, qızın taleyi xərabət-meyxana ilə bağlı olacaq. Beləliklə, Məhsəti atasının xüsusi səyi ilə gözəl təhsil alır, həmçinin, musiqini dərindən mənimsəyir. 

Atasının ölümündən sonra Məhsəti Gəncəyə, Xərabət məhəlləsinə köçür. Burada o, savadı, gözəlliyi, gözəl səsi və poetik bacarığı ilə hamının rəğbətini qazanır. Gələcək sevgilisi və həyat yoldaşı – Gəncə xətibinin oğlu Əmir Əhmədlə də elə burda tanış olur. Məhsəti tezliklə Gəncədə ən güclü şahmat ustası kimi də ad çıxarır. Gəncə şahı kimi tanınan şəhər hakimi Sultan Məhəmməd onu tez-tez saraya çağırır. Belə görüşlərin birində şah Məhsəti ilə şahmatda gücünü sınayır. Məhsətinin ilk şahmatçı qadın kimi tanınmasında da elə bu oyunun müstəsna rolu olur. Çılğın şahmat azarkeşi və oyunçusu olan Mahmud şahı dəfələrlə udduqdan sonra, Məshətinin şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Ancaq oyunların birində şah nədənsə acıqlanıb Məhsətini öküz dərisinə bükdürüb yeddi günlüyə zindana atdırır. Altıgünlük həbsdən sonra şairə Bəlx şəhərinə qaçır və burda da çılğın oyunu ilə saraydakı şahmat ustalarını, yaradıcılığı ilə saray şairlərini aciz qoyur.

Ümumilikdə götürdükdə, Məshəti üçün şahmat fəlsəfə idi. Sufizmin “Əxi” qolunda ruhi rahatlıq tapan ilk şahmatçı qadınımız düşünürdü ki, şahmat onu Allaha qovuşduran vasitələrdən biridir. Sufizm düşüncəsinə görə, insanda azarkeş duyğusu, yaxşı anlamda asılılıq yaradan, onu bu dünyadan alıb-aparan başqa duyğular, əslində, ruhun göyə üçması, başqa aləmə, Tanrının dərgahına gedən yola qovuşması deməkdir. Bu yolda sufilər üçün şahmat və musiqi məclisləri əvəzsiz vasitə idi. Rəvayətlərdə vurğulanır ki, Məhsəti musiqiyə qulaq asanda, özü udda ifa edəndə və nəhayət, şahmat oynayıb gedişlərinə aludə olanda sanki bu dünya ilə bağlantısını itirirdi. Maraqlıdır ki, çox-çox sonralar Məhəmməd Füzuli, Mövlanə Cəlalədin Rumi kimi sufilərlə yanaşı, Höte, Mendeleyev kimi sufizmə aidiyyəti olmayan dahilərdə də oxşar düşüncə tərzinə rast gəlinib. Onlar da təqribən, eyni düşüncələri paylaşaraq bildiriblər ki, şahmat insanı başqa dünyalara aparan qeyri-adi güc, ya da bu gücün himayə etdiyi sehrli aləmə aparan yoldur. 

1923-cü ildə Nizami Gəncəvinin qəbri qazılıb, Şah Abbas məscidində basdırılmaq istəyəndə, onun yanında bir qadın sümükləri də aşkarlanır. Bunun Məhsəti Gəncəvi olduğu ehtimal edilir.

Rübailəri ilə tanınmış Məhsəti Gəncəvi əsərləri bu ilin mayın 7-də Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Səbuhi Musayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir