Son zamanlar xanımların pilates idman növünə marağı artıb. Bu idman növü bir trendə çevrilib desək, yanılmarıq.
9AY.az Saytı pilates məşqçisi Gülnar Vəliyevanın Oxu.az-a verdiyi müsahibəni sizinlə paylaşır:
– Son zamanlar pilatesə maraq artıb. Neçə ildir məşqçisiniz?
– 10 ilə yaxındır ki, pilateslə məşğul oluram. Öncə özüm üçün pilateslə maraqlanırdım. Bakıda pilates zalına getməmişəm. Moskvada, Dubayda, Türkiyədə və başqa ölkələrdə pilates təlimlərinə qoşulmuşam. Üç ildir ki, JV Fitnes Mərkəzində pilates müəllimi işləyirəm.
– Pilates nədir?
– Pilates alman əsilli Jozef Pilatesin adı ilə bağlıdır. Onun bu idman növünü yaratmaqda məqsədi bədən, qamət quruluşunun tənzimlənməsi olub. Pilatesdə başlıca məqsəd onurğa sağlamlığıdır.
İnsanlar kompüter qarşısında oturur və onurğasında skalioz, oynaq xəstəlikləri yaranır. Pilateslə bu problemlər öz həllin tapır. Pilateslə məşğul olanda doğru nəfəs alıb-veririk, ruhumuzu dincəltməyə yardım olur, eyni zamanda, fit bədən quruluşuna malik oluruq. Bədən tez bir anda sıxlaşa bilir.
– Bu idman növü ilə kimlər məşğul ola bilər?
– Azərbaycanda pilates son 4-5 ildə dəbə çevrilib. 2009-cu ildə mən pilates topu axtaranda tapa bilmirdim. Qıtlıq vardı (gülür). Ancaq indi hər yerdə yeni pilates mərkəzləri var, həm də alətləri rahat tapmaq olur. Yaşından, kilosundan asılı olmayaraq, hər kəs bu idman növü ilə məşğul ola bilər.
– Pilates zamanı başlıca hərəkətlər necə edilir?
– Bir saat pilateslə məşğul olunursa, onun 10 dəqiqəsi isinmə hərəkətləri olur. Pilates məşqləri 40 dəqiqə vaxt aparır. Son 10 dəqiqə isə bədənin soyuması hərəkətləri edilir.
– Pilatesin orqanizmə təsiri hansı müddətdən sonra duymaq olur?
– Bir qadın pilatesə başlayan zaman onun bədən ölçülərini götürürük. Ay sonunda gözlə görünən qədər fərq olur. Ancaq bununla yanaşı, diyeta və kardio məşqləri mütləqdir. Bu, ilk növbədə insanın özündən çox asılıdır. Onun məşqə nə qədər ciddi yanaşıb, sağlam qidalanması önəmli amildir.
Fitnes, pilates, tennis və başqa idman növləri ilə məşğul olmağından asılı olmayaraq, diyeta ən önəmlisidir. Belə deyək ki, 70 faiz diyeta, 30 faiz isə məşqdir. Diyeta saxlamadan gün boyunca zalda oturulsa, heç bir nəticə olmayacaq. Biz birinci sağlam yeməyə keçməliyik. Demirəm ki, hər şeydən imtina edilsin.
Sağlam yemək, bol su içmək, şəkəri, şirniyyatı qida rasionundan çıxarmaq gərəkdir. “Fast food”dan uzaq durmaq və kardio məşqləri etmək lazımdır. Bundan sonra bütün idman növünün təsirini görmək olar. İdman növü bizim əzələyə yardım edir, artıq piydən azad olmaq üçün diyeta şərtdir.
– Bəzi insanlar evdə məşq edir. Sizcə, bu, nə dərəcə düzgündür?
– Evdə məşğul olmaq olar. Bizim pilatesdə ən çox önəm verdiyimiz onurğa sağlamlığıdır və bel boşluğuna ağırlıq düşməməlidir. Pilateslə məşğul olarkən kənardan nəzarət etmək vacibdir. Ola bilər ki, kimsə hərəkətləri düzgün etdiyini düşünür, ancaq bu, yanlış da ola bilər.
Evdə edilən yalnış bir hərəkət bədəndə problem yarada bilər. Tövsiyəm odur ki, ilk 2-3 ayı pilates mərkəzində məşğul olsunlar. Ondan sonra hərəkətləri düzgün edirlərsə, evdə davam edə bilərlər. Niyə də yox?
– Deyirlər, axşam 18:00-dan sonra yemək yeyilməsə, insan kökəlməz.
– Düşünün ki, axşam 18:00-da yemək yemirsən, su içmirsən, səhər 08:00-da yemək yeyirsən. Orqanizm buna dözə bilər? Bu zaman hormonlar pozulur. Axşam 18:00-da yeməyi kəsmək yox, yalnız zülal tərkibli qidalar yemək lazımdır. Bunlar – kəsmik, tərəvəz, qaynadılmış yumurtanın bəyazı və başqa ola bilər. Axşamlar meyvə yeməyi tövsiyə etmirəm. Çünki meyvədə şəkər var və günorta 15:00-16:00 kimi yeyilsə, daha yaxşı olar.
– Düzgün edilməyən pilatesin fəsadları nədir?
– Hərəkətə fikir verilməsə, onurğada problemlər yaranacaq. Tələbələrə dərs keçən zaman deyirəm ki, hərəkəti edin, ancaq onurğaya ağırlıq düşən zaman hərəkəti saxlamaq gərəkdir. Çünki bizə əzələyə işləmək lazımdır.
– Pilateslə həftədə neçə dəfə məşğul olmaq lazımdır?
– Həftədə 2-3 dəfə məşğul olmaq gərəkdir.
– Bəs tələbələrdə nədən narazısınız?
– Disiplinli deyillər, qidalarına fikir vermirlər. Elə vaxt ola bilər ki, qidaya fikir verməmək olar. Bir həftə içində “fast food”la qidalandınız. Ancaq qalan günü onu pozmayın. Məşqə bir ay gəlib, “effekt ala bilmədim” demək də düzgün deyil.
Məşqin dörd-beş ayında artıq ideal bədən forması almaq olar. Tələbələr öncə-sonra şəkillərini paylaşmağa da icazə vermirlər. Çox adam bunun səbəbini öncəki şəkillərinin kiminsə görməsini istəməsi ilə açıqlayır. Ancaq komplekssiz olmaq lazımdır.
– Pilateslə maraqlananlar üçün məsləhətiniz nədir?
– Özlərinə inansınlar. Əgər pilates və başqa idman növü ilə məşğul olmaq istəyirlərsə, vaxt itirmədən bunu etsinlər. Bu diyetada da belədir. Pilates çox qısa bir zamanda fərqi duyulacaq idman növüdür.
– Bəs həm fitnes, həm pilates etmək olarmı?
– Əlbəttə, olar. Bu tənzimlənmiş şəkildə olmalıdır.
– Pilateslə məşğul olan yaşlı tələbələriniz varmı?
– Mənim 67-70 yaşında tələbələrim var. Onlar çox intizamlıdır.
– Bəs pilates sahəsində məqsədiniz nədir?
– Sırf pilates və yoqa mərkəzləri açmaq istəyindəyəm. Bu planlarımı 2020-ci ilin ilk aylarına düşünürəm. Çünki çox xanım fitnes zallarının içində çalışan pilates zalına yönəlmirlər. Onlar bu sahə üzrə olan özəl mərkəz axtarırlar.