ESC 2021: Azərbaycandan Samirə Əfəndi “Mata Hari” oxuyacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya 2021” Beynəlxalq Mahnı Yarışmasında (Eurovision Song Contest 2021) ölkə təmsilçisi olan Samirə Əfəndinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Emi van der Vel, Coş Örl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Yarışmanın Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib:

“Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın yarışmada iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var – “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, – deyə Əfəndi bildirib.

https://www.youtube.com/watch?v=HSiZmR1c7Q4
Efendi – Mata Hari – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2021

Mahnının klipi daha öncə Zivert, Loboda, Maks Barskix və b. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.

Qeyd edək ki, Əfəndi Azərbaycanın “Avroviziya 2020” mahnı yarışmasında da təmsilçisi olub, ancaq Avropa Yayım Birliyi (AYB) COVID-19 pandemiyası ilə bağlı olaraq yarışmanın tarixində ilk dəfə olaraq onu ləğv edib.

https://www.youtube.com/watch?v=I0VzBCvO1Wk
Efendi – Cleopatra – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2020

Şüarı “Open up!” olan ESC2021 yarışmasının yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir