Azərbaycanda siqareti çəkən çəkir, çəkməyən də tüstüsünü udur

Azərbaycanda “zəhrimar” dedikdə, adətən iki məsələ nəzərdə tutulur. Birincisi, adını çəkmək istəmədiyimiz xərçəng xəstəliyi, ikincisi, dadı, tamı, acılığı və cana vurduğu ziyanı ilə tanınan siqareti düşünürük.

Hətta xalq arasında “o zəhrimardan birini ver, çəkək” ifadəsi də oturuşub. Yəni hər bir siqaret istifadəçisi siqaretin nə qədər təhlükəli və ciddi problem olduğunu anlayır, amma bu zəhrimarı mütləq çəkir, ondan ayrıla bilmir. Zəhrimardır, zəhrimar deyil, mütləq çəkməlidir, yoxsa bağrı yarılar, həyat mənasını itirər.

“Bu nə işdir, heç siqaret pulumu çıxarda bilmirəm”…

Azərbaycan siqaret çəkənlər ölkəsidir desək, məncə, yanılmarıq. Siqareti çəkən çəkir, çəkməyən də tüstüsünü udur, çünki haraya getsən, bu tüstüdən yaxa qurtara bilmirsən. Açıq havada belə qoxusunu duyursan. Bəzən avtobusa, ya taksiyə minən birisindən gələn dəhşətli qoxu ürəkbulanması yaradır. Siqareti illərlə çəkənlərin nəfəsi də, əl-ayağı da, pal-paltarı da tənbəki qoxusuna bulanıb, onu heç bir sabun, şampun təmizləyib apara bilməz.

Hərdən axşamçağı şəhərdə gəzişdikcə, sənə tərəf axınla gələn kütlənin sayrışan siqaret kötüklərini görməyə məhkumsan. Burnunu tutub gəzməyin də xeyri yoxdur, onlar səni hər yerdə tapacaqlar. Özü də siqaret aludəliyinə daha çox elə kasıb təbəqənin nümayəndələri arasında rast gəlinir. Hər bir “fəhlə baba” mütləq və mütləq günə 2 qutu siqareti çəkməlidir.

Günəmuzd cəmi 20-25 manat qazanan bu şəxslərin çoxu hətta qazancı siqaretlə ölçür, danışıqda da bu faktoru qeyd edir. Məsələn, “bu nə işdir, heç siqaret pulumu çıxarda bilmirəm” dedikdə, gəlirin azlığından bir növ şikayət edir. Orta hesabla aya 500 manat qazanan kişinin elə 120 manatı siqaretə sərf olunur, yolpulu və arağa xərclədiyini də çıxsaq, ailəsi güc-bəla ilə 300 manata dolanır. Özü də geyimdən, yeməkdən, istirahətdən kəsər, siqaretini kəsə bilməz. Hər gün 2 qutu alınmalıdır.

Siqaret hər hansı bir qlobal müharibədən dəhşətli bir silahdır

Siqaret nə cavana, nə qocaya, nə kişiyə, nə qadına baxır: hamını sıradan çıxarır. Dünya üzrə rəsmi statistika ildə siqaret səbəbindən 7-8 milyon insanın öldüyünü bildirir. Özü də siqaret çəkənlərin sayı artıq 1 milyardı ötüb. Bir sözlə, siqaret hər hansı bir qlobal müharibədən dəhşətli bir silahdır, onun qurbanı daha çoxdur. Əslində dünyada siqaret çəkənin də, siqaretdən dünyasını dəyişənin də sayı qat-qat çoxdur, sadəcə, bunu hesablamaq bir qədər çətindir. Bütün bu rəqəmlər haradasa orta göstərici kimi qəbul edilməlidir.

Siqaret aludəliyi Azərbaycan üçün olduqca ciddi problemdir, amma bunu nə nəzərə alan var, nə də bu barədə düşünən. Əgər ölkədə orta yaşlı hər iki kişidən biri siqaret çəkirsə, deməli, problemdən açıq danışmağın zamanı gəlib çatıb. Siqaret çəkənlərin sayı durmadan artır, günü-gündən bu dəstəyə yeni-yeni insanlar qoşulur. Qarşısını almaq üçün tədbir-filan da görülmür. Axı tədbiri kim görəcək?

Tütün şirkətinin sifarişi ilə təşkil edilən azadlıq aksiyası

Kişilər bir yana qalsın, qadınlar da siqaret çəkirlər. Bir tərəfdən bununla özünü təsdiqləməyə çalışan xanımlar az deyil, digər tərəfdən qadının siqaretdən yaxa qurtarması da çətindir. Daha doğrusu, kişi siqareti ata bilir, qadın isə yox. Bu da fiziologiya ilə əlaqəlidir, kişi orqanizmi daha dözümlüdür. Baxırsan, 50 il ən ağır siqareti çəkən kişi sağ-salamat gəzir, amma qadını min cür xəstəlik aparır. Azərbaycan qadını siqareti gizli çəkir deyə rəsmi statistika yoxdur, amma onların sayı heç də az deyil.

Qadın hər bir məsələdə kişiyə tay ola bilər, bircə siqaret çəkməkdə yox. Bu məsələdə bərabərlik ola bilməz, çünki siqaret çəkən qadının orqanizmi şam kimi əriyib gedir, xərçəngdən tutmuş sonsuzluğa qədər min problemlə üzləşir. Özü də sağlam uşaq dünyaya gətirmək şansı da birə-on azalır. Yeniyetmə dövründə siqaret çəkən qızların sonradan xeyli çətinliyi yaranır. İllərlə bu həkimin, ya o biri həkimin qapısında uşaq əmələ gətirmək üçün növbə gözləyən nə qədər qadın var. Qadının siqaret çəkməsini lap qanunla qadağan etmək olardı, amma bu halda feministlər yəqin, parlamentin qarşısında siqaret mitinq keçirərlər.

Məhz belə bir aksiyanın hesabına ABŞ-da siqaret çəkən qadınların sayı vaxtilə birə-on artıb. Məşhur PR mütəxəssisi Edvard Berneys tanınmış tütün şirkətinin sifarişi ilə 1929-cu ildə Nyu-Yorkda “Azadlıq məşəli” aksiyasını təşkil edir. Əlində yandırılmış siqareti məşəl kimi yuxarı qaldıran qadınlar onlara da kişilər kimi bu məsələdə azadlığın verilməsini tələb edirlər. Daha sonra siqaret çəkən qadınların fotoları həm mətbuatda, həm də rəngli jurnalların ön səhifəsində dərc edilməyə başladı. Siqaret çəkməyən amerikalı qadınlar kütləvi olaraq bu zəhrimara qurşandılar.

Dünyanın hər yerində siqaret məhz ağır narkotik kimi qəbul edilir

Nə SSRİ məkanında, nə də Azərbaycanda siqaret narkotik kimi qəbul edilməyib. Yəni bir qədər anaşa qəbul edən nədənsə narkoman olur, amma siqaret çəkən – yox. Hazırda dünyanın hər yerində siqaret məhz ağır narkotik kimi qəbul edilir. Tərkibi də dəhşətli bir kimyəvi qarışığı xatırladır. Nikotin, ammonyak, sirkə turşusu, aseton kimi ağır maddələri özündə birləşdirir. Özü də siqaretin maya dəyərini azaltmaq, narkotik təsirini artırmaq üçün tütün şirkətləri hər cür fırıldağa əl atırlar. Hətta reklam siyasəti də dəyişib. Siqaretin açıq reklamı qadağan olduğundan bu şirkətlər siqaret əleyhinə kampaniyalara dəstək olurlar, təki siqaretin adı burada hallansın. Özü də gəncləri bir hədəf olaraq seçirlər. Bu kampaniya təxminən belə reallaşır: gənc insana siqaretin yalnız böyüklər üçün olduğu qeyd edilir, yəni “bu sizə aid deyil” kimi ifadələr işlədilir. Təbii olaraq gəncliyə məxsus olan passionar mahiyyət qalib gəlir, siqaret asılılığına doğru ilk addım atılır.

Azərbaycanda siqaretin ağır narkotiklərdən olduğu nə çap mətbuatında deyilir, nə də televiziyalarda bildirilir. Hətta həkimlərin özləri də alkoqol və siqareti ayrı qeyd edir, digər asılılıq yaradan vasitələri isə narkotik kimi göstərirlər. Siqaret də narkotikdir, sadəcə leqal narkotikdir. Yəni satışına heç bir məhdudiyyət yoxdur. Qanunvericilikdə yalnız yetkinlik yaşına çatmayanlara siqaret satılması qadağan edilib. Yəni 18 yaşı olan hər bir şəxs çətinlik çəkmədən siqareti alıb istifadə edə bilər.

Azərbaycanda da siqaret çəkən oğlana gərək qız verilməsin

Bu bəladan yaxa qurtarmaq da çətindir, çünki hara getsək, qarşımıza çıxacaq. Qadağa edilməsinə baxmayaraq, çayxana, restoran və kafelərdə bu zəhrimar hələ də çəkilir. Özü də ailəsi ilə yeməyə gələnləri bu zəhərli maddələrdən uzaq tutmaq məqsədilə bir sıra ictimai iaşə obyektində siqaret çəkənləri bir yerə, ailəvi gələnləri isə başqa yerə toplayırlar. Baxırsan, birinci mərtəbəni tüstü bürüyüb, ikinci mərtəbədə isə hava tərtəmizdir, uşaqlar ora-bura qaçırlar, hamı rəqs edir.

Məsələnin ciddiliyini anlamağın zamanı çatıb. Bu gün tədbir görməsək, sabah əmələ gələn yeni nəsli itirəcəyik. Bu məsələdə həm dünya təcrübəsi var, həm də nə etmək lazım gəldiyini hamımız gözəl bilirik. Siqaret çəkmək gərək digər neqativ hal kimi cəmiyyətdə pislənsin. Məsələn, Türkiyədə hərbi qulluqdan qaçan birisinə qız verməzlər. Gərək Azərbaycanda da siqaret çəkən oğlana qız verilməsin, bəlkə də.

Yeniyetmə bir oğlanın əlində siqaret çəkə-çəkə hərəkət etməsi bu gün heç kimdə qıcıq doğurmur, heç polis buna fikir vermir. Amma bu, qanun pozuntusudur, bu gənc bir tərəfdən özü qanunu pozur, digər tərəfdən ona siqareti satan kimsə də cəzasız qalır.

Bütün təhsil ocaqları, ictimai təşkilatlar, dövlət qurumları, mətbuat siqaretsiz sağlam həyat tərzini təbliğ etməlidir. Ziyanlı bir vərdiş olduğunu hər birimiz anlamalıyıq. İctimai qınaqdan tutmuş sərt qadağalara kimi hər bir imkandan istifadə edilməlidir. Bəlkə bu halda gələcək nəsillərin təmiz havası olan şəhərlərdə yaşamaq imkanı yaranar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir