Avraham Linkoln (Abraham Lincoln) dünyanın ən tanınmış şəxslərindən biridir. ABŞ-da quldarlığın ləğvi onun sayəsində baş tutub və bu, onu milli qəhrəman edib.
Öz zamanında sərt tənqidlərlə üzləşməsinə, ilk öldürülən prezident olmasına baxmayaraq, sorğulara görə, o, hələ də Amerika xalqının ən sevimli prezidentidir.
Avraham Linkolnun dörd oğlundan üçü yetkinlik yaşına çata bilməyib (4, 11 və 18 yaşlarında vərəm və tifüs xəstəliklərindən ölüblər). Ancaq böyük oğlu Robert 82 il ömür yaşayıb və siyasət, hüquq sahəsində karyera qurub.
1855-ci ildə A.Linkoln insanların tez-tez unutduğu önəmli məsələlərdən olan “Oğlumun müəlliminə məktub”u yazıb. Məktubun beş yaşlı Uilyam – prezidentin sevimlisi üçün yazıldığı güman olunur. Ancaq o, heç bir təhsil ala bilməyib və 11 yaşında vəfat edərək atası ilə birgə basdırılıb.
Avraham Linkoln: Oğlumun Müəlliminə Məktub
“Başa düşürəm ki, oğlum bütün insanların ədalətli, səmimi olmadığını biləcək. Ancaq ona öyrədin ki, hər eqoist siyasətçinin yerinə sədaqətli başçı tapıldığı kimi, hər pis insan yerinə igid biri tapılacaq.
Ona başa salın ki, düşmən varsa, dost da var. Onu tapmağa çox vaxt gedəcək, ancaq bacarsanız, öyrədin ki, qazanılmış bir dollar tapılmış beş dollardan daha dəyərlidir. Ona uduzmağı bacarmağı, həmçinin, uğurdan zövq almağı öyrədin.
Bacarsanız, onu paxıllıqdan uzaq tutun, səssiz gülüşün sirlərini başa salın. Ona kitablarla maraqlanmağı öyrədin.
Ona sərbəst vaxt verin ki, o, çoxillik sirlər – səmadakı quşlar, günəş şəfəqləri, yaşıl təpələrdəki çiçəklərlə bağlı düşünsün.
O məktəbdə oxuyanda ona öyrədin ki, uğursuzluğa dözmək daha şərəflidir, nəinki aldatmaq. Ona öz ideyalarına inanmasını söyləyin, hətta kimsə ona “yanlış yolda olduğunu, itəcəyini” desə də… Ona yumşaqxasiyyətli insanlarla yumşaq, sərt insanlarla sərt olmağı öyrədin.
Oğluma hər kəs qalib tərəfə gedəndə toplumu izləməmə gücü verməyə çalışın. Ona bütün insanlara qulaq asmaq, ancaq eşitdiklərini analiz edə bilmək bacarığı verin.
Bacarsanız, ona kədərdə də gülməyi öyrədin. Göz yaşlarında utanılacaq heç nə olmadığını anlatın.
Beyin və əzələ gücünü müəyyən məbləğdə satsa da, heç vaxt ürək və ruhla alış-veriş etməməyi öyrədin.
Ona həmişə özünə yüksək inamlı olmağı öyrədin, ancaq o zaman o, insanlıqda inamlı olacaq.
Bu, asan iş deyil, ancaq görün, nə edirsiniz. Oğlum elə yaxşı biridir ki…”