Uşaqların çoxunda pis vərdişlər müşahidə olunur. Bəziləri daim burnuna əl aparır, bəziləri qulağı ilə oynayır, bəziləri alt dodağını çeynəyir. Pis adətlər siyahısını beləcə davam etdirmək olar. Barmaqlardan səs çıxarmaq, onları daraqlamaq kimi adətlərin hamısını nəzərdən keçirmək imkanımız yoxdur. Sadəcə, bu məqalədə pis adətlərdən çəkindirmək barədə danışacağıq.
Uşaqda pis adət görən kimi diqqətli olsaq onları aradan qaldıra bilərik. Pis adət gördükdə öncə onu zəiflətməyə çalışmalıyıq. Belə olduqda pis adət daimi xarakter almır. Uşaqda pis adət gördükdə dərhal fəryad çəkməyin. Əgər körpə duysa ki, əlini burnuna aparmaqla sizin diqqətinizi çəkir, o bundan fürsət kimi də istifadə edə bilər. Yəni onun istəyinə cavab vermədikdə, bu işlə sizdən cavab almağa çalışar. Məsələn, televizora baxarkən ona deyin: “Televizor qarşısında əlini burnuna aparmamağın çox yaxşıdır, təşəkkür edirəm.” Belə etsəniz uşaq sizin razılığınızı əldə etmək üçün həmin adətdən çəkinməyə səy göstərəcək.
Uşağı pis adətdən çəkindirməyin bir yolu da onun diqqətini başqa bir işə yönəltməkdir. Əgər uşağınız barmaqlarını daraqlayırsa, onlardan səs çıxarırsa bu vaxt ona tərəf məsələn, top atın. O topu tutmaq üçün dərhal əllərini bir-birindən aralayacaq. Bir sözlə, elə bir iş görün ki, əllərini aralamağa məcbur olsun.
Uşaqda pis adətlərin yaranmasının bir səbəbi də valideynin özündə pis adətlərin olmasıdır. Valideynin öz pis adətini uşaqla görüb ona qadağa qoyması halları kifayət qədərdir. Valideyn uşağa nümunə olmalıdır.
Uşağa pis adəti qadağan etməzdən öncə ən azı bir həftə onun bu hərəkətlərini izləyin. Uşaq bilmədir ki onun gördüyü iş pisdir və ətrafdakıları narazı salır. Buna əmin olmasa pis adəti atması çətin məsələdir.
Uşağa xəbərdarlığa xoşrəftarla başlayın. Ona başa salın ki pis adət nədir və onu nə üçün tərk etməliyik. Uşaq bilsin ki buruna əl aparmaq, dodağı çeynəmək xəstəliyə səbəb ola bilər. Müxtəlif üsullarla uşaqda pis adətə qarşı ikrah yaradın.
Uşaqla birlikdə güzgü qarşısında əyləşin. Deyin ki güzgüdə öz pis adətinə bax. Qoy özünü görsün, pis adətini tanısın. Hər gün güzgü qarşısında bu işi görmək faydalıdır.
Uşaq pis adətə başlayanda ona işarə ilə xəbərdarlıq edin. Onların buna ehtiyacı var. Ancaq işarə kobud rəftar deyil. Uşaq oturanda ayaqlarını yelləyirsə ona mehribanlıqla xəbərdarlıq edib çəkindirmək lazımdır. Adət qeyri-iradi, planlaşdırmadan görülən işdir. Ancaq onu aradan qaldırmaq üçün proqrama ehtiyac var. Təcrübədə yoxlanılmış bir sıra tərketmə üsullarını gözdən keçirəcəyik.
Bəzi pis adətlər konkret zaman və məkanla bağlıdır. Öncə pis adətin hərəktverici qüvvəsini tanımalıyıq. Öyrənməliyik ki, uşaq daha çox nə zaman və harada pis adətə üz tutur.
Zaman və məkanı müəyyənləşdirdikdən sonra həmin şəraitə diqqəti artırmalıyıq. Uşaqlar adətən televizora baxarkən barmaqlarını sorurlar. Bu adəti zəiflətmək üçün televizora baxmaq zamanını məhdudlaşdırın. Əmin olduqda ki, uşaq televizora baxanda barmağını sorur, televizoru tamamilə qadağan etmək olmaz.
Əgər siz su kranından suyun damdığını duymasanız, heç vaxt onu bağlamaq üçün ayağa qalxmayacaqsınız. Bizim bir hadisəyə diqqətsiz qalmağımız həmin hadisəni gücləndirir. Uşağın pis adətinə diqqətsiz qaldıqda bu adət xarakterə çevrilir.
Pis adət suyun sızması kimidir. Qarşısı alınmadıqda güclənir. Demək, pis adəti aradan qaldırmaq üçün öncə ona diqqət verilməlidir.
“Dırnağını dişləmə”, “barmağını sorma”, “əlini burnundan çək” kimi uca səslə əmrlər bəzən uşağa çox təsirli ola bilər. Ancaq unutmayın ki, belə yanaşma uşağın psixologiyasına zərbə olur və onlar tək olduqda pis adət sorağına gedirlər.
Deyə bilmərik ki, bütün uşaqlarda pis adətlə mübarizə üsulu yeganədir. Uşaqlar bir-birlərindən fərqləndiyi üçün hər uşağa qarşı xüsusi proqram lazımdır. Öncə qeyd etdiyimiz güzgü üsulunun faydası budur ki, uşağa “bu işi görmə” dedikdə, uşaq həmin işi təsəvvüründə canlandıra bilir. Bəzi uşaqlar dişlərini bir-birinə vurub taqqıldadırlar. Uşağa ardıcıl şəkildə xatırladanda ki, bu adət onların çənə sümükləri və dişlərini zədələyir, onlarda həmin adətdən uzaqlaşmağa meyl yaranır. Bir sözlə, qadağa, qorxutmaq, cəzalandırmaq pis adətdən çəkindirmək üçün münasib üsul deyil. Uşaqda pis adət gördükdə onu qucaqlamaqla, təəccüblə “yaxşısanmı” soruşmaqla diqqətini çəkmək olar. Uşaq hər dəfə əlini burnuna apardıqda və ya barmağını sorduqda sizdən reaksiya görsə bu təsirsiz qalmaz. Olsun ki, uşağa ilkin xəbərdarlıq zamanı onda şıltaqlıq yaransın və o bu işi qəsdən təkrarlasın. Bu ona bənzəyir ki, evi təmizləməyə başladıqda əvvəlcə hər şey bir-birinə dəyir.
Valideynin sadəcə qıraqdan baxıb ümid etməsi uşağı pis adətdən çəkindirmir. Ən pis münasibət sakit durub baxmaqdır. Əgər uşaq körpədirsə, onu düşündürmək çətindirsə adətə fiziki maneələr yaratmaq olar. Əlini tez-tez burnuna aparan uşağı bu adətdən çəkindirmək üçün məsələn, ona torba şəklində əlcək geyindirmək olar. Bu vaxt o yuxuda olanda da barmağını burnuna apara bilməyəcək. Bu kimi fiziki maneələr düşünüb tapmaq olar. Unutmayaq ki, hər dəfə pis adətə qaydasınca reaksiya göstərdikdə ona meyl azalır. Valideyn mehribanlıqla xəbərdarlıqdan yorulmamalıdır. Əgər uşaq bu işdə sizə yardım etmək istəməsə uğur qazana bilməzsiniz. Öncə uşağı razı salmaq lazımdır ki, pis adətin çəkinməkdə həmkarlıq etsin. Uşaq ayağını yelləyirsə onun ayağına daş bağlamaqla bir iş görmək olmaz.
Pis adətdən uzaqlaşmağın ən uğurlu yollarından biri adətin əvəzinə maraqlı iş təklif etməkdir. Daha doğrusu elə bir iş görməliyik ki, uşaq özü pis adətdən yayınsın.
Uşağa barmağını sorduğu vaxt saqqız təklif etsək təbii ki, o barmağını sora-sora saqqız çeynəyə bilməz. Bu təbii çəkindirmə yoludur. Uşağın dırnağını çeynəməsi, barmaqlarından səs çıxarması həm də əsəbilik əlamətidir. Bu pis adətləri müşahidə etdikdə uşağın əsəblərini sakitləşdirəcək işlər tapmalıyıq. Yadda saxlayaq ki, uşaq adətən tək qaldıqda, diqqətdən kənarda olduğunu duyduqda pis adətlərə üz tutur. Əgər onunla daim əylənən, onun başını qatan olsa pis adətlərə yer qalmaz.
Bir daha vurğulayaq ki, eyni üsul bütün uşaqlara tətbiq olunmur. Uşağa hansı tədbirin təsirli olduğunu sınaqdan keçirin. Hansı tədbir uşaqda psixoloji rahatsızlıq yaradırsa həmin tədbirdən imtina edin.