Xaricdə yaşayan azərbaycanlı qadınlar Ermənistanın “Əsgər anaları” qurumuna müraciət ediblər

Xaricdə yaşayan azərbaycanlı xanımlar Ermənistanın ölkəmizə qarşı törətdiyi 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hərbi təxribatlarla bağlı erməni əsgər analarına müraciət ediblər.

Ermənistanda fəaliyyət göstərən “Əsgər anaları” qurumuna ünvanlanan müraciətdə bildirilib ki, milliyyətindən, sosial-ictimai mənsubiyyətindən asılı olmayaraq bütün analar balaları üçün eyni duyğuları yaşayır. Hər kəs öz balasının sağlam və xoşbəxt böyüməsini istəyir. Özəlliklə, analar bunun üçün bəzən öz sağlamlıqlarını belə qurban verməyə hazır olurlar:

“Bu qədər gözəl və müqəddəs duyğuları daşıyan ana öz balasının ölümünə necə razı olur? Balalarınızın özgə torpağında ölümü, sağlamlığını itirməsi sizi heç rahatsız etmirmi?

30 ilə yaxındır sizin balalarınızın da daxil olduğu erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal altında saxlayır, mülki azərbaycanlıları qətlə yetirir və müxtəlif təxribatçı hərəkətlər edirlər.

2020-ci il 27 sentyabr tarixində isə yenidən Ermənistan hökuməti ölkə daxilində müşahidə edilən siyasi gərginliklərdən, sosial problemlərdən diqqəti yayındırmaq üçün Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Yenə mülki insanlar həyatını itirirlər, mülki və hərbi obyektlərə zərər dəyir.

Artıq Azərbaycan xalqının və ordusunun səbri tükənib. Ermənistanın təxribatlarına əks həmlə ilə layiqincə cavab verməkdədir. Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyinin təmin olunması və işğal edilmiş torpaqların azad edilməsi üçün əməliyyatları davam etdirir. Yüzlərlə erməni əsgəri həyatını və sağlamlığını itirir”.

Müraciət edən azərbaycanlı xanımlar erməni əsgərlərini Qarabağdan, işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırır:

“Ananın milliyyəti olsa da, analığın milliyyəti yoxdur. Bir ana kimi bunları bilməyinizi və yaxşı-yaxşı düşünməyinizi tövsiyə edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın “Erməni əsgəri ölmək istəmirsə, bizim torpaqda nə işi var?!” sözlərini əsgər analarına bir daha xatırlatmaq istərdik. Bu sadəcə söz deyil, bu sizə bir çağırışdır.

Bilin və agah olun, Azərbaycan Ordusu və xalqı ayaqdadır, torpaqlarımız işğaldan azad edilənədək, sonuncu erməni əsgəri tarixi Azərbaycan torpaqlarından çıxarılanadək mübarizə davam edəcək.

Bir ana kimi, sizi sağlam gələcəyi üçün balalarınızı Qarabağdan geri çəkməyə, onları erməni siyasi avantüralarının qurbanı olmaqdan qorumağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir