Əslində özünü dəyərləndirmə sözünün açıqlamaya ehtiyacı var. Burda insanın özünü dəyərləndirməsini desək də, əslində sual yaranır ki, bu özünü dəyərləndirmə insanda necə formalaşır? Bəli, tamamilə doğrudur, bu başqa insanların bizə olan münasibətinin cəmindən formalaşır. Bir uşaq özünün “yaxşı”, ya da “pis” olmasını haradan başa düşür? Valideynlərin ona olan münasibətindən. Biz ətrafdakıların bizə verdikləri dəyərləndirmə əsasında özünü dəyərləndirməyimizi formalaşdırırıq.
Bəzən elə olur ki, bir xanım fərqli sahələrdə özünü fərqli dəyərləndirir. Misal üçün, mütəxəssis kimi özünə inamı var, professional həyatda özünü qiymətləndirmə yüksəkdir, lakin bir xanım, qadın olaraq özünə inamı yoxdur. Bu günün mövzusu məhz şəxsiyyət kimi özünü dəyərləndirmədir.
Qadının özünü dəyərləndirməsinin əsasını özünü dəyərli duyması və əks cins üçün cəlbedici olması təşkil edir. Özünə inamı normal durumda olan bir xanım kişi diqqətindən qorxmur, özünü sevgiyə, sayğıya layiq görür, bu cür münasibəti tələb edir.
Bəs özünü dəyərləndirmə problemi olanda nələr baş verir?
1. Özünə inamsız olan xanım başqasından diqqət, kömək, hədiyyə qəbul edə bilmir. O, özünü hardasa daxildə bu sevgiyə layiq görmür. Buna görə də həmin xanımlar kimsə tanış olmağa çalışdıqda, kompliment edib xoş sözlər deyəndə çaşbaş qalırlar, hansısa pis məqsəd axtarırlar (“Xanım, xanım, ay xanım” çıxışımda misal gətirdiyim xanımda bu problemin olduğunu ehtimal edə bilərik).
2. Özünü qiymətləndirmə səviyyəsi aşağı olanda qadın sanki özünə daxildə özünün o qədər də yaxşı olmadığını deyir. Beynində “İstənilən münasibət təklifinə razı ol!” düşüncəsi dolaşır. “Bəlkə bir daha heç kim mənə diqqət etmədi, münasibət təklif etmədi?” kimi suallar, şübhələr çoxluq təşkil edir.
Sayğıdəyər xanımlar, Sizlər bu cür düşünməyə davam edəcəyiniz halda, məhz layiq olmadığınız münasibətlərlə üzləşməli olacaqsınız. Özünə inamı olmayan xanım layiqli kişinin diqqətini özünə cəlb edə bilməyəcək.
Bu cür problemi olan xanımlar özünün kişini seçmək haqqına malik olmadığını düşünür və çox vaxt əslində uzaq durmalı olduğu insanlarla münasibətdə olurlar.
3. Daha bir göstərici xanımın öz duyğularını, arzularını birbaşa və açıq şəkildə deyə bilməməsi, bundan çəkinməsidir. Təsəvvür edin, kişi xanıma dürüst şəkildə xoş bir şey etmək istəyəndə, onun nə istədiyini soruşur, özünü dəyərləndirməsi aşağı olan xanım isə həmişə cavabında ya tapmacalarla danışır, ya da cavabdan yayınır. Beləliklə, Sizin partnyorunuz Sizdən sözləri, cavabları “kəlbətinlə” çıxarmağa çalışır və əvvəl-axır bu cür “oyunlar” onu, normal kişini bezdirməyə başlayıb, soyudur.
Başqa hallarda isə, Sizin fikrinizi və arzularınızı heçə sayacaq kişilər üçün Sizin belə özünə inamsız olmağınız, susmağınız onlara sərf edəcək.
Özünü dəyərləndirmə aşağı olan xanımlar kişinin “qaçmasından” qorxurlar. Ona elə gəlir ki, onu ancaq o halda sevəcəklər ki, o kişinin bütün arzu və istəklərinə “uyğunlaşacaq”, özü üçün heç nə istəməyəcək, kişi üçün “rahat” biri olacaq.
Şüuraltı şəkildə xanım inanır ki, sevgini qazanmaq lazımdır, və o xanım özünü ifadə etsə, ondan imtina edəcəklər. Bu cür yanaşma münasibətlərdə xanımı bütün güzəştlərə getməyə məcbur edir, “təki kişi yanında qalsın”, təki onu “atmasınlar” fikri əsas olur. Bu isə öz növbəsində həmin xanımın hörmət və sevgi görmədiyi yerdə olmasına gətirib çıxarır. Bütün bunlar isə öz növbəsində asılı münasibətlər formalaşdırır. Gələcəkdə bu mövzuya toxunacam.
4. Qadının özünü dəyərləndirməsinin aşağı olmasının daha bir göstəricisi onun yaxın ətrafının ona hörmət etməməsidir. Adətən Sizin ətrafınız Sizin özünüzü necə qiymətləndirmənizi əks etdirir. Siz özünüzə necə münasibət bəsləyib, qiymət verirsinizsə, ətrafdakılar da onu Sizə qarşı təkrarlayacaqlar. Hər birimizin ətrafında elə insanlar var ki, onlara qarşı heç kim kobudluq edə bilməz. Elələri də var ki, çox insan onlara qarşı pis davranır. Bu nə ilə bağlıdır? Təbii ki, həmin insanların özünü qiymətləndirməsinin aşağı və ya yuxarı olması ilə. Əgər insan daxilən özünü layiqli sayırsa, özünə hörmət edib, özünü sevirsə, həmin insan digərlərinə özünə qarşı aşağılayıcı, kobud rəftar etməsinə imkan verməyəcək.
Diqqət yetirin, biz bütün bunları birbaşa ailə zorakılığı ilə qarşılaşan xanımlara aid edə bilərik (Bu haqqda ətraflı “Ailə zorakılığı” məqaləsini oxuya bilərsiniz). Özünə inamı olmayan xanımlar illərlə zorakılığa göz yumur, onun qurbanı olurlar. Özünə inamı olan xanımlar isə dərhal zorakılığa qarşı mübarizə aparmağa başlayırlar, nəticə olmayanda isə həmin ailəni haqlı olaraq tərk edirlər.
5. Qadının özünə inam duyğusunun olub-olmamasını onun başqa xanımlara necə münasibət göstərməsində görmək olar. Özünü dəyərləndirmə aşağı olanda xanım özünü başqa xanımlarla müqayisə edir, ətrafdakı hər kəsi özünə rəqib görür. Əgər Siz öz içinizdə Sizdə olan keyfiyyətlərin, dəyərlərin cəminin başqa birisində olmamasını anlayırsınızsa, Siz heç kimlə rəqabət aparmayacaqsınız. Sizin öz üstün cəhətləriniz var, başqa xanımların öz.
Hər bir xanım konkret həmin dəyər və göstəriciyə qiymət verən kişi üçün dəyərli olacaq. Misal üçün, mənim boyum 1.87 olduğu üçün istər istəməz hündür boylu xanıma diqqət yetirəcəm. Başqa bir kişi isə gözəl səsi sevdiyi üçün ancaq səsini bəyənəcəyi xanıma diqqət yetirəcək. Bu halda nə hündür boylu xanım, nə də səsi gözəl olan xanım bir birindən üstün və ya aşağı olurlar. Hər ikisi özünə məxsus, fərqləndirici xüsusiyyətlərə malikdirlər. Misallar fiziki göstəricilərə aid idi, lakin eynisi dəyər və keyfiyyətlər üçün də keçərlidir. Siz təkrarolunmaz insansınız, bunu unutmayın.
Əgər xanım başqalarını özünə rəqib görürsə, deməli özünü dəyərli duymur. Hər zaman özünü başqaları ilə müqayisə edəcək. Fərq etməz, bu müqayisədə “qalib” çıxır, yoxsa “uduzur”. Bu cür problemi olan xanımın özünü necə duyması həmin an onun ətrafında olan konkret insandan asılı olacaq. Bu isə ciddi problemdir.
Özünü dəyərləndirməni yüksəltməyə nə mane olur? Problemləri necə həll edəcəyimizlə bağlı video çıxışımı xatırlayırsınız? Orda bizə imkan verməyən bir duyğudan danışmışdım. Hə, yenə də qorxulara toxunuruq. Burda pis olmaq, eqoist görünmək, rəfiqələr, kişi tərəfindən tərk edilmək qorxuları olduğu üçün bir çox hallarda xanımlar özünü dəyərləndirmə problemini həll etmirlər. Sanki Siz özünüzü sevib, hörmət etməyə başlayanda bu kiminsə xoşuna gəlməyəcək, kimlərsə buna əsəbləşəcək, Sizi sevməyəcəklər. Bir tərəfdən doğrudur, Siz özünüzü dəyişməyə çalışanda bəzi “qüvvələr” bunu bəyənməyəcək. Niyə? Çünki onların “eqoist” adlandıracağı Siz artıq “öz başınızla” düşünüb, öz xeyrinizə qərarlar verəcəksiniz. Bu isə öz növbəsində Sizin ətrafınızda olan bəzi insanlara sərf etməyəcək.
Sual: Sizə ətrafınızda belə insanlar lazımdır?
Bizim bir çoxumuza elə gəlir ki, biz özümüzə hörmətli münasibət tələb etsək, özümüzü sevib, qorumağa çalışsaq, ətrafdakı insanların gözündə “pis” olarıq. Qorxmayın. Bu belə deyil. Özünüzü müdafiə etməklə Siz “pis” yox, sağlam ŞƏXSİYYƏT olursunuz.
Siz bunu tədbiq etməyə başlayanda ancaq layiqli insanlarla əhatə olunacaqsınız. Gözəl, layiqli həyatınız olacaq.