Uşaqların Tərbiyəsində Valideynlərin Rolu

Uşaqların tərbiyəsində ən asan və əlçatan örnəklərdən biri ailədə valideynlərin şəxsi nümunəsidir.

Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz. Məhəmməd Peyğəmbər

Türk elm adamları uşağın doğuluşunun dörd mərhələdən keçdiyini söyləyərək, bunu aşağıdakı kimi sıralayıblar: birinci, embrionun ilk görüntüləndiyi, yəni hüceyrənin gerçəkləşdiyi, ikinci, 9 aydan sonra olan fizioloji doğum, üçüncü, psixoloji doğum – bu, fizioloji doğumdan sonra uşağın ana ilə ilk təmasıdır və dördüncü, sosial doğum – bu, uşağın məktəbə getdiyi ilk gündür. Diqqət yetirsək, bu dörd mərhələnin ilk üç mərhələsində uşağın sağlamlığının qorunması və tərbiyəsində ilk həlqə anadır, ailədir. Məktəb və cəmiyyət isə ana bətnindən başlayan tərbiyə prosesinə sonradan qoşularaq vaildeynlə birlikdə “sacayaq” formasında uşağın yetişdirilməsində iç-içə hərəkət edir. Deməli, valideynlər uşağın ilk tərbiyəçiləridir.

Embrional pedaqogika da tərbiyənin ana bətnində hüceyrənin ilk görüntüləndiyi gündən başlamasını irəli sürərək, ananın rolunu və məsuliyyətini göstərir. Pedaqogika elmində tərbiyə məsələlərinin bir sistem halına gətirilməsində böyük əmək sərf etmiş J.J.Russo, İ.H.Pestalotsi, A.Disterveq, R.Ouen, Y.A.Komenski kimi bir çox fikir adamları, maarifçilər bu sistemdə ailənin, özəlliklə də ananın rolunu yüksək dəyərləndiriblər. Məsələn, fransız maarifçisi J.J.Russo tərbiyə ilə bağlı yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” qənaətinə gəlmişdir. Bundan çox sonralar tanınmış türk yazarı Namiq Kamal “Tərbiyə ana qucağında başlayır, hər deyilən söz isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir” deyərək, uşağın həyatında ananın roluna yüksək önəm verib.

XX yüzilliyin xeyriyyəçisi və maarifçisi Hacı Zeynəlabdin Tağıyev isə deyirdi ki, “Anaları savadsız olan millət kordur”. Böyük maarifçinin dediklərində böyük həqiqət var. Çünki XXI yüzillik ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, cəmiyyətin bir quruluşdan başqa quruluşa keçməsi yeni düşüncə tərzi olan insanın yetişdirilməsində önəmli rol oynayan ananın timsalında ailənin savadlı olmasına, davamlı olaraq öz üzərlərində işləməsinə, maarifləndirmə xarakteri daşıyan proqramlarda iştirak etməsinə ehtiyacı yaradır.

Dünyada bu istiqamətdə müəyyən təcrübələr var. Məsələn, tanınmış pedaqoqların, alimlərin fəal iştirak etdiyi daimi fəaliyyət göstərən valideyn universitetləri, birliklər, təşəbbüs qrupları, klublar, “dəyirmi masa”lar var ki, valideynlərdə gələcəyin əvəzedilməz potensialı olan bugünkü uşağın tərbiyəsində  yeni yanaşmanı, düşünçəni formalaşdırır. Qərb, Avropa və Rusiya məktəblərində geniş yayılmış formalardan biri də ictimai fəal məktəblərin olmasıdır.

Bu forma valideynlərin təlim-tərbiyə prosesində könüllü tərəfdaşa çevrilməsi üçün geniş imkanlar yaradır. Bir sözlə, valideyn tərbiyədə  məktəbin və cəmiyyətin əsas tərəfdaşı olduğunun məsuliyyətini dərk edərək, necə deyərlər, “yaxa”sını kənara çəkmir, illər boyu səsləri “gəlməyən” və yaxud da uşağının bütün qüsurlarını məktəbdə, müəllimdə axtaranlar öz potensial imkanlarını dərk edir, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində, müasir tələblər baxımından qurulmasında təmannasız, könüllü olaraq tərəfdaşa çevrilir.

Bu sayılanlar kampaniya xarakterli deyil, davamlı olaraq yerinə yetirilə biləcək fəaliyyətlərdir. Və bu fəaliyyətlərdən ümumi işə fayda verəcək aşağıdakı nəticələr əldə olunacaq:

– Valideyn öz potensial imkanlarını və ehtiyaclarını aşkarlamaq üçün özünü və övladını xaraktercə, keyfiyyətcə öyrənəcək.

– Ailədə ata-övlad-ana arasında anlaşma, yardımlaşma, fikir mübadiləsi aparmaq, razılığa gəlmək dinamik xarakter alacaq.

– Valideynlərin qonşular, məhəllə sakinləri, iş yoldaşları ilə münasibətlərdə tərbiyə məsələləri başlıca mövzuya çevriləcək.

– Ehtiyac olduqda valideynlərin iaşə, səhiyyə təşkilatları və biznes qurumları olaraq müxtəlif tipli təsisatlarla əlaqələri yaranacaq;

– Valideynlərdə və dünyaya bir fərd kimi gəlmiş uşağın şəxsiyyət kimi yetişdirilməsinin alt yapısı olan sosiallaşma təmin edilir.

Yekunda isə valideyn, məktəb və cəmiyyət qazanır. 

Əlbəttə, təlim-tərbiyədə effektiv və səmərəli olan bu “resept”dən bütün ölkələrdə tam olaraq istifadə edildiyini söyləmək olmaz. Çünki bu qəbildən olan fəaliyyətlərin əsasında demokratik prinsiplərin olduğu cəmiyyətlər durur. Bu elə bir cəmiyyətdir ki, burada bütün üzvlər, tərəflər öz bacarıqlarını, müxtəlifliklərini dəyərləndirmək imkanına malik olurlar və hər bir fərdin fikir və təkliflərinə, tənqidlərinə hörmətlə yanaşılır. Və tərbiyəni bir-birinə bağlayan həlqələrdən hər birinin qanunda yazılıb-yazılmamasından asılı olmayaraq, hüquq və vəzifələri, yerinə yetirəcəyi missiya bir-birinə “yaşıl” işıq yandıraraq vəhdətdə hərəkət edir. İngilislər: “Yaxsı nümunə ən yaxşı tərbiyədir” – deyirlər. Düçünürük ki, hər hansı bir sistemin mövcudluğundan asılı olmayaraq, bu üç həlqənin hər biri uşağın tərbiyəsində müsbət mənada böyük rol oynaya bilər. Məsələn, ən sadə və əlçatan nümunələrdən biri  ailədə valideynlərin şəxsi nümunəsidir. Valideyn öz müsbət keyfiyyətləri ilə uşaqda əxlaqi-mənəvi dəyərləri, davranışları, qabiliyyətləri formalaşdırır.

C.Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Fikrimizcə, bu, yalnız millətin yox, eyni zamanda ailənin də rifah halının yaxşı olması deməkdir.

Müəllif: Məlahət Mürşüdlü, pedaqogika üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.