Bu metodun müəllifi Uolt Disney (Walt Disney) hesab olunur. Bu strategiyadan o, cizgi filmlərini yaradarkən istifadə edirdi.
Uolt Disney haqqında qısa məlumat
Uolt Disney amerikalı rəssamı və multiplikatoru, kinorejissor, aktyor, ssenarist və prodüseridir. 1901-1966-cı illərdə yaşamış, cizgi filmləri ilə böyüdüyümüz “Uolt Disney Production”un, bütün dünyada məşhur və uşaqların sevimlisi olan “Disneyland” – uşaqlar üçün əyləncə parkının yaradıcısıdır. Kasıb və ehtiyac içində yaşayan ailədən çıxmasına baxmayaraq, öz bacarıq və qabiliyyəti sayəsində multimilyarderə çevrilib, 25 dəfə “Oskar” mükafatına layiq görülüb. İndi onun yaratdığı “Uolt Disney” şirkəti 30 milyard dollar gəliri olan güclü bir şirkətə çevrilib.
Beləliklə, Uolt Disneyin cizgi filmlərini yaradarkən istifadə etdiyi strategiya
İş zamanı Disney fikir verir ki, gözəl ideyalar onun işçilərinin tənqidi nəticəsində heçə çevrilir və nəticədə nəinki, cizgi filmi əmələ gəlmir, hətta verilən gözəl ideyalar da puç olub gedir. Ancaq eyni zamanda, onu da müşahidə edir ki, ideyaları heç də bütün əməkdaşlar dərhal tənqid etmir. Elə işçilər tapılır ki, ideyadan ilham alıb, onu inkişaf etdirir, başqaları isə həmin fikri reallaşdırmaq üçün yollar axtarır.
Bunu görən Disney işçiləri qruplaşdıraraq, onları müxtəlif mərtəbələrdə yerləşdirir. Belə ki, “xəyalpərəstləri” o, iri pəncərələri və divarları olan ikinci mərtəbədə yerləşdirir ki, yeni-yeni, möhtəşəm fikirlərləri orada yarada bilsinlər.
Birinci mərtəbədə, adi iş otaqlarında “realistləri” yerləşdirir. “Realistlər” “xəyalpərəstlərin” ideyalarını reallaşdırmağa çalışaraq, lazımi imkan və resurslar axtarır.
Ən nəhayət, yarızirzəmi, darıxdırıcı otaqlarda isə “tənqidçiləri” yerləşdirir. Onlar “realistlərin” işində qüsur axtarır, ancaq heç vaxt “xəyalpərəstlərlə” qarşılaşmırlar.
Nəticədə xəyalpərəstlər yeni ideyalar fikirləşib, onları realistlərə yollayır. Realistlər proyekt üçün sənədləri hazırlayıb tənqidçilərə göndərir, tənqidçilər də öz növbəsində proyektin niyə alınmayacağı üçün mümkün qüsurları və səbəbləri göstərirlər. Bundan sonra tənqidçilərin bütün etirazlarını realistlər yenidən alıb, qüsurları düzəldirdilər.
Bu rəvayətin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma onu da bilirəm ki, bu rəvayət mənim çox xoşuma gəlir və hətta indi NLP-də (Neyro-Linqvistik Proqramlaşdırma) Disneyin bu metodundan istifadə edilir.
Kağız-qələm götürün. Çünki həmin metodu Sizə təqdim edirəm:
Əlbəttə ki, Xəyalpərəstdən başlayırıq. Öz Böyük Xəyalınızı təsəvvür edin, amma elə təsəvvür edin ki, artıq ona çatmısınız, yəni bütün detallarıyla. Necədir? Hardasınız Siz? Nə geyinmisiniz? Yanınızda kim var? Siz nə edirsiniz? Həmin xəyalınıza çatanda Siz özünüzə qarşı nə hiss edirsiniz? Ətrafınızdakılar Sizə qarşı nə hiss edir? Həyatınızda nə dəyişdi? Nəyi öyrəndiniz? Nəyə görə bu Sizin üçün önəmlidir? Bu məqsədinizə nail olsanız, həyatınız necə olacaq?
Nə qədər geniş xəyal gücündən istifadə edib, bu arzunuzu təsvir etsəniz, o qədər də özünüz üçün xeyir qazana bilərsiniz.
Bunu təsəvvür etdikdən sonra “Realistə” keçə bilərsiniz. Həmin aldığınız görünüşə reallıq qataq. Həmin məqsədinizi SMART – meyarlara görə bölüşdürək.
Birinci onu deyim ki, məqsəd konkret olmalıdır. Nə qədər ki, o xəyal idi, o ancaq göydə uçurdu. İndi biz həmin xəyalı göydən tutub, onu məqsədə çeviririk. Mən nə istəyirəm? – Gəlirimi artırmaq, avtomobil almaq, səyahətə çıxmaq və b.
İndi başqa suallara cavab verək:
1. Məqsədimi həyata keçirmək üçün nə etməliyəm?
2. Hərəkətlərin ardıcıllığı necə olmalıdır? – Birinci nə etməliyəm, ikinci, üçüncü və b.
3. Həmin məqsədi həyata keçirmək üçün nə tələb olunur?
4. Məqsədim üçün hansı resurslar tələb olunur?
5. Hansılar artıq məndə var? Hansıları əlavə etməliyəm?
6. Hansı bilik və bacarıqları əldə etməliyəm?
7. Kim mənə bu yolda kömək edə ilər?
Realistin işi bitdikdən sonra Tənqidçiyə keçid alırıq. Onu da deyim ki, daxilinizdəki Tənqidçi artıq çoxdan sizin yolunuzu gözləyir. İndi onun suallarına cavab verin.
1.Nə dərəcədə bu məqsəd reallaşa bilər? Nə çatışmır?
2. Zəif nöqtələr hansıdır?
Sizin məqsədinizə doğru yolunuza çıxan maneələr.
Daha hansı məqamlar nəzərə alınmayıb?
Bütün daxilinizdə qalxan etirazları, onlar bitib-tükənənə qədər yazın.
Çünki müəyyən bir işə başlayanda bizim içimizdə daim qorxular və etirazlar baş verə bilər. Bunlar – başqaları “mənə nə deyər”, “mən buna necə nail olacam”, özəlliklə də “tənqidçi”si daha çox olan insanlarda – “bu qeyri-realdır”, “bu mümkün deyil”, “mən daha real yanaşıram” kimi fikirlər (əslində qorxular) meydana gələ bilər.
Bütün qorxu, etiraz və iradlarınızı yazıb – “ürəyinizi boşaltdıqdan” sonra DƏRİNDƏN BİR NƏFƏS ALIN!
İndi isə “Realist” mövqesinə dönün. “Tənqidçi”nin yazdığı siyahıya nəzər yetirin və realist nöqteyi-nəzərindən çıxış edərək onu bölün. Tənqidçinin fikirlərini reallaşdırmaq üçün yolar axtarın. Məsələn, əgər “Onsuz da heç nə alınmayacaq” fikri varsa, “Bəlkə bu dəfə başqa yollar axtarım, ya da mövqelərimi dəyişim” kimi cavablar verin.
Sonra “Tənqidçi”nin fikirlərini nəzərə alaraq planınızı dəyişdirin. Əgər “Tənqidçi”nin bütün fikirlərinə “Realist” cavab verə bilmirsə, onda “Xəyalpərəst”ə müraciət edərək, özünüzü artıq məqsədinizə çatmış kimi hiss etməyə çalışın. Məqsədinizə çatma yolunda maneələri necə dəf etmisiniz? Xəyalınızı gücləndirin!
Bundan sonra öz “Xəyalpərəst-Realist-Tənqidçi-Realist” planınızaa bir də nəzər yetirin.
Məqsədiniz yolunda ən birinci və ən sadə addım hansıdır? Nə vaxt bu addımı atacaqsınız? Dəqiq vaxtı müəyyənləşdirin və addımınızı atın!
XƏYALLARINIZ AÇIQ, YOLUNUZ UĞURLU OLSUN!