Bakının Tarixi və Möcüzəvi Balaxanı Qəsəbəsi

Balaxanı – Bakı şəhərinin Sabunçu rayonunda şəhər tipli qəsəbədir. Qəsəbədə neft çıxarılmamışdan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur.

Coğrafi Mövqeyi

Balaxanı qəsəbəsi Bakının ən qədim qəsəbələrindən biridir. Qəsəbə Bakının şimal-şərqində, Abşeron yarımadasının ortasında yerləşir: Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Qəsəbənin şimal yüksəkliyində kəndi iki – “Yuxarı” və “Aşağı” məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimalı “Rzaqulu Məhəlləsi”, cənubu isə əhali tərəfindən “Canhüseyn Məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlayıb. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr formasında salınmışdır.

Balaxananın Tarixi Abidələri

Hacı Şəhla Məscidi

Hacı Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlınğında hündür bir təpənin üzərində tikilmiş və XIV əsr memarlıq abidəsidir. Türbə iki hissədən ibarətdir – daxili otaqdan və geniş portaldan ibarətdir.

Giriş qapısının üstündə vaxtilə iki sətirlik kitabə olub və onun mətni belədir: Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86).

Şakir Ağa Türbəsi

Balaxanı qəbiristanlığında yerləşən Şakir Ağa türbəsi 1427-1428-ci ildə tikilib və 1385-1386-cı ildə tikilən Hacı Şəhla məscidindən cəmi altı metr məsafədə yerləşir. Şakir Ağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur.

Türbənin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur: Bu imarətin tikilməsinə millət və din böyüklərinin hamısı Miriraxur Şakir ağa ibn-mərhum Mürtəza əmr etmişdir. Səkkiz yüz otuz birinci il (831-1427/28).

Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.

Şah Səfi Karvansarası

Şah Səfi Karvansarayı 1635-36-cı ildə usta Bürhan və sərkər Behbud tərəfindən inşa edilmiş və onun inşasına Əlihüseyn Bahadirxan şah Səfiəddin əmr etmişdir. Yerli əhəng daşı materiallarından inşa edilmiş bina tağ tavanlı, düzbucaqlı şəklindədir. Yerli əhalinin «Xacə Ruhulla» imarəti də adlandırdığı abidə kəndin mərkəzində yerləşir. Uzun illər Şah Səfi karvansarasından anbar kimi də istifadə edilib. Amma sonradan kənd sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənib və ətrafında abadlıq işləri aparılıb.

Ovdan

Şirvanşah əmiri Xaçə Zeynəddinin əmri ilə ovdan XIV əsrdə tikilmişdir. Balaxanıdakı 40 pilləkanlı su ovdanı insanların suya olan tələbatını qarşılamaq üçün inşa edilib. Su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Eyni zamanda, su arxlara, eləcə də Qum hamamına da gedərdi. Uzun illər su ovdanı zibilliklər içərisində olub. Sonradan  kənd sakinlərinin köməkliyi sayəsində su ovdanı təmizlənib və ondan XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel inqilabına qədər istifadə olunub. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri təmiz sudan istifadə üçün inşa olunub.

Qum Hamamı

Torpağın altında tikilən və Balaxanıda nadir hamamlardan sayılan Qum Hamamını da demək olar ki, böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. Bu qədim sərvətimiz bir zamanlar qorunurdusa, artıq uzun illərdir ki, baxımsızlıq ucbatından sökülüb dağılıb. Ərazisi dəmir dirəklərlə əhatələnərək xüsusi mülkiyyətə çevrilib.

Kənddə camaata xidmət etmiş bir neçə hamamlar da var. Bunlardan: “Xan qızı”, “Hacı Nəcəfqulu”, “Hacı Həsən”, “Bala Rza”, “Şirəli”, “Nurbala” hamamları və b.

Kino

Azərbaycanda ilk dəfə olaraq kino 2 avqust 1898-ci ildə Balaxanı kəndində çəkilmişdir. Həmin qısa metrajlı filmin adı isə ”Balaxanıda yanğın”dır. Film Moskva arxivində saxlanılır. Bu məlumat ilk dəfə 1898-ci ilin avqust ayında Bakıda “Kaspi” qəzetində çap olunmuşdur. Hal-hazırda həmin qəzetin nüsxələri Moskva dövlət arxivində saxlanılır.

Və beləliklə qədim Balaxanı qəsəbəsi möcüzəvi dəyişikliyi ilə göz oxşadı. Bir vaxtlar neft quyuları, sonralar isə məişət tullantıları poliqonu ilə məşhur olan tarixi Balaxanı qəsəbəsi burada aparılan təmir-bərpa və restavrasya işlərindən sonra simasını dəyişərək yeni turizm məkanına çevrilir.

Balaxanının bərpasına 2019-cu ilin avqustundan başlanılıb. Qəsəbədə əsas küçələrin daxili yollarına tamet daşlar döşənib. Evlərin fasadlarında bərpa və təmir işləri aparılıb. Çox sayda bəzək bitkiləri əkilib, qapı-məhəccərlər yenilənib, tarixi abidələr rənglənib.

Vaxtilə İpək yolunun üzərində yerləşən tarixi qəsəbənin təmir gedən Səfəvilər, Sabir və Dirçəliş küçələri indi göz oxşayır.

Qəsəbənin hər küçəsində qədimliklə  müasirliyin vəhdətini görmək mümkündür. Yenilənən divarları köhnə Bakı təsvirləri bəzəyir, pəncərələrin önünə rəngbərəng çiçəklər qoyulub. Hətta şəkil çəkdirməyi sevənlər  üçün müxtəlif guşələr də yaradılıb.

Balaxanıda görülən bu restavrasiya işləri həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə yanaşı, turizm sahəsində sahibkarlığın təşviqinə, məşğulluğun artırılmasına da öz töhfəsini verəcək.

Yunanıstan,  İtaliya, o cümlədən, qonşu Türkiyədə belə məhəllələr kifayət qədərdir. Heç şübhəsiz, istirahət və tarixi gözəllikləri görmək üçün Balxanıya üz tutanlar da kifayət qədər çox olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir