Qadınların Cinsiyyət Sistemində Bartolinit Xəstəliyi

Qadın cinsiyyət sistemi xəstəliyi – Bartolinit çox yayılmışdır. Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.

Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye buraxmaq və uşaqlıq yolunu nəmləndirməkdir.

Bir sıra hallarda müxtəlif səbəblərə görə vəzi iltihablaşır və onun axarı tıxaclanır. Belə olduqda maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini duyulur. Zaman keçdikcə şiş böyüyür, ağrılı olur (özəlliklə də gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur (bir vəz iltihablaşır).

Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına başqa analizlər də təyin olunur – yaxmanın analizi və b.

Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər), antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və başqa antiseptik otların dəmləmələri ilə yuyunmalar və b.). Lakin bu düzgün deyil. Bu vasitələrdən yalnız köməkçi vasitələr kimi yararlanmaq olar. Başlıca müalicə üsulu – antibiotiklərin tətbiqidir.

Müalicəsiz buraxılmış, ya da düzgün müalicə olunmayan bartolinit müxtəlif ağırlaşmalara gətirib çıxardır – kistin irinlənməsi, absess və b.

Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır – absess yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.

Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı, intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin zəiflənməsi zamanı, abortdan, ya da cərrahi əməliyyatdan sonra və başqa hallarda inkişaf edə bilər.
Bartolinitin inkişafına qonokokklar, trixomonadlar, xlamidiyalar, streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, kandida göbələyi səbəb ola bilər.

Bartolinit yalnız qadınlarda deyil, bakirə qızlarda da inkişaf edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir