Nəyə görə qardaşları Yusiflə pis davrandılar, onu quyuya atdılar? Paxıllıqdan.
Gəlin, paxıllığı insan ürəyində özünə rahat yuva qurmuş iyrənc və murdar bir qurda bənzədək. Bu qurd insana bir qram da rahatlıq vermir. Onun bütün həyatını cəhənnəmə çevirir. Paxıllıq adlı bu qurd insanı içindən yeyərək onu eybəcər hala salır. Paxıl insan daima bu qurdu yemləməlidir. Qurd isə doymaq bilmir ki, bilmir. Paxıl insan nə qədər varlı, imkanlı olsa da o yenə də paxıllıq etmək üçün bəhanə tapır. Deməli, problemin kökü heç də insanın varlı, ya da kasıb olmasında deyil.
Bu qurd hətta ən varlı adamların ürəyində belə özünə yuva qura bilir. Paxıl insan heç nədən zövq və həzz ala bilmir. Məsələn, o başqasının gözəlliyindən həzz ala bilər? Xeyr, başqasının gözəlliyi onu dəhşətə gətirir. O başqasının işindən zövq ala bilər? Xeyr, başqasının işi onu dəhşətə gətirir. O paxıllıq etdiyi insanın hər kiçik bir uğuruna görə iztirab çəkir, can verir, məhv olur. Ürəyində yuva salmış eybəcər qurdun tərpənməsi üçün heç də böyük-böyük səbəblər, böyük-böyük hadisələr gərək deyil.
Paxıl insanın özünə zülm verməsi üçün ən kiçik səbəb də kifayətdi. Paxıl insan öz paxıllığını ört-basdır etmək istəsə də mümkün olmur. O paxıllığını ört-basdır etmək üçün müxtəlif bəhanələr uydura bilər, arqumentlər gətirər, əhvalatlar, hadisələr quraşdırar, lakin paxıllığı ört-basdır etmək o qədər də asan deyil. Paxıl insan özü özünü ifşa edir. Çünki paxıllıq onu ən ağlagəlməz hərəkətlər etməyə, ən ağlagəlməz böhtanlar atmağa sürükləyir.
O, özünə nəzarət edə bilmir. Qurd onun özünü içəridə dağıdır. Ən bic insanlar belə nəhayətdə paxıl olduqlarını öz hərəkətləri ilə ətrafa bəyan edirlər. Paxıl insan bədbəxt insandı. Paxıl insan olmaq dəhşətli dərəcədə bədbəxt insan olmaq deməkdir.
Onlar daima narahatdırlar. Onlar heç bir yerdə rahatlıq tapa bilmirlər. Toyda, yasda, qonaqlıqda, istirahətdə… Paxıl insan öz rahatlığını əbədi, həmişəlik itirmiş, ömürlük cəhənnəm iztirabına məhkum olunmuş insandır. O, yemək yemir, zəhər yeyir. O, hava udmur, zəhər udur. Paxıl adamlar o qədər ağıllarını itirirlər ki, özlərinə yüz qat ziyan vermək bahasına olsa da başqalarına əlli qat ziyan yetirmək fikrində olurlar.
Bu mövzuda Şərq kitabələrində çox sayda əhvalatlar yazılıb. Gəlin, onlardan birini tirajlayaq. Bir nəfər bazardan özünə qul alır. Bu qulu yaxşı yedizdirir, geyindirir, onunla ağa kimi yox, bir yaxın adam kimi rəftar edir. Bir gün ağa qula deyir: “Səni tamam azad edəcəm, sənə var-dövlət verəcəm, ancaq gərək sən mənim bir xahişimi yerinə yetirəsən”. Qul deyir: “Sən mənim ağamsan, nə desən yerinə yetirəcəm, narahat olma”. Ağa israr edir ki, qul onun xahişini yerinə yetirəcəyinə dair and içsin. Qərəz razılaşırlar. Qul and içir ki, ağa nə buyursa yerinə yetirəcək. Ağa qulun əlinə iti bir bıçaq verir. Deyir: “Sən mənim başımı kəsib, başımı qonşunun evinin damına atmalısan”. Qul mat qalır və ağasından nə üçün belə bir vəziyyətə düşdüyünü soruşduqda ağası cavab verir: “Mənim bu qonşunu görməyə gözüm yoxdu. Ölüm mənim üçün yaşamaqdan yaxşıdı. Mən həsəd alovunda yanıram, istəyirəm ölümüm onun ayağına yazılsın. Onu həbs etsinlər. Əgər bu iş baş tutsa rahat olaram”.
Bəli, həyatda həqiqətən də paxıllıqdan bu dərəcədə ağlını itirmiş adamlar var. Onlar öz həyatlarını məhv etməyə hazırdırlar, təki başqalarının da həyatı məhv olsun. Paxıllıq insanı dəhşətli dərəcədə alçaldır, gözdən salır, insanı ən ağıla gəlməz üsullara, variantlara əl atmağa vadar edir. Paxıllıq nə qədər adamın həyatını məhv edib, nə qədər adamın bioqrafiyasının üstündən xətt çəkib.
Özünə arxayın olan insan heç vaxt paxıl olmaz. Özünə arxayın adam hər cür sağlam rəqabətə hazırdır. Özünə arxayın adam sağlam rəqabətdən həzz alır. Özünə arxayın olan adam rahatlıqla başqalarına da kömək edir, onların uğur qazanmasına yardım edir, onlara yol açır. Özünə arxayın olmayan insan isə hər bir adamı özünə düşmən bilir. Ona görə də hər fürsətdə quyu qazır, başqalarının bu quyuya düşməsinə çalışır.
Çünki o özünə arxayın deyil. Güclü insan güclülərin arasında güclü olmağı üstün tutar. Zəif və özünə arxayın olmayan insan isə zəiflərin arasında güclü olmağı üstün tutar. Paxıl insan həm də özünə arxayın olmayan insandır. Bir suala dəqiq cavab tapa bilmirəm: yaranmış durum insanı paxıl edir, yoxsa insan əvvəldən paxıl olur, dünyaya belə gəlir?
Əgər insan anadan paxıl doğulursa, bu təbiətin insana verdiyi ən dəhşətli və ağır cəzalardan biridir.