Ombudsman Aparatı Gəncə terrorunda ana-atasını itirən Xədicə ilə bağlı məlumat yaydı

“Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş üç yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb. Bildiririk ki, məsələ Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bidirir ki, bununla bağlı Ombudsman Aparatından məlumat verilib. 

Bildirilib ki, ilk gündən Ombudsmanın təşəbbüsü ilə zərərçəkmiş ailə və uşaqlara ünvanlanan psixoloji konsultasiyalara Xədicə də cəlb olunub:

“Fəaliyyət prosesində uşağın mərhum valideynlərinin yaxın qohumlarına qanunvericiliyə uyğun olaraq qəyyumluğa götürülmə proseduru da izah edilib, hüquqi məsləhətlər verilib.

Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər. Xədicənin  ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib.

Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara  onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən isə uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.

Uşağın ən ümdə maraqlarının təmini baxımından onun saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquqlarının müdafiəsi məqsədilə müraciət etmiş ən uyğun şəxs qəyyum olaraq təyin olunmalıdır.

Bu baxımdan Xədicənin valideynlərinin yaxın qohumlarına səbirli olmağı və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının qəyyumluqla bağlı müvafiq qərarını gözləməyi, həmçinin bu müddət ərzində Xədicənin psixoloji sağlamlıq durumuna xələl gətirə biləcək münaqişəli hallardan uzaq durmalarını tövsiyə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir