Bütün insanların xəyal gücü vardır. Deməli hər bir insan da xəyalını məqsədə çevirib, hərəkət edə bilər. Bəs niyə bir çox insanlar nəinki məqsəd qoymur, hətta xəyal etməyi də yaddan çıxarıb?
Məqsədinə nail olmaqda fiziki maneələrdən daha çox mental (psixi) maneələr insanı addım atmaqdan çəkindirir. Həmin maneələr beyində rahat yerləşib milyionlarla ideyanı heçə çıxarır və insanı ömrünün sonunadək addım atmağa qoymur. Nəticə – reallaşdırırlmamış arzular, həyatdan narazılıq, şikayət.
Bəlkə bu sürətlə keçən ömrümüzdə ayaq saxlayıb özünüzə sual verək. “Bəs öz məqsədimi həyata keçirməkdə mənə nə mane olur?” 1-ci səbəb…. 2-ci səbəb… 3-cü səbəb…
Hər zaman beynimizdə fikirlər dolaşır. Bunların bəziləri gündəlik işlər barədədirsə, bəziləri keçmişə və gələcəyə aiddir. Gələcəyimizi daha xoşbəxt yaşamaq istəyiriksə, keçmişimizdən başlamalıyıq.
1. Məhdudlaşdırıcı əqidələr
Bu əqidələr hələ uşaqlıqdan bəzilərimizdə valideynlər, bəzilərimizdə müəllimlər, bəzilərimizdə isə həyatımızda baş verən hadisələr nəticəsində beynimizə əqidə şəklində otuzdurularaq bizdə “Mən-konsepsiyası”nı yaradıb. Məsələn: valideyn uşaqda belə bir məhdudlaşdırıcı əqidə yarada bilər: “Bizim nəslimizdə hamı fəhlə olub, sən də fəhlə olacaqsan.” Buna inanan uşaq gələcəkdə fəhləlikdən başqa irəli gedə bilməyəcəyini özünə əqidə seçir və həyatda başqa heç bir xəyal etməyə cürət etmir.. Sizin “Mən-konsepsiyanız” özünüz haqqındakı təsəvvürlərinizdir. “Nə qədər mən uğurlu və ya uğursuzam, nə qədər işimdə irəli gedə bilərəm və ya əksinə, nə dərəcədə insanlar arasında sevilirəm və ya nifrət mənbəyiyəm” və b. Əlbəttə, biz bu əqidələrimizi düzgün sayırıq və onlara inanırıq. Əgər düzgün saymasaydıq, onların bizim beynimizdə nə işi vardı? Və inandığımıza görə də onlar bizim bugünkü günümüzü reallaşdırırlar.
Əgər öz problemlərinizi analiz etsəniz, onda başa düşərsiniz ki, onlar sizin fikirləriniz sayəsində yaranıb. Əgər sizi maliyyə probleminiz varsa, onda maliyyə haqqındakı təsəvvürlərinizə nəzər yetirin. Məsələn, əgər sizin beyninizdə “Pul qazanmaq çətindir”, “Mənim istəklərimçün heç vaxt pul çatmır”, “Belə zamanda pul qazana bilmərəm” kimi fikirləriniz varsa onlar sizin bugünkü gününüzü əks etdirir.
Əgər münasibətlərdə probleminiz varsa, yenə də beyninizdəki münasibətlər haqqındakı fikirlərinizə diqqət yetirin. Yaxud sağlamlıq haqqındakı fikirləriniz – sizin sağlam və ya qeyri-sağlam olmağınıza da gətirib çıxara bilər. Çünki mental (psixi) dünyada “Səbəb və nəticə” adlı qanun var ki, bu da ataların “Nə əkərsən, onu da biçərsən” sözünü əks etdirir. Əgər Siz beyninizə neqativ toxumlar – yəni fikirlər və əqidələr əkmisinizsə, onda neqativ bar da toplayacaqsınız. Təsəsvvürünüzə bir bağı gətirin. Bizim şüuraltımız bağdakı – torpaq, fikir və əqidələrimiz – toxum, şüurumuz – bağban, orda olan gül-çiçəklər isə – bizim yaşadığımız real həyatdır. Nə qədər çox torpağa alaq otlarının toxumları düşərsə, o qədər də o bağda çoxlu alaq otlarını görəcəyik. Məhdudlaşdırıcı əqidələr və neqativ fikirlər də bizim beynimizdə alaq otu rolunu oynayır. Nə qədər çox belə fikirlərimiz varsa, həyatımızda özünü əks etdirəcək, biz də bu fikrimizə sadiq qalaraq və inanaraq daha möhkəm əqidələr formalaşdıracağıq. Yəni insan nə qədər öz-özünə desə ki, “Mənim bəxtim yoxdur”, “Elə bilirdim belə pis vəziyyətə düşəcəm”, “Mən nə edirəm alınmır” – şüuraltı da bunu təsdiq etmək üçün daima həmin hadisələri sizin həyatınıza gətirəcək.
İnkişaf etmək istəyən insanın əsas işi həmin neqativ fikirləri və əqidələri özündə tapıb üzə çıxarmaq və onun əvəzinə yeni fikir və əqidə toxumları əkməkdir. Əgər biz beynimizdə gedən fikir prosesini nəzarətə götürə bilsək və həmin əqidələri dəyişə bilsək, həyatımızda maksimum dəyişikliklər əldə edə bilərik. Amma bu bir qədər vaxt və səy tələb edir. Çünki bu vaxta qədər yığıb gətirdiyiniz neqativ fikir və əqidələri illərin sınağından çıxararaq gətirmisiniz. Bu gün əkdiyiniz toxumlar isə sizə yeni və qəribə gəlsə də, zaman keçdikcə siz bu fikir və əqidələrə öyrəşərək və onları adət halına gətirərək həyatınızda müsbət dəyişikliklər əldə edə bilərsiniz.
Elə indi şüuraltınızda təmizlik işləri aparmaq üçün belə bir tapşırıq yerinə yetirə bilərsiniz. Birincisi, dəyişiklik etmək istədiyiniz sahəni seçmək üçün özünüzə sual verin.
- Həyatınızın hansı hissəsi sizi qane etmir? – Bu karyera, sağlamlıq, münasibətlər, maliyyə və s.ola bilər. Sahəni seçdikdən sonra beyninizdə bu sahə ilə bağlı bütün fikir, nəzər-nöqtəsi, əqidələriniz yazın. Kağıza və vaxta qənaət etməyin – çünki bu sizin üçün çox vacibdir. Bütün fikirləriniz, hisslərinizi kağıza boşaldın. Ən azı 20 fikir yazın. Birinci sizə azla qane ola bilərsiniz ki, bu da sizin beyninizdə dəyişikliyə qarşı dirənc kimi qiymətləndirilir, amma beyninizin sözünə baxmayın, yazın, yazın, yazın… Bu dəfə görəcəksiniz ki, yazdıqca yazırsınız, sözlər özləri sizin beyninizdən süzülür. Deməli artıq beyniniz transformasiyaya doğru açılır.
- Beyninizdəki sizi məhdudlaşdıran fikirləri boşaltdıqdan sonra, hər bir neqativ fikrin qarşısında onun əksini, yəni pozitivini yazın. Məsələn, “Mənim imkanım yoxdur”un yerinə “Mənim çoxlu imkanlarım var”; “İndi mənim zamanın deyil” – “İndi mənim zamanımdaır”; “Pul qazanmaq çətindir” – “Pul qazanmaq çox asandır”; “Ətrafımda yaxşı insan yoxdur” – “Mənim ətrafım yaxşı insanlarla doludur”; “Bu iş mümkün deyil” – “Bu işi qurmaq üçün milyonlarla yol var” və b.
Sonra həmin pozitiv fikirləri elə yerdə asın və ya saxlayın ki, Siz onları tez-tez görəsiniz və təkrar edəsiniz. Bir neçə vaxtdan sonra Siz bu pozitiv fikirlərin effektiv həyata keçməsinin şahidi olacaqsınız. Əlbəttə ki, pozitiv fikirlərin böyüyüb kök salması üçün müəyyən vaxt və güc tələb olunacaq. Nəticəni daha tez hiss etmək üçün pozitiv fikirləri gündəlik sistematik olaraq hər birini 10-15 dəqiqə təkrar etməlisiniz.
Əlbəttə ki, hər bir işdə olduğu kimi burda da müəyyən dərəcədə səy və səbr tələb olunur. Əgər idmançı işində uğur əldə etmək üçün gündəlik məşq edirsə, bunu da bir beyin idmanı kimi qəbul edib, hər gün məşq etsəniz, mütləq bir nəticəyə gəlib çıxacaqsınız.
Şüuraltı ilə işdə nəticə özünü bir qədər gözlətməli olur. Amma əgər Siz doğurdan inkişaf etmə yolunu seçərsinizsə, sizi gələcəkdə çox böyük sürprizlər gözləyəcək. Çünki bizim həyatımızın qənaətbəxş, mənalı və və xoş anlarla dolu keşməsini bizim şüuraltımız təyin edir. Əgər bu belədirsə, inkişaf etmək üçün bu dərəcədə asan yolu buraxıb, niyə qaranlıq meşədə qalaq?!
Bugünkü tapşırıqdan sonra Siz öz “Mən- konsepsiyanızı” yenidən formalaşdıra bilərsiniz.
2. Qorxu
Həyatda bizi istəklərimizə nail olmaqdan çəkindirən bir güclü hissimiz də var, ki bu da QORXUdur. O bizim gücümüzü alıb, aza qane olmağımız üçün çalışır. Uğursuzluq və inkar edilmə qorxusu bizim beynimizə uşaq vaxtından proqramlaşdırılmışdır. Qorxu hər hansı bir işə başlamazdan əvvəl insanı uğursuzluq və tənqidlə hədələyərək, addım atmağa qoymur. Sizin qorxularınız sizin bacarıq və qabiliyyətlıriniz üzə çıxarmaqdan çəkindirir. Ancaq əgər qorxu hissi varsa, ondan qurtarmaq üçün də metodlar var. Qorxunun əks tərəfi – ÖZÜNƏ SEVGİ VƏ HÖRMƏTDIR. Nə qədər özünüzü çox sevsəniz və hörmət etsəniz, o qədər də qorxu geri çəkiləcək və siz öz uğurunuza doğru güclü addımlar ata biləcəksiniz. Bununla əlaqədar bir çalışmayla Sizlə bölüşürəm. Səhər yuxudan duranda əl-üzünüzü yuyarkən, aynaya baxaraq “Mən özümü sevirəm”, “Mən özümü sevirəm”, “Mən özünü sevirəm” sözünü deyərək gününüzə başlayın. Bu sözü nə qədər çox təkrar etsəniz, bir o qədər də o sizin şüuraltınıza yerləşəcək. Tezliklə qorxu hissi arxada qalaraq, özünüzə inam artacaq, həyatınızda, münasibətlərdə dəyişiklik baş verəcək və siz özünüzü tamamilə yenilənmiş hiss edəcəksiniz.
İzləməyə davam edin!
Məqalələrə rəylər yazıb, öz düşüncələrinizi bildirə bilərsiniz ki, yeni yazılarda sizin istəklərinizdən istifadə edilsin!
GÜNÜN ŞÜARI: BU GÜN BAŞLASAM – SABAH BİR ADDIM İRƏLİDƏ OLACAĞAM!