Oturaq işləyənlərin dərdi: boyun ağrısıdır. Olduqca geniş yayılmış və gündəlik həyata ciddi şəkildə mənfi təsir edən boyun ağrısının ən təsirli müalicəsi idman və massajdır.
Boyun ağrılarının çoxu mexaniki ağrıdır və altında yatan ciddi bir problem yoxdur. Bu ağrı boyundakı əzələ və oynaqlardakı problemlərdən qaynaqlanır.
Bir çox xəstəliklərə yol açan stress boyun ağrılarının da yaranmasında ilk sırada yer alır. Stress altında işləyənlər, hamilələr, ofis işçiləri, hərəkətsiz həyat yaşayanlar boyun ağrılarından daha çox şikayət edirlər. Boyun ağrılarından şikayət edənlər üçün bir neçə həkim məsləhətini təqdim edirik:
Düz oturun! Əgər gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq işləyirsinizsə, düz oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını almaq üçün ən mühüm amilidir. Çünki yanlış oturmaq bədənin arxaya, boynun önə doğru getməsinə səbəb olur. Bu zaman boyun və peysər bölgəsinə daha çox yük düşür. Əzələlər saatlarla bu cür yüklənəndə bir müddət sonra başınızı daşıya bilməyəcək halda olursuz. Belə halda boyun ağrıları da qaçılmazdır.
Ağrıkəsicilərlə yola verməyin! Boyun ağrıları zamanı ağrı, tutulma və boyun hərəkətlərinin azalması ən mühüm şikayətlərdəndir. Əvvəlcə boyun kökündə, başın arxasında ağrı hiss edilir. Bununla yanaşı baş ağrısı da yaşana bilər. Ağrıkəsici ilə yola verilən ağrılar zamanla artır və boyun hərəkət etdirilə bilmir. Boyun damarlarında dartılma hissi, çiyində hiss edilən sərtlik, gərginlik səhərlər yorğun qalxmanıza səbəb olur.
Əllərdəki və qollardakı keyimələr də bir çoxlarımızın gecə düşmənidir. Yuxudan oyandıracaq qədər şiddətli olan bu ağrılar sinirləri sıxır, nəticədə sinirlərdə hissizlik, fəsadlar ortaya çıxır.
Bir neçə günə keçər deməyin! Uzun müddət boyun ağrıları çəkən, sıx boyun tutulması yaşayanlar gələcəkdə boyun yırtığından əziyyət çəkirlər. Onurğada uzun müddət geri dönüşü olmayan fəsadlar olur. Odur ki, bu problemə məsuliyyətlə yanaşın və həkimə müraciət edin.