Keçmiş zamanlardan elimizdə Novruz bayramını keçirmək yeni ili, baharın ilk gününü qarşılamaq deməkdir. Qədim Vavilonada bu bayram nisan ayının (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri var idi. İlk yazılı qaynaqda vurğulanır ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.
Yüzilliklərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın gücləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana sevgi bayramıdır. Elə bu sevgi ilə bağlı yaranmış Novruz tapmacaları, atalar sözları və adətlərində ulu babalarımızın dərin dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin yeni yaylıq, çəkmə geyinməlidir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı ilə bağlı müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən yazmış, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Novruz süfrəsi: Novruz mərasimi zamanı süfrəyə qoyulan şirniyyat və
bişirilən xörəklər Azərbaycan milli mətbəxinin başlıca qolunu təşkil edir. Şirniyyata, əsasən; şəkərbura, paxlava, şəkərçörəyi və b. aid edilir.
Xalqımızın gözəl bir adəti var: Novruz bayramı
axşamı aş bişirilməlidir. Novruzda aşın bu növləri bişirilərdi: döşəməli aş, çığırtmalı aş, səbzi qovurma aşı, südlü aş. Bayram
günlərində başqa növ plovlar – şüyüd plov, şirin plov, dolmalı plov da süfrəyə
gətirilərdi.
Bu bayramın geniş ölçüdə
keçirilməsi xalqımızın ürəyindən xəbər verir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, alova, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox öncə mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
İlaxır Çərşənbələr
Etiqada görə, Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel) və Torpaq.
Su çərşənbəsi
Bilirik ki, istər qədim türk, istərsə də islami yaradılışla bağlı görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan öncə bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də vardır. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə suyun bu keyfiyyəti – od, torpaq və hava ilə birlikdə yaradılışın başlıca komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal önəmi ona inamda bir daha vurğulanır.
Od çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə – Od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv olduğu daha çox odun sakral önəmi ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz sırasında xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır.
Yel çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır.
Torpaq çərşənbəsi
Sonuncu – İlaxır çərşənbə Torpaq çərşənbəsidir. Yuxarıda vurğuladığımız kimi, torpaq insan yaradılışının başlıca maddi əsası olmaqla bu prosesdə son dərəcə önəmli payı vardır. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə birlikdə, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Səməni, saxla məni, ildə cücərdərəm səni!
Səməni yaşıllığın və bolluğun rəmzidir. Adətlərə görə, cücərdilən səməninin sıx və yaşıl olması ilimizin bol ruzi-bərəkətli olacağına işarədir.
Novruz bayramınız mübarək!
Bayramınız Mübarək!