Azərbaycan Milli Kulinariya komandası İtaliyadan dörd medalla geri dönür

Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”nin son günündə daha bir medal qazanıb. Yarışmada Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edən aşpazlar ümumilikdə dörd bürünc medal əldə ediblər.

Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi müsabiqənin  Avropa üzrə yarımfinalının son günündə “Qlobal gənc aşpaz” kateqoriyası üzrə yarışmada azərbaycanlı aşpaz Emil Zeynalzadə bürünc medal qazanıb.

Xatırladaq ki, milli komandanın üzvləri yarışmanın ilk günündə digər üç kateqoriya – “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə yarışmalarda bürünc medallar əldə ediblər. Beləliklə, “Avropa Qran-Prisi 2023” mərhələsində Azərbaycan komandası mövcud dörd kateqoriyanın hər birində medal əldə edib. Bu qələbə  Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.

Qeyd edək ki, yarışmanın son günündə Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Martin Maitland yarışda münsiflər heyətinin köməkçi üzvləri kimi qiymətləndirmə prosesində iştirak ediblər.

Həmçinin Azərbaycanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Dövlət Turizm Agentliyi tərəfindən tədbir məkanında “Qarabağ, Şuşa” mövzusunda hazırlanmış destinasiya məlumat stendini ziyarət edərək komandaya dəstək olub.

Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar təmsil olunublar.

https://tourism.gov.az/uploads/images/1-4medal/ba%C5%9Fl%C4%B1qs%C4%B1z_dizayn(10)_(2).png

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir