Anlaşılmazlıq İnsanın Ən Böyük Bədbəxtliyidir

Anlaşılmazlıqlar – bəzən alt-üst edilən, dağılan həyatlar, hətta insanı özünə qəsdə gətirib çıxaran problemlərdir.

Bəzən biz öz kimliyimizə həddindən artıq önəm veririk: hər kəs bizə əhəmiyyət verməlidir, dəyərləndirməlidir, diqqət mərkəzində olmalıyıq. Deyl Karnegiyə görə əhəmiyyətlilik hissi insanın ən vacib ehtiyaclarından  biridir. Başqasını anlamaq bizim üçün çox çətindir, bizi ancaq öz mövqeyimiz, öz ambisiyamız maraqlandırır. Başqa insan nə hiss edir, niyə belə hərəkət elədi – bunların heç biri maraqlı deyil. Bizim düşüncəmizə görə belə olmalıdır, elə olmamalıdır. Yaddan çıxarırıq ki, qarşımızdakı insanın da öz dünyası var, öz fikri, düşüncəsi, duyğuları var. Bizə görə bu doğrudursa, başqası üçün doğru olmaya bilər. Əlbəttə, başqasının fikirləri, hissləri bizi maraqlandırmır. Çünki biz özümüz üçün daha əhəmiyətliyik.

Hərəmizin işi-gücü özümüz üçün daha vacibdir. O qədər vacibdir ki, yanımızdakı önəmli insanları belə unuduruq. Sonra isə özümüzü bağışlaya bilmirik: “Kaş ki, bir az həssas olsaydıq, bir az diqqətcil olsaydıq” deyə sonrakı günahkarlıq hissləri bizi rahatsız etməyə başlayır.  

Tarix boyunca tanınmış insanların da öz əhəmiyyətlərini dərk etməyə çalışdıqlarını maraqlı nümunələrlə izləyə bilərik:

  • Hətta Corc Vaşinqton “Əlahəzrət Amerika Birləşmiş Ştatlarının Prezidenti” kimi təqdim olunmasını istəyirdi.
  • Kolumb “Okeanın admiralı və Hindistanın vitse-prezidenti” tituluna can atdı.
  • Böyük Yekaterina üzərində “İmperator Əlahəzrətə” yazılmamış məktubları açmaqdan imtina edirdi.
  • Missis Linkoln, Ağ Evin xanımı olaraq, xanım Qrantın üzərinə pələng kimi atılaraq qışqırmışdı: “Siz mənim yanımda olarkən mən sizə təklif etməmişdən əvvəl oturmağa necə cəsarət edirsiniz?!”
  • Milyonerlər Admiral Bardın Antraktidaya ekspedisiyasını buz dağlarının zəncirlərini öz adları ilə adlandırılması şərti ilə maliyyələşdirməyə kömək edirdilər.
  • Viktor Hugo isə Parisin adının dəyişdirilərək onun adının şəhərə veriləcəyinə ümid edirdi.
  • Hətta böyüklərin ən böyüyü olan Şekspir öz nəsli üçün gerb əldə edərək adını parlaq etməyə çalışdı.

Gəlin bu gün bir-birimizin dəyərini bilək və çəkinmədən üzünə etiraf edək. Etiraf edək ki, biz də xoşbəxt olaq, o da. Uşağa da, böyüyə də – fərq etməz – “Sən mənim üçün əhəmiyyətlisən, sən mənim üçün dəyərlisən!…” deyək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir