Komfort Zonası Nədir: Xəyallarımızı Məqsədə Necə Çevirək?

İnsanlar niyə xəyal qurmağı yaddan çıxarıb? Bəlkə xəyallara olan inamımız azalıb? Bəlkə xəyalların ancaq elə xəyal olaraq qalacağından qorxub, təxəyyüllərinə əziyyət vermək istəmirlər?! “Bu heç zaman həyata keçə bilməz”, “Bunun üçün çoxlu pul lazımdır, ya da gərək “arxan” olsun“, ya da “Mən reallığa baxıram” kimi beynimizdə özünə yer eləyən fikirlər insanları xəyal qurmaqdan çəkindirib. Düzdür, həyatda ancaq puluna və ya kiməsə arxalanıb irəli gedənlərin olmadığını iddia eləmirəm. Ancaq hər dövrdə, hər ölkədə özünü sıfırdan yarada bilən insanlar həmişə var.

Xəyallar – təxəyyülün fəaliyyət növüdür. Xəyal, həyata keçəndə bizə xoşbəxtlik vəd edən həmin o ülvi arzudur. Həyata keçməsinə insanın özünün belə inanmadığı xəyallar da ola bilər. Ancaq yenə də insan, arzularının həyata keçməsini istəyir.

Belə bir stereotip də vardır ki, ciddi və uğurlu insanlar xəyallarla yaşamırlar. Ancaq təcrübəyə görə, məhz ciddi və uğurlu insanlar öz inkişaf etmiş təxəyyülləri sayəsində yüksək nəticələr əldə edirlər. Son elmi araşdırmalar da təxəyyülün  güclü qüvvəyə malik olduğunu təsdiq edir və bu barədə bestseller olan minlərlə kitab yazılıb.

Bir çoxumuz təxəyyülün insana xas güclü resurs olduğunu dərk etmirik və “xəyal dağarcığı”mızın hədsiz imkanlarından istifadə etmirik.

Xəyallara dalmaq şüurumuzu dəyişir, daxilimizdə olan yeni resurslar təşəkkül tapır, əhval-ruhiyyəmiz yaxşılaşır, həyəcan və gərginlik azalır. Bundan başqa, təxəyyülün inkişafı məqsədə doğru gedən yolda insanın atdığı ilk addımdır.

Dünyada kəşf olunan hər nə varsa, onların hər birinin arxasında insan təxəyyülü dayanır. Avtomobildən, təyyarədən tutmuş elementar məişət əşyalarına qədər hər şey insan fikrinin məhsuludur. Ona görə də, uğur əldə etmək istəyiriksə, ilk növbədə xəyallarımıza aydınlıq gətirməliyik. Nə istəyirik? Necə istəyirik? Fikirlərimiz dəqiq və konkret olmalıdır.

Ancaq bu zaman təzad yaradan müəyyən müqavimət nöqtəsi ilə qarşılaşırıq ki, bunun da adı Komfort Zonası adlanan sahədir.

Komfort Zonası Nədir?

Komfort zonası insan üçün komfort, rahatlıq və təhlükəsizlik duyğusu yaradan psixoloji sahədir. Komfort zonasında bizim nisbətən öyrəşdiyimiz hadisələr baş verir ki, bu da şüurumuzu rahatlığa qovuşdurur. Yəni komfort zonası dedikdə, ağlınıza rahat divan, ya da yumşaq kreslo kimi xoşhallıq yaradan komfortlu yer gəlməsin. Bu zona ruhumuzun elə bir halıdır ki, bizdə ancaq adət etdiyimiz şablon fikir və davranışlar üzrə hərəkət etmək vərdişi yaradır.

Komfort zonası heç də adı kimi rahat və təhkükəsiz deyil. Əslində komfort zonası insanı durğunlaşdıran, hərəkətsizləşdirən, inkişafdan saxlayan ciddi təhlükə sahəsidir.

Məsələn, elə insanlar var ki, səhər saat 7-də oyanıb işə gedirlər, işdə heç bir anlamı olmayan kağız-kuğazları bir tərəfdən götürüb, o biri tərəfə qoyurlar, özləri də nə etdiklərini bilmirlər, iş saatı bitəndə isə işdən çıxıb evə qayıdırlar, sonra da bütün axşamı televizorun qarşısında keçirirlər. Bircə arzuladıqları şənbə və bazar günü olur ki, həmin günləri də yeyib-içməklə keçirirlər. Onlar öz komfort zonalarındadırlar, onlara belə rahatdır. Bəzilərinə belə həyat tərzi normal gəlir, həyatlarının sonuna qədər bu tərzdə yaşamağa davam etsələr də, bezməyəcəklər. Bir başqasını isə belə deyək ki, belə bir  həyat tərzi tez yora bilər, o həyatın mənasını anlamağa çalışar, həyatına rəng qatmaq, özünü realizasiya etmək üçün özünü həyatın müxtəlif sahələrində yoxlamağa can atar. Ancaq bunun üçün o, öz adət etdiyi komfort zonasından çıxmalıdır. Klişe hərəkətlərin yerinə başqa, adət etmədiyi davranışları yerinə yetirməlidir. Bunun üçün insan ilk növbədə, özünü dərk etməyə çalışmalı, daha sonra isə qərar qəbul etməyi bacarmalıdır.  

Ya həyatımı eyni qaydada, yəni adəti üzrə yaşamağa davam edəcəyəm, ya da  komfort zonasından çıxıb, özümü inkişaf etdirəcəyəm.

Ancaq bəzən elə olur ki, insan qərar qəbul edir, xəyallarını həyata keçirmək üçün qarşısına məqsəd qoymağa çalışır, daxili aləmi ilə bir az əlləşib-vuruşandan sonra yolun çətin olduğunu dərk edib, ya da ilk uğursuzluqdan soyuyub yenidən öz təhlükəsiz, əziyyətsiz və rahat sahəsi olan komfort zonasına qayıdır. Komfort zonasında risk yoxdur, uğursuzluğun üçün səni tənqid atəşinə tutan yoxdur, sən ənənəvi işlərinlə məşğulsan, necə deyərlər, səhvlərinə görə “özün öz ətini yemirsən”. Lakin bir məsələ var ki, inkişaf etmirsən, deqradasiyaya uğrayırsan və müəyyən yaşa gəlib çatanda qəflətən “kaş ki”-lər içində oyanırsan. Əvvəllər səhv etməkdən qorxub özünü “daxilən yeyib-bitirməkdən” qorusan da, indi  “artıq gecdir, vaxtımı itirdim” kimi düşüncələrə dalıb depressiv duruma qapılırsan.

İndi qərar qəbul etmək zamanıdır. Hansını seçirsiniz? Qərar qəbul edib, komfort zonasından çıxmağı, yoxsa beş ildən sonra başqalarının uğurlarına həsədlə baxıb, “vaxtında xəyallarımın arxasınca getsəydim, indi həyatımı başqa cür yaşaya bilərdim” kimi düşüncələrə dalmağı?

Bunun üçün sizə aşağıda təsvir edilən maraqlı bir məşğələ təklif edirəm.

Komfort Zonasından Çıxmaq üçün Texnika

Bir kağız götürün və orada həyatınızda sizi qane etməyən hər şeyi yazın. Məsələn, “Məni indiki işim qane etmir. Maaşım məni qane etmir. Yaşadığım ev məni qane etmir” və b. Siyahını sizi qane etməyən hər şeyi yazmaqla davam etdirin.

Sonra yazdıqlarınızı yenidən oxuyun və daha aydın təsəvvürə qapılın. Hansı hissləri keçirdiyinizə diqqət yetirin. Daha sonra təsəvvür edin ki, 5 il keçib və hər şey olduğu kimi qalıb. Hansı hissləri keçirirsiniz? Həmin hisslər sizi içəridən qaynatmağa başlayanda daxilinizdə elə bir motivasiya yaranacaq ki, “dağı dağ üstünə qoymağa” belə  hazır olacaqsınız.

Ancaq vaxt keçdikcə ilk çətinliklə üzləşəndə və uğursuzluğa düçar olanda bu həvəsiniz sönə bilər. O zaman yenidən bu texnikadan istifadə edə bilərsiniz.

Bu olduqca səmərəli üsuldur. Bu texnikanın daha geniş formasını növbəti yazılarımın birində açıqlayacağam.

Əgər qarşıya qoyduğunuz məqsədlərlə işləməyə hazırsınızsa, onda ardını oxuyun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir