Yodun Sağlamlıq Üçün Önəmli Faydaları

İnsan orqanizmində 25 milliqram yod var, onun 15 milliqramı qalxanvarı vəzdə, qalan hissəsi əsasən qaraciyər, böyrək, dəri, tük və dırnaqlardadır.

Adətən yod orqanik və qeyri-orqanik birləşmələr, ya da havada sərbəst şəkildə ola bilir. Yod atmosfer yağıntıları ilə torpağa və suya keçir. Bu mikroelementin funksiyası qalxanvarı vəzin hormonlarının sintezini tənzimləməkdir. Böyük insanın sutkalıq yoda tələbatı 100-150 mikroqramdır. Orqanizmdə yod çatışmazlığı endemik ur, hipotireoz, baş-beynin funksiyasının pozulması, yaddaş, eşitmə və görmə qabiliyyətlərinin zəifləməsi, apatiya, konyunktivit, qəbizlik, dəri və selikli qişalarda quruluqlar, arterial təzyiqin azalması, ürəkdöyünmənin zəifləməsi, saçın tökülməsi, enerji çatışmazlığı kimi fəsadlar yaradır.

Yod qalxanabənzər vəzin hormonlarının tərkibinə daxildir. Bu mikroelement tərkibli hormonlar boy, inkişaf, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır. Bu hormonlar xolesterinin parçalanmasını aktivləşdirir, ürək-damar sisteminin funksiyasının tənzimlənməsində iştirak edir, mərkəzi sinir sisteminin inkişafı üçün önəmlidir.

Yod biostimulyator və immunostimulyatordur, qanın laxtalanması və trombun əmələ gəlməsinin qarşısını alır.

Yodla zəngin olan qida məhsullar

Dəniz kələmi, feyxoa, treska balığı, yodlaşdırılmış duz, lobya, ət, yumurta, buğda unu, kələm, yağ, qaraciyər, çuğundur, kök, süd və kartofdur. Bu mikroelement tərkibli preparatlardan fərqli olaraq dəniz kələmində olan orqanik yod yaxşı həzm olunur və uzun müddət orqanizmdə qalır.

Yodun orqanizmdə çoxluğunun əlamətləri ağız suyunun artması, selikli qişada şişkinlik, göz yaşarması, səpki və zökəmlə müşahidə edilən allergik reaksiya, ürəkdöyünmə, əsnəmə, əsəbilik, yuxusuzluq, tərləmənin artması, ishal hallarıdır. Vurğulamaq gərəkdir ki, selenin defisiti yod azlığına da səbəb ola bilər. Beləliklə, yod defisiti ilə mübarizə zamanı selen defisiti və onu əmələ gətirən səbəblərlə də mübarizə etmək lazımdır.

Yod tərkibli preparatlar yemək arası qəbul edilməlidir.

Hər gün 100-150 mikroqram doza toksik hesab edilmir, baxmayaraq ki, yodun yüksəkliyi bu mikroelementə həssas insanlarda akne əmələ gətirə bilər. Uzun müddət yod defisiti, ya da uru olan insanlarda yodun kəskin artıq istifadəsi hipotireoz, az halda tireotoksikoz əmələ gətirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir