Qələbə Yolunda Çıxan Əngəl: Qorxular Və Onlarla Mübarizə Metodları

Məqalələrin birində qorxu hissi haqqında danışmışdım. Bu yazıda həmin qorxu hisslərini müəyyən etmək istəyirəm. Düşmənin üsullarını tanıdıqdan sonra, onunla mübarizə aparmaq daha asandır.

Qorxu Nədir?

İnsan dünyaya bir neçə qorxu hissi ilə gəlir. Araşdırmalara görə hündürlük qorxusu, gözlənilmədən gələn yüksək səsdən qorxu, parlaq işıqdan qorxma hissi hətta bir günlük uşaqlarda da müşahidə olunmuşdur. Bu qorxu hissləri əslində müdafiə mexanizmi daşıyaraq bizimlə birgə doğulur. Məsələn, əgər hündürlükdən qorxumuz olmasa, biz özümüzü yüksək mərtəbəli binadan ata bilərik.

Başqa qorxularımızı isə böyüdükcə qazanırıq. Özəlliklə, bu qorxulardan – səhv etmək qorxusu, uğursuzluq, etiraz və tənqid edilmə qorxuları bizimlə birgə inkişaf edir.

  1. Səhv etmək qorxusu. Ciddi və tələbkar valideynlər – bu qorxunun yaranması və inkişafı üçün əsas səbəbdir. Böyüklərdə nəyisə düzgün etməmək, ya da səhv etmək qorxusu həmin tələbkar valideynlərin “səpdiyi toxumların” nəticəsidir.
  2. Uğursuzluq qorxusu: bu  qorxunun yaranmasına səbəb – travmatik təcrübədir. Məsələn, kütlə qarşısında qazanılan uğursuzluq, ya da hər hansı bir işin uğursuz nəticəsi insan beynində kodlaşır və yeni addımlara qarşı bir sədd çəkir. Beyində “əlimi hansı işə atıram, alınmır”, ya da “mən uğursuz insanam” kimi düşüncələr formalaşır. Belə insanlar – vaxtın çatışmaması, maddiyyatın yol verməməsi, lazım olan komandanın və ya başqa resursların olmaması kimi müxtəlif səbəbləri bəhanə gətirərək “işıq gələn tərəfi” də özləri üçün bağlayırlar. Əslində isə bu bəhanələrin arxasında böyük bir Qorxu hissi dayanır. Nəticədə, aşağı “mərtəbədə” yer alıb, həyatlarını risksiz olan Komfort zonasında keçirməyə qərar verirlər.
  3. Etiraz qorxusu – insanı inkişafa, irəli getməyə qoymayan güclü əyləcdir. Siz maraqlandığınız və bacara bilmədiyiniz bir işi – həmin işi bacaran insandan soruşmaqdan, yeni işə başlamaqdan, partnyorluq təklif etməkdən, layihə üçün investorlara müraciət etməkdən qorxursunuz. Etiraz qorxusuna görə siz xəyallarınızı həyata keçirməyə heç cəhd də etmirsiniz.
  4. Tənqid edilmə qorxusu – bu qorxunun da kökü bir çox qorxular kimi uşaqlıqdan gəlir. Uşaqlıqda, ya da yeniyetməlik dövründə hər hansı işə və ya hərəkətə görə, geyim tərzi, saç modelinə görə aldığımız tənqidlər böyüyəndə ətrafdakı insanların mənfi fikirlərindən, tənqidindən qorxu hissini yaradır. Psixoloqların gəldiyi qənaətə görə  “başqaları məni necə dəyərləndirir?” düşüncəsinə görə rahatsızlıq keçirən insanlar özlərinin konkret həyat prioritetləri və dəyərlərinin tam formalaşmadığı insanlardır. 

Qorxularla Mübarizə Metodları

Bəs qorxulardan necə azad ola bilərik? Qorxulara qarşı mübarizəyə, yalnız onları tanıdıqdan sonra başlaya bilərik.  Ən birinci məsələ, özümüzdə hansı qorxunun yaşadığını təyin etməkdir.

  1. Səhv etmə qorxusu – birdəfəlik qəbul edin ki, əgər yaşayırsınızsa və hər hansı bir işlə məşğul olursunuzsa, mütləq səhv edəcəksiniz. Heç kim ideal deyil, siz də həmçinin. Əsas odur ki, həmin səhvlərinizi təcrübə kimi götürüb, gələcəkdə bu təcrübədən istifadə edəsiniz. Burda Amerikada 1093 patent almış məşhur ixtiracısı –  Tomas Edisonu misal göstrəmək istərdim. Lampanın közərmə lenti üçün material axtarışında olarkən, Edison 10 000 dəfə müxtəlif material üzərində eksperiment aparmışdır. Ona “Yəqin 10 000 dəfə uğursuzluğa düçar olmaq çox çətindir?” sualını verdikdə, Edison “Mənim 10 000 dəfə uğursuzluğum olmayıb, əslində mən lampanı necə düzəltməməyin 10 000 üsulunu müəyyən etdim”. Ona görə də məğlubiyyət yoxdur, ancaq səhvlərin nəticəsi ilə yeni yola çıxmaq var.
  2. Uğursuzluq qorxusu – bilin ki, yaşadığınız həyat məktəbində hər bir hadisə ola bilər. Siz ömrünüzün sonunadək arxa oturacaqda oturub, sükanı tanımadığınız sürücüyə vermək istəyirsiniz, yoxsa özünüz sükan arxasına keçib, tanıdığınız istiqamətə yol almağı üstün tutursunuz? Əgər üzərinizə məsuliyyəti götürüb irəliləyəcəksinizsə, sizə kömək üçün mütləq müxtəlif yollar açılacaq.
  3. Etiraz qorxusu – başqalarının iradəsindən asılı olan işlərin nəticəsinə görə siz məsuliyyətli deyilsiniz. Özünüzə uğursuzluq keçirməyə icazə verin. Bu etiraz sonuncu variant deyil.
  4. Tənqid edilmə qorxusu – Əgər tənqid edilmə qorxusunun əsası yoxdursa, onda öz keçmiş qələbələrinizə diqqətinizi yönəldin. Axı sizin bundan öncə qələbələriniz olub! Biz tənqid eşidəndə keşmiş uğurlarımızı unudub, ancaq uğursuzluğu yada salırıq. Bunun üzərində işləsək və özümüzə inansaq, həmin qələbə hissi tənqid edilmə qorxusu hissini üstələyəcək.

Yadınızda saxlayın ki, qorxu hərəkət etmə cəhdimizi əlimizdən alır. Özümüzə inamsızlıq, qorxu zəminində, unikal imkanları əlimizdən qaçırırıq. Qorxunu dəf edərək isə bizim öz gücümüzə inamımız artır, özgüvənimiz yüksəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir