Harri Potterin yaradıcısı Coan Roulinqdən 5 Uğur Məsləhəti

“Uğur” mövzusu ilə bağlı televiziya verilişlərinin birinə dəvət olunmuşdum. Söhbət əsnasında aparıcı belə bir sual verdi: “Yəni 35 yaşadək nə bacardınsa etdin, ondan sonra mümkün deyil? “Doğrusu bu sual mənə qəribə gəldi. Deməli cəmiyyətdə hələ də belə bir stereotip düşüncə vardır.

Biz məktəbi 17 yaşında bitiririk. Bu yaşda olan uşaqların bəzisi ya valideynlərinin məsləhəti ilə, ya da öz təşəbbüsü ilə istədikləri sahəni dəqiq seçə bilsə də, bir çoxu hələ nə istədiyini təyin edə bilmir. Elə də olur ki, hansısa sahəni seçir, ancaq təhsilini bitirdikdən sonra başa düşür ki, bu sahə “onunki” deyil. Bəzi insanlar özlərində güc tapıb yenidən başlasalar da, başqaları sevmədiyi peşədə qalaraq həmin sahədə uğur qazana bilmirlər. Nəticədə rutin həyat, məcburi iş, nevrotik düşüncələr insana həyatından zövq almağa imkan vermir.

Bu yaxınlarda qəbuluma bir cavan oğlan gəlmişdi. 25 yaşı var idi. Fiziki cəhətdən sağlam, yaraşıqlı, necə deyərlər “ağlı başında” mədəni bir oğlan idi. Həyatında tənbəlliyinə görə şansını qaçırmışdı və bundan depressiyaya düşmüşdü. “Artıq 25 yaşım var. Mənim taylarım iş-güc sahibidirlər, evləniblər, həyatlarında hansısa nailiyyətləri var. Ancaq mən 5 ilimi itirdim” kimi fikirləri ilə özünü nevroz durumuna gətirib çıxarmışdı. Belə düşüncələrlə insan əslində öz komfort zonasında oturaraq hərəkət etməkdən qorxur və müxtəlif bəhanələr axtarır. 

İnsan müəyyən bir yaşda – istər 25 olsun, istər 30, 40 və b. yaşda özünü başqa bir sahədə gördüyünü dərk edib həmin sahədə irəli gedə bilər. Bu onun uşaqlıqda maraqlandığı xobbisi, indi “dəbdə olan” peşələrə marağı və ya özündə gec görə bildiyi istedadı da ola bilər. Həmin sahədə işləmək insana doğurdan da zövq verirsə və həmin işdən ilham alırsa, çətinliklərə sinə gərib davam edirsə – o sahədə UĞUR qaçılmazdır.

Belə stereotip düşüncələri nəzərə alıb, öz uğurlarını nisbətən gec qazanmış, ancaq sonradan bütün dünyada məşhur olmuş insanlardan biri olan Coan Roulingi misal göstərmək istəyirəm.

Bütün dünyaya Harri Potteri hədiyyə edən Coan Rouling 10 iyul 1965-ci ildə anadan olmuşdur. Coan Roulingin uğuru 35 yaşında ona öz qapısını açmışdır. Bu yaşa qədər isə o, bir çox çətinliklərdən keçmişdir.

Sehirbazlar məktəbinə təhsil almağa gedən oğlan haqqında ideya Coan Roulingin ağlına qatarda yol gedərkən gəlmişdi. Çox utancaq olduğu üçün  o, yanındakı yolçulardan ideyanı qeyd etmək üçün qələm xahiş etməkdən də çəkinmişdi. Sonralar bu epizodu o, belə yada salır: “Bəlkə mən həmin an fikirlərimi kağızda qeyd etməklə yavaşıtsaydım, təsəvvürlərimin çoxunu yaddan çıxara bilərdim. Mən həmin axşam kitabı yazmağa başladım.”

1997-ci ildə kiçik tirajla çap olunan “Harri Potter və Fəlsəfə Daşı” romanı 3 ildən sonra İngiltərə və Amerikada, daha sonra isə bütün dünyada məşhur olmuşdur.  

Həmin 3 ildə Rouling boş dayanmamış, hər il həmin kitabın ardını yazaraq, çap etdirmişdir.

2001-ci ildə Harrinin macəraları haqqında ekranlaşdırılan film isə Coan Roulingə dünya şöhrəti və çoxlu mükafatla birlikdə milyonlarla qonorar da gətirmişdir.

Bu günkü xoşbəxtliyini Coan Rouling öz şəxsi keyfiyyətləri, əməyi və uğura inamına görə qazanmışdır.

Həmin uğurlu qadından 5 məsləhəti Sizə təqdim edirəm:

  1. Uğursuzluqlarınızı lənətləməyin, əksinə onlara minnətdar olun! Rouling inanır ki, məhz uğursuzluqlar bizi yaşamağı öyrədir, bizdə güc formalaşdırır. Çətinliklərlə əldə edilən qələbə asan yolla əldə edilən qələbədən daha şirindir.
  2. Sevgi – həyatda ən güclü duyğudur! Yazıçı hətta ölümün belə sevgi duyğusuna qalib gələ bilmədiyini söyləyir: “Axı biz yaxınlarımızı itirdikdə, onlara qarşı olan sevgimizi itirmirik”. Heç vaxt sevgidən imtina etməyin. Əgər ona sonadək sədaqət göstərsəniz, o mütləq sizi mükafatlandıracaq.
  3. Öz qorxularınızı aradan qaldırın! Əgər mən qucağımda kiçik uşaqla, əlimdə isə yaşamaq üçün vəsaitsiz həyat yoldaşımdan ayrılmaqdan qorxsaydım – heç bir şey alınmazdı.
  4. İnanın ki, uğur mütləq sizə gülümsəyəcək! Birinci uğursuzluqdan sonra əlinizi işdən soyutmayın və özünüzə təkrarlamayın ki, mənim bəxtim heç vaxt gətirməyəcək.
    Ətrafdakılar sizə inanmasalar da, Siz öz uğurunuza inanmalısınız.
  5. Sevdiyiniz işə özünüzü tam həsr edin! Əvvəlcə ürəyinizcə olan işi tapın. Nə vaxt siz başa düşsəniz ki, bu işlə ömrünüzün sonunadək məşğul olmaq istəyirsiniz, həmin işdən zövq alaraq, işinizi maksimum yaxşı görməyə çalışın.

Öz əməyi sayəsində böyük uğurlar qazanmış insanlar barədə söhbətimiz hələ davam edəcək. Siz də həmin insanların keçdiyi çətin və maraqlı yolları öyrənmək istəyirsinizsə, onda bloqu oxumağa və başqa sevdiyiniz insanları da ruhlandırmaq üçün bəyəndiyiniz məqalələri paylaşmağa davam edin.

HƏR KƏSƏ ÖZÜNÜ “TAPDIĞI” SAHƏDƏ UĞUR VƏ BAŞARI DİLƏYİLƏ!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir