Başıbəlalı Təhsil, Yoxsa Təhsil Adı Altında Övladlarımıza Verilən Xəstəlik?

Bu gün həm bir valideyn, həm də bir psixoloq kimi uşaqlarımıza təhsil adı altında verilən xəstəliklər barəsində danışmaq istəyirəm.

Söhbət məktəblərdə aparılan Böyük Summativ Qiymətləndirmədən (BSQ) gedir. Bir gündə 2-3, böyük siniflərdə hətta 4-5 Böyük Summativ Qiymətləndirmənin keçirməsində məqsəd nədir? 

QEYD: BSQ-yə hazırlıq üçün uşaq yarımillik materialı təkrarlamalıdır.

Mənim qızım 3-cü sinif şagirdidir. Dünən sinifdə 2 ağır dərs sayılan Azərbaycan dili (rus sektoru üçün) və Riyaziyyatdan – 2 dərs ardıcıl olaraq Böyük Summativ Qiymətləndirmə  (BSQ) keçirilib – həm də tənəffüssüz. Uşaqlar sonuncu dərsdən göz yaşları içində çıxıblar. Niyə? Çünki verilən testləri yazıb çatdıra bilməyiblər. Niyə çatdıra bilməyiblər? Çünki uşaqların yaşlara görə diqqət həcmi normaları var.

İbtidai siniflərdə şagirdlərin ixtiyari diqqətləri hələ yenicə inkişaf etməyə başlayır. Diqqətin imkanları 1-4-cü siniflərdə oxuyan hər uşaqda fərdi olaraq müxtəlifdir. Dərslərini yaxşı çatdıran uşaqlarda diqqət orta, əlaçılarda yaxşı, çatdırmayanlarda isə diqqətin səviyyəsi daha az müşahidə olunur. Ancaq 3-cü sinifdə ixtiyari diqqətin inkişafında artımın müşahidə olunması baş verir ki, bu da tədrisə marağın artması və motivasiya ilə bir inkişaf edir.

Kiçik məktəb yaşında diqqətin iradi idarə olunması imkanları hələ ki, məhduddur. Kiçik yaşlı məktəbli ancaq müəllimdən “5” alma və təriflənmək motivasiyası ilə diqqətini toplayıb işləyə bilər. Öz adımdan danışaraq qeyd etmək istəyirəm ki, mən və bu vaxtacan istər baxça dövründəki müəllimlər, istərsə də məktəbdə dərs keçən müəllimlər tərəfindən qızım haqqında ancaq aktiv, diqqətli və yaddaşlı olduğu üçün daima tərif eşitmişəm. Özüm də uşağın qabiliyyət və bacarığına güvənirəm. Tanıdığıma  görə əminəm ki, bizim sinifdə təhsil alan və dünən ağlayaraq dərsdən çıxan uşaqlar da həmçinin dərrakəli uşaqlardır.

İndi mən bu işdə məsuliyyətli olan Təhsil Nazirliyinn səlahiyyətli şəxslərinə üzümü tutub soruşuram. 3-cü sinif şagirdi, yəni 9 yaşlı uşaq diqqətini neçə dəqiqə toplayıb saxlaya bilər? 90 dəqiqə ardıcıl olaraq (tənəffüssüz) 2 müxtəlif dərsə uşaq necə cavab verə bilər?

Öz sinfimizdəki müşahidələrə əsaslanaraq qeyd etmək istəyirəm ki, 2 summativə bir gündə hazırlaşan uşaqlar həmin gün baş ağrısından, qorxu və həyəcandan şikayət ediblər. Hətta iş o dərəcəyə çatıb ki, bir ana  uşağa əsəb sakitləşdirici dərman verməyə də məcbur olub.

Bilirəm ki, bu hal tək bizim təhsil aldığımız məktəbdə baş vermir, bütün məktəblərdə valideyn və şagirdlər bu cür keçirilən BSQ-dən şikayətçidirlər. Yuxarı siniflərdə 4-5 BSQ-ni 1 gündə keçirtməkdə Təhsil Nazirliyinin məqsədi nədən ibarətdir?

Əslində yuxarı siniflərdə oxuyan uşaqların ixtiyari diqqəti – inkişafının daha yüksək səviyyəsinə çıxır. Şagird artıq daha uzun müddət müəyyən bir fəaliyyətlə məşğul ola bilir, öz davranışına nəzarət edir. Ancaq nəzərə almaq lazımdır ki, diqqətin keyfiyyətinə həm verilən tərbiyə şəraiti, həm də yeniyetməlik dövründə baş verən fizioloji dəyişikliklər təsir göstərir. Belə ki, uşaqlarda fizioloji dəyişikliklər yüksək səviyyəli yorğunluqla müşayiət olunur.  

Bir gündə belə keçirilən BSQ-lər uşaqlarda özgüvəni aşağı salır, dərsə olan marağı və həvəsi öldürür, “uğursuz və bacarıqsız insan” kompleksi yaradır. Nəticədə 1-ci sinifdə məktəbə həvəslə gələn uşaq, artıq 3-cü sinifdə həm məktəbə, həm dərsə, həm də müəllimə nifrət edir. Əgər 3-cü sinifdə artıq uşaqda məktəbə qarşı nifrət varsa, onda yuxarı siniflərdə oxuyan uşaqların motivasiyası barədə danışmağa heç dəyməz. 

Bundan başqa müəllimlərin uşaq psixologiyasından xəbərsiz olmaları, uşaqlarla aqressiv rəftarı, dərsi keyfiyyətli keçməmələri də əlavə olaraq uşaqlarda dərsə olan həvəsi öldürür.

Dərsə girib başıbəlalı BSQ-nin nəticələrinə görə 2 qiymət alanların siyahısını uşaqlara oxuyandan sonra uşaqlarda hansı dərsə həvəsdən söhbət etmək olar? Bir sinfin yarısı necə və niyə 2 qiymət alıb? Uşaqlara “2-alan” damğası vurmaq nə deməkdir? Uşaqları mənəvi və psixoloji cəhətdən sındırmaqla hazırkı təhsil hansı məqsədi güdür?

Hələ hər il kitablarda edilən dəyişikliklərin, dərsliklərdə çap olunan səhvlərin – həm uşaqları, həm valideynləri, həm də müəllimləri çaş-baş qoymasında danışmıram. Bu ayrıca bir mövzudur. Bəlkə uşaqlara belə təzyiq göstərmədən əvvəl kitablardakı səhvlərə baxıb, onlara hansı yalnış məlumatların verilməsinin qeydinə qalıb, sonra uşaqları imtahan edəsiniz?! Onlar axı məlumatları sizin tərtib etdiyiniz həmin yalnış kitablardan alırlar…

İndi isə ƏSAS MƏSƏLƏ:

Bilməyənlər üçün psixoloji cəhətdən uşaqlarda yaşanan bu stresslərin hansı xəstəliklərə yol açdığı barədə məlumat vermək istəyirəm.

1. Nevrozlar – Sayrışan halların nevrozu – qorxular, fobiyalar, tiklər, kəkələmələr, enurez, enkoprez, nevrasteniya və b. Qeyd edim ki, bu nevrozların müalicəsi uzun müddət tələb edir və müalicədən sonra gələcəkdə stressli situasiya zəminində yenidən təkrarlana bilər.

2. Ürək-damar xəstəlikləri

3. Mədə xəstəlikləri – mədə xorası, qastrit və b.

4. Şəkərli diabet. Stressin verdiyi xəstəliklər barədə uzun siyahı göstərmək olar. Ancaq elə təkcə bu siyahı məsələnin nə qədər ciddi olduğundan xəbər verir.

Onu da nəzərinizə çatdırım ki, BSQ məktəbdə təşkil olunmuş xüsusi komissiya tərəfindən keçirilir. Yəni ibtidai siniflərdə uşaqların öyrəşdiyi müəllimə çıxır, başqa müəllimə BSQ-də iştirak edir. Bu da uşaq üçün əlavə bir stressdir. Məgər bizim uşaqlarımız ali məktəbə imtahan verir? Niyə hər zaman öyrəşdiyi müəllimə BSQ-ni keçirmir?

Uşaqların ibtidai sinifdə müəlliməyə və dərsə psixoloji adaptasiyası üçün xüsusi vaxt tələb olunur. Bunu bu sistemi təşkil edən insanlar bilir görəsən? Uşaqlara bu cür göstərilən təzyiq nə əhəmiyyət kəsb edir?

İndi soruşmaq istəyirəm ki, uşaqları bu cür sındırmaqla ölkəmiz və ölkəmizin bizim kimi sadə vətəndaşları nə əldə edir? Belə getsə, bu təhsil sistemi ilə ancaq gələcəkdə təhsilə, elmə marağı olmayan, sındırılmış, savadsız və müxtəlif xəstəliklərlərdən əziyyət çəkən insanları qazanacağıq.

Bəlkə bu günkü təhsilimizin məqsədi bundan ibarətdir? Bu cür gələcəyi olan ölkədə hansı inkişafdan söhbət gedə bilər?

Bəlkə bu barədə Təhsil Nazirliyinin başında duran səlahiyyətli şəxslər bir az fikirləşsinlər və çıxış yolu tapsınlar. Yəni bir gündə cəmi 1 Böyük Summativ Qiymətləndirməni (BSQ) keçirməyin yolunu tapmaq çox çətindirmi?

Sonunda bizə nə lazımdır? Gələcəyin sağlam, savadlı insanları, yoxsa xəstə, savadsız, sındırılmış gəncləri?

Bu cür başıbəlalı təhsilin kimə sərf edə biləcəyi barədə sual indi  mən başda olmaqla, bütün əziyyət çəkən valideynləri düşündürür.

P.S. Məktəbimizə yeni direktor təyin olunub. Yeni direktor vəzifə səlahiyyətlərinə ertəsi gün məktəbin əsas giriş qapısını bağlamaqla başlayıb. Belə ki, səhərin qaranlığında, soyuq, yağışlı gündə məktəbə həmişə əsas qapıdan daxil olan şagirdlərin üzünə qapı bağlanıb, onları məktəbə daxil olmaq üçün arxa qapıya yönləndiriblər. İndi burdan bir sual ortaya çıxır: Məktəb qapısı kimin üçün nəzərdə tutulub? Orada oxuyan şagirdlər üçün, yoxsa direktorun şəxsi istifadəsi üçün?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir