Bağışlama Möcüzəsi: Bağışlama İnsana Nə Verir? Bağışlama Texnologiyaları

Həyatınız boyu neçə insan xətrinizə dəyib, sizə qarşı pis niyyətli olub və ya sizə qarşı pis hərəkətlər edərək  sizin nifrətinizi qazanıb? Hadisələr nə vaxt baş verib? İndi həmin hadisələri yada salanda necə hisslər keçirirsiniz? Qıcıqlanırsınızmı? İçinizdən od püskürürmü? Yoxsa illər sonra sakitləşmisiniz, amma yenə bu məsələyə toxunanda həmin hissləri yenidən yaşayırsınız? Sizə keçirdiyinizn hisslər nə verir? Bu hisslərlə davam etmək istəyirsiniz, yoxsa həyatınızı daha yüksək səviyyəyə çıxarmaq istəyirsiniz?

Əslində bağışlama nədir? Bağışlama mexanizmi necə işləyir?

Bağışlanmanı başa düşmək üçün öncə inciklik, kin, nifrət hissləri nədir və insana nə verir sualına cavab verək.

Kim deyə bilər ki, həyatı boyu heç kimdən küsməyib, inciməyib? Bəzən bu incimək, kin-niftər bəsləməyin real olaraq səbəbi olur. Istər televiziyada, istərsə də sosial şəbəkələrdə – çoxlu sayda neqativ hadisələrlə rastlaşırıq – bunlar fiziki və cinsi zorlama, ailədaxili şiddət, adam öldürmə hadisələri də ola bilər. Bunlar əslində psixoloji travmadır.

Bəs xırda şeylərə görə nə qədər belə hisslər keçiririk? Bəs öz uğursuz həyatında başqalarını günahlandıran nə qədər insan var?! Bəziləri bunu özlərınə həyat yolu seçiblər və ondan qurtulmağa cəhd göstərmək də istəmirlər. Əslində yaş ötdükcə insan müdrikləşməli, həyatda baş verən hadisələrə daha fərqli reaksiya göstrəməlidir. Amma çoxmu belə müdrik insanlara rast gəlirik? Bəzən yaşı-başı ağarmış insandan “1982-ci ildə filankəs mənə filan sözü dedi” kimi kəlmələri də eşitmək olur.

 Əslində inciyib, küsərkən biz qurban rolunu oynayırıq.Qurban arxetipi isə bizim hər birimizin beyninin dərinliklərində oturub və kütləvi şəkildə şüurumuza təsir göstərir. Biz isə bu arxetipi nəsillərdən-nəsillərə ötürürük. Bəlkə elə bu gün öz beynimizi tranformasiya edərək həm özümüzü bu bəladan qurtaraq, həm də gələcək nəsillərin şüuruna yeni azad arxetiplər yazaq?

İnciklik, kin, nifrət hissləri bizə nə verir?

Qurban şüuru – əqidə kimi formalaşır. Kimsə sizə qarşı pis hərəkət edib və sizə elə gəlir ki, həmin şəxs sizin həyatınızda sakitlik və xoşbəxtliyin pozulması üçün məsuliyyət daşıyır. Bəs inciklik, kin, nifrət kimə daha çox təsir göstərir? İncidənə, ya inciyənə? İnciyən elə bilir ki, nə qədər çox incisə, o qədər də ədalət onun tərəfində olaraq, qurban olduğu üçün ona hədiyyə göndərəcək, yəni ədalət bərqərar olacaq. Amma heç bir möcüzə baş vermir. Əksinə inciyən şəxs özü üçün məhv proqramı yazır. İnsan incikliyi, kini daxilində gəzdirir, incidənə qarşı tənqidi fikirlərini dəfələrlə beynində “fırladır” və daha da həmin kinin, nifrətin içinə düşür. Artıq incikliyin ilkin mənası itir, insan ancaq özünü içəridən “yeməkdən” elə bil “həzz” alır. Nəticədə, enerji sahəsi pozulur və müxtəlif xəstəliklər üçün yaxşı şərait yaranır. Belə insanlarda ürək xəstəlikləri, şəkər və ən nəhayət onkoloji xəstəliklər meydana gəlir.

İncidən şəxs isə sizin ağrı-acınızdan xəbərsiz olaraq rahat öz həyatını yaşayır.

İnciklik, kin, nifrətdən qurtulma yolları

İnciklik, kin, nifrətdən qurtulma yolu  ancaq – Bağışlamadır.

Bizə elə gəlir ki, nə vaxtsa bizim həyatımızda baş verən bu və ya digər hadisə – ən pis hadisədir. Ancaq əslində bu hadisə bizim inkişaf və xoşbəxtliyimizə mane olan, dərinlikdə gizlənmiş hər hansı travmanın şəfası üçün  açardır. Ona görə də bizə çoxlu problem gətirən xoşagəlməyən insanlar, bizim ən yaxşı müəllimlərimiz ola bilər. (Kolin Tippinq “Radikal bağışlama”)

Bağışlama incidənə haqq qazandırmaq deyil. Bağışlama – olan hadisəyə qarşı münasibəti dəyişməkdir. Bağışlama incidən üçün olunmur, o ancaq sizi neqativ fikirlərdən azad edərək işıqlı gələcəyə doğru aparmaq üçündür. Əgər insan mexaniki bağışlamaya razı olur, amma incidən adam yenə də onu qıcıqlandırırsa, deməli ruhi səviyyədə bağışlaya bilməyib. Ancaq bağişlanılan insana qarşı qıcıq hissiniz qalmayanda, onunla sakit münasibət qura bildiyinizdə – bağışladığınızdan tam əmin ola bilərsiniz.

Bağışlamaya nə mane olur?

  • İftixar və təkəbbür
  • Başqa insanların tənqidi fikirlərindən qorxmaq
  • Şüuraltı intiqam hissi
  • Özünü bağışlaya və başqasından əfv diləyə bilməmək
  • Öz dediyinin üstündə durma, ədalət axtarma
  • Öz hisslərini göstərmək qorxusu
  • İncikliyi, kini unuda bilməmək
Bağışlamaya nə mane olur?

Bağışlamanın bizə verdiyi xeyir

Bağışlayan zaman sizdə olan kin və aqressiya səviyyəsi azalır, sevgi emosiyaları və inam artır. Sizə mane olan, ləngidən keçmiş hadisələrədn azad olursunuz, fiziki və psixi sağlamlığınıza qovuşursunuz. Bağışlama nəticəsində insana əziyyət verən fiziki ağrılar yox olur. Həm də bağışlama zamanı sizin xoşbəxtlik səviyyəniz qalxır. Çünki siz bağışlayarkən xoşbəxtliyiniz üçün məsuliyyəti öz üzərinizə götürürsünüz.

Beyninizdə möcüzə üçün yer açın!

Beyninizdə möcüzə üçün yer açın!

Praktikamda bağışlanma möcüzəsi ilə bağlı çoxlu misallar göstərə bilərəm. Onlardan birini nümunə olaraq burda yazmağımda fayda var.

Yanıma bir qadın gəlmişdi. Problemi qorxu idi. Yaxınlarda bir hadisə baş vermişdi və qadında həmin hadisədən sonra qorxu qalmışdı. Son zamanlar yüksək təzyiqdən də şikayətlənirdi. Daxilində bir titrəmə hiss edirdi və heç cürə bunun öhdəsindən gələ bilmirdi. Qazın üstünə qabda su qoyaraq, əllərini həmin suyun buxarında qızdırmağa cəhd göstərsə də – əlləri  buz kimi soyuq qalırdı.

Qorxusu ilə işlədikdən sonra, daha hansı neqativ hissləri olduğunu soruşdum. Həyat yoldaşına nifrətindən danışdı. “Zəhləm gedir ondan! Mənim belə ağır zamanımda mənə dayaq durmur, əksinə daha da aqressiv davranır. Mən isə o, xəstə olanda əlimdən gələni edirəm. Deyirəm, məni küçəyə çıxar, bəlkə ev məni sıxır. O isə qaçır bu söhbətdən, qışqırır, mənimlə kobud davranır.” deyərək hisslərini ifadə etdi.

Sonra bütün olub-keçəni araşdırdıq, hadisələrə daha ayıq gözlə baxdıq, diaqnostika edərək belə bir nəticəyə gəldik. Birincisi aşkar oldu ki, həyat yoldaşının bir gözü görmür. Qadının bir dəfə küçədə həyat yoldaşının yanında halı dəyişib yıxılıbmış. İndi kişi qadını bu xəstə halı ilə küçəyə çıxarmaqdan qorxur və qorxu aqressiya formasında özünü göstərir.

Hadisəyə həyat yoldaşının gözü ilə baxdıqda qadın kişinin aqressiyasının səbəblərini anladı, hətta ona “yazığı” da gəldi. Məsələnin əsas səbəbini dərk etdikdən sonra, onu bağışlamasını təklif etdim. Qadın dirənmədən rahat şəkildə həyat yoldaşını bağışladı. Həmin andan etibarən bədəni qızışmağa başladı, daxilindəki titrətmə yox oldu. Sabahı gün ona zəng edib əhvalını soruşanda, artıq yataqdan durub ev işləri ilə məşğul olduğunu, hətta təzyiqinin də stabilləşməsini bildirdi.

Bu qadının məsələni tez dərk edib, bağışlamanı qəbul etməsi onu yataqdan qaldırdı. Bəzən insanlar bağışlamanı qəbul etmir, “Axı mən bunları necə unudum? Axı mən dəyişirəm, o insan axı dəyişmir” kimi dirəncli fikirlər söyləyirlər. Başa salıram ki, sizdə olan xəstəliklərin səbəbi sizin beyninizdədir. Amma yenə də xəstə olmağını qəbul edir, amma bağışlamanı yox.

Bəzən də bağışlamanı başa düşür, deyir ki, “bağışlayıram”, amma o insana qarşı qıcıq duyur. Nə qədər ki, o insanın hərəkətindən qıcıqlanırsınız, demək ki, bağışlamamısınız. Nə zaman ki, o insanı görəndə sizdə neqativ hisslər oyanmır, o an deməli siz onu qəbul etmisiniz və həqiqətən bağışlamısınız.

Bağışlama – əfv deyil. Bağışlamaq o demək deyil ki, siz cinayəti cəzasız qoyursunuz. Bəzi insanlar cinayət edir və onlar məhkəmə qarşısında cavab verməlidirlər. Bağışlamanı siz özünüz üçün edirsiniz. Bağışlama sizi azad edir. Siz kimisə bağışlayanda beyninizi azad edirsiniz, həyatınıza girmək istəyən xoş hadisələr və möcüzələr üçün yer açırsınız. 

Bağışlama Texnikaları

Bağışlamaq üçün birinci olaraq siz öz neqativ hisslərinizi ifadə etməlisiniz. “Hə, mən başa düşdüm. Mən onu bağışlayıram” deməklə siz içinizdə olan hislləri bloklayırsınız ki, bu da xəstəliklərə yol açır. Hissləri ifadə etməyin sadə yolu vardır. Kağız və qələm. Beyin və əl arasında enrgetik qüvvə vadır. Əgər siz daxilinizdə olan neqativ enerjidən azad olmaq istəyirsinizsə, yazıdan istifadə edə bilərsiniz.

Texnika 1

3 məktub yazacaqsınız. Birinci məktubda hadisəni ətraflı yazaraq, incidənə qarşı bütün nifrətinizi, kininizi ortaya qoyacaqsınız. Əsas odur ki, sizdə olan bloklanmış enerji yazı vasitəsilə çıxsın. Sözünüz bitənə qədər yazmağa davam edin. Yazı zamanı, əgər ağlamaq istəyirsinizsə, ağlaya bilərsiniz. Əgər hirsiniz bununla soyumursa, yanınızaa balış qoyub onu hirsiniz soyuyana qədər yumruqlaya bilərsiniz. Amma çaşıb məktubu incidən şəxsə yollamayın, yoxsa konflikt daha da geniş vüsət alar)).

İkinci məktubu səhəri gün  yaza bilərsiniz. Bu məktubda artıq bir az yumşaq formada olacaq. Əgər siz birinci məktuba çoxlu enerji verərək, neqativ hisslərdən azad olmusunuzsa, ikinci məktub sizdən asılı olmayaraq yumşaq formada alınmalıdır.  Bu məktub artıq  incidəni anlama formasında yazılmalıdır, hətta bağışlanmaya yer qoymaq olar. Bu məktubu da göndərməyin!

Üçüncü gün üçüncü məktubu yazırsınız. Artıq burda məsələyə daha başqa gözlə baxmağa çalışın. Bu məsələnin niyə sizin həyatınıza daxil olmağı haqqında fikirləşin, onu bir həyat təcrübəsi olaraq götürün. Bu insanın sizin həyatınıza niyə daxil olduğunu və sizə nələrin dərk etdirilməsi üçün göndərildiyi barədə düşünün. Onu həyat müəllimi kimi qəbul edin və bağışlayın.

Məktubların üçü də sizdə qalır!

Bu texnika Kolin Tippinqin “Radikal bağışlama” (ing. Colin Tipping “Radical forgiveness”, rus. Колин Типпинг “Радикальное прощение») kitabından götürülmüşdür. Əgər bağışlama haqqında daha dərindən öyrənmək istəyirsinizsə, bu kitab çox böyük yardımçınız ola bilər. Bu kitabda bağışlama üçün çoxlu texnikalardan da istifadə edə bilərsiniz.

Texnika 2

İkinci texnika meditativ vəziyyətdə olmağı tələb edir. Əgər siz əvvəllər meditasiya ilə məşğul olmusunuzsa, daha tez həmin vəziyyətə düşə bilərsiniz. Əgər meditasiya etməmisinizsə, onda sakit və rahat yer tapıb, gözünüzü yumub 10-dan 0-a qədər sayın, 2-3 dəfə dərindən nəfəs alın və texnikaya başlayın.

Təsəsvvürünüzdə bağişlamali olduğunuz insanı və və yeri seçin. Yer seçəndə həmin hadisəni xatırladacaq yer olmasına diqqət yetirin. Bağışlanmalı şəxsi açıq-aydın görün. Siz indi bağışlanma haqqında danışacaqsınız. Arxanızda sizə dayaq ola biləcək 3 nəfəri seçin. Bunlar dünyada çox məşhur, sizin hörmətinizi qazanan insanlar ola bilər. Məsələn, Avraam Linkoln, Koko Şanel, Bill Qeyts və b. Əsas sizin intuisiyanıza yaxın olan insanlar olsun ki, sizə yardım edə bilsinlər. Əgər yer sizə diskomfort verirsə, başqa yer də seçə bilərsiniz – dağlarin başı, gözəl baxça və s.

Sonra həmin insan sizi necə incidibsə, hansı travmaya məruz qoyubsa – onu mühakimə edərək söyləyin. Həmin hissləri, ağrını-acını təkrar yaşayın. Əgər qışqırmaq qistəyirsinizsə, buna imkan varsa qışqırın, stola vurmaq istəyirsinizsə, vurun.

Hirsi özünüzdən çıxarandan sonra – həmin hadisənin sizə nə verdiyi barədə düşünün və sakit hala gəlin. Yenə sizin arxanızda dayaq qrupu dayanmışdır. Həmin hadisə sizə nə verdi? Bəlkə ağrı-acıya dözümlülüyünüzü artırdı? Siz daha bərkidiniz, möhkəmləndiniz. Bəlkə anladınız ki, kimə inanmaq olar, kimə yox? İstəsəniz arxanızda dayanan müəllimlərinizdən də soruşa bilərsiniz.

Sonra fikirləşin ki, həmin insanı buna nə vadar etdi? Bəlkə o da uşaqlıqda hansısa travmanı yaşamışdır?! Ona görə belə aqressiv və başqalarını incidən hərəkətlərə yol verir? İndi də situasiyaya onun gözü ilə baxın.

Bəzən bağışlamaq həqiqətən çətin olur. Amma təsəvvür edəndə ki, o insanın problemi və ya travması bəlkə sizinkindən də çoxdur, bağışlama daha asanlaşır bizim üçün.  Siz onun üzərindən günahı silmirsiniz, siz ancaq başa düşürsünüz ki, bu insan özü yaralıdır və harada necə hərəkət edəcəyini bilmir.

Nə vaxt ki, siz bağışlayırsınız, olan hadisədən dərs götürürsünüz, hadisəyə incidənin gözü ilə baxırsınız – siz daha tez bağışlayıb, o insanı buraxırsınız. Nə vaxt ki, siz hadisəni və insanı buraxırsınız, həmin insan sizi qıcıqlandırmır, deməli siz doğurdan da bağışlamısınız.

Nə qədər ki, siz bağışlamırsınız – belə hadisələr təkrar-təkrar sizin həyatınızda baş verəcək. Hadisələr dəyişir, insanlar dəyişir, amma sizin hissləriniz eyni qalır. Bu hadisələr sizin “müalicəniz” üçün, yəni həyatdan dərs götürməyiniz üçün göndərilir. Nə zaman bu mexanizmi başa düşüb, bağışlayacaqsınız – o zaman həyatınızda xoş hadisələri görə biləcəksiniz. Əks halda bütün ömrünüzü Qurban rolunda keçirə bilərsiniz.

Sonda Kolin Tippinqin beynimə həkk olmuş sözləri ilə bitirmək istəyirəm.

BEYNİNİZDƏ MÖCÜZƏ ÜÇÜN YER AÇIN!

Bağışlama Möcüzəsi: Bağışlama İnsana Nə Verir? Bağışlama Texnologiyaları” üçün bir açıqlama

  1. Ne gözel yazmisiniz. Men de evveller cetin bagislayan insan idim. Özünü inkişaf kitablari oxuduqdan sonra negativ xarakterlerimi temizledim, özüme mexsus xarakterlerimi uze cixardim. Neticede hem özümü tanidim, hem de insanlarin travmalarini daha aydin gormeye basladim ve kin, nifret duygularim yox olub, asanliqla bagislayiram ve insanlari sevirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir