Məqalələr

Dünyaya gələcək körpənin cinsinin təyini

Gələcək körpənin cinsinin planlaşdırılması

Onun gəlişini hamı gözləyir. Hamı onun gəlişinə əsaslı şəkildə hazırlaşır, onu sevgiylə əhatə etmək, əzizləmək istəyir. Bəli hamı dünyaya gələcək sevimli uşağın ilk növbədə sağlam olmasını diləyir. Lakin bəzən valideynlər gələcək ailə üzvünün cinsini də bilmək istəyirlər. Bəs gələcək körpənin cinsini planlaşdırmaq mümkündürmü?

Qədim Çinlilər fikirləşirdilər ki, bu doğrudan da mümkündür. Onların fikrincə payız, qış aylarında baş verən mayalanmadan oğlan, yaz və yaydakından isə qız uşağının doğulması ehtimalı daha yüksəkdir. Yaponlarda isə doğulacaq uşağın cinsinin təyin olunması üçün xüsusi cədvəl belə mövcuddur. Təəssüf ki, təcrübə bu üsulların o qədər də dəqiq olmadığını göstərir. Lakin körpənin hansı cinsə mənsub olacağını müəyyənləşdirmək üçün başqa üsullar da var.

Bu üsullardan biri cinsi əlaqə aktının tezliyinin tənzimlənməsinə əsaslanır. Əgər gələcək körpənizin oğlan olmasını istəyirsizsə cinsi yaxınlığın mütəmadi və tez-tez olması vacibdir, əgər qız gözləyirsizsə, əksinə bir neçə həftə fiziki yaxınlıqdan çəkinmək yaxşı olar. Məlumdur ki, uşağın cinsi atanın X və ya Y xromosomuyla müəyyən olunur. Əgər ananın X xromosomuyla (yumurta hüceyrədə), atanın Y xromosomu (spermotozoiddə) birləşirsə, uşaq oğlan, ananın X xromosomuyla, atanın X xromosomu cəmləşirsə, körpə qız olacaq. Ata uzun müddət cinsi əlaqədən çəkinirsə, onda sperma ifrazı dayanır və orqanizmdə Y xromosomlara qarşı antitellər yaranmağa başlayır ki, bu da həmin Y xromosomları blokada edir. Nəticədə növbəti cinsi əlaqə zamanı valideynlərin hər ikisinin X xromosomlarının görüşmə ehtimalı daha çox olur. Bu üsulun dəqiqliyini həkimlər 60% civarında qiymətləndirirlər. Oğlan planlaşdırılması zamanı isə şanslar 70%-ə çatır.

Belə bir fikir də mövcuddur ki, gələcək körpənin cinsinin təyini valideynlərin qidalanmasından və xüsusi pəhriz rejimlərindən asılı ola bilər. Əgər qız övladı dünyaya gətirmək istəyirsizsə, gündəlik qida rasionunuzda maqnezium və kalsiumla bol qidalara üstünlük verə bilərsiniz. Tərəvəzlərdən bu qrupa - kartof, çuğundur, xiyar, yer kökü həmçinin meyvələr (ərik, gavalı, banan, portağal istisna olmaqla) aiddir. Məsləhətdir ki, ət və duzlu balığa gündəlik menüdə az yer verilsin. Oğlan uşağını arzulayanlar isə əksinə daha çox kalium nə natrium içərən qidalara üstünlük verə bilərlər. Bura ət və kolbosa məhsulları, balıq, meyvələrdən banan, portağal, şaftalı və gilas aid ola bilər. Bu cür üsulun dəqiqliyi 50-55% civarında qiymətləndirilir.

Lakin bu üsulları seçərkən diqqət etmək lazımdır ki, onların gözlənilməsi rahat və komfortlu olsun. Qəti addımlar, ifrata varan dəqiqliklə yalnız adı çəkilən qidaların qəbulu və ya cinsi həyatın qrafikləşdirilməsi əks effekt verə və hətta sağlamlığınıza da ziyan vura bilər.

Ümumiyyətlə gələcək körpənin cinsini təyin etmək üçün istifadə olunan metodlardan ən dəqiqi kimi implantasiyaönü perinatal diaqnostika hesab olunur. Başqa sözlə süni mayalandırma vasitəsilə embrionun cinsinin təyini. Bu zaman lazer sitometrlə lazımi xromosom dəstinin seçimi aparılır. Müvafiq xromosom tərkibli spermotozoidlə mayalandırılmış yumurta hüceyrəsi qadının uşaqlığına implantasiya edilir və bununla da süni mayalanma başa çatır. Bu üsulun dəqiqliyi 90% təşkil edir. Bu üsuldan ən zəruri hallarda, məsələn ailədə irsi xəstəlik (hemofiliya, talesemiya və s.) olduğu zaman istifadə olunur. Belə ki, misal üçün hemofiliya genlərinin daşıyıcısı qadın olduğu halda bu xəstəliyə yalnız oğlan uşaqları tutulur.

Dünyaya gələcək körpənin cinsini planlaşdırmazdan öncə bu barədə dərindən düşünmək lazımdır. Əgər bu məsələ prinsipial deyilsə ümumiyyətlə belə planlaşdırmadan vaz keçsəniz yaxşı olar. Axı nəticədə körpə dünyaya gələndə gözləmədiyiniz cinsə mənsub olarsa bu həm Sizə həm də dünyaya yenicə gözlərini açan balacanıza psixoloji sarsıntı gətirə bilər.

İndi isə gələcək körpənin hansı cinsə mənsub olacağının təyin olunması barədə danışaq.

Uşağın cinsinin təyini.

Hamilə olduğunu öyrənən hər bir xoşbəxt ana yəqin ki, gələcək balacası barədə xəyallar qurmağa başlayır. Görəsən onun həyat hədiyyə edəcəyi uşaq kim olacaq? Həyatda nəyə nail olacaq? Nəhayən körpə oğlanmı olacaq, yoxsa qız? Bu sualların ən dəqiq cavabı əlbəttə körpə dünyaya gələndən sonra bilinəcək. Hal-hazırda gələcək körpənin cinsinin müəyyənləşdirilməsinin xeyli üsulları var. Bu üsullardan hansının seçilməsi yalnız Sizin qərarınızdan, effektivliyi isə təcrübənizdən asılıdır.

Doktor L. Şettlzin nəzəriyyəsinə əsasən dünyaya gələcək körpənin cinsinə mayalanmanın vaxtı təsir edir. Onun zənnincə X xromosomlu spermotozoidlər qadın orqanizmində daha çox yaşamını saxlayır.Buna görə də ovulyasiyadan 1-4 gün əvvəl baş verən mayalanma nəticəsində dünyaya gələcək uşağın qız olması ehtimalı artır. Bu nəzəriyyəyə görə uşağın oğlan olması üçün valideynlər cinsi əlaqəyə ya ovulyasiyaya 12 saat qalmış ya da elə ovulyasiya zamanı girməlidirlər.

Bəzi alimlər tərəfindən gələcək körpənin cinsinin planlaşdırılması üçün xüsusi pəhrizlər tərtib edilmişdir. Bu pəhrizlərə mayalanmadan bir neçə ay əvvəl riayət edən gələcək ana doğulacaq uşağın igid pəhlivan və ya gözəl xanım olacağına ümid edə bilər. Avstriyalı alim, professor Feyxtinger hesab edir ki, oğlan anası olmaq istəyən qadının gündəlik qida rasionunu kalium və natrium ionlarıyla zəngin qidalar təşkil etməlidir. Bu qəbildən olan ərzaqlara: balıq, kartof, göbələk, paxlalılar, yumurta zülalı, gilas, ərik, xurma, şaftalı, gavalı, içkilərdən, çay, meyvə şirələri, qazlaşdırılmış sular aid ola bilər. Qız arzulayan ana isə maqnezium və kalsiumu bol olan qidalara üstünlük verməlidir. Bu zaman ət və balıq məhsullarının qəbulunu azaltmaq, mayasız (drojsuz) çörək məhsullarından, bibər, pomidor, soğandan, içkilərdən, sitrus şirələri, kakao və kofeyə üstünlük vermək olar. Həmçinin şəkər və duzun da istifadəsinin məhdudlaşdırılmasına nəzarət etmək lazımdır.

Yaş nəzəriyyəsinə əsaslanan fikirlərə görə isə növbəti hesablamalarla cinsi təyin etmək olar: əgər Sizin tamam olmuş yaşınız cüt rəqəmlidirsə (məsələn 22, 26, 28 və s.) ilin cüt aylarında (fevral, aprel, iyun, avqust, oktyabr, dekabr) baş vermiş mayalanmadan dünyaya gələcək uşağın qız olacağı ehtimalları, tək aylarda (yanvar, mart, may, iyul, sentyabr, noyabr) olmuş mayalanmadan isə oğlan olma şansları daha yüksəkdir. Və əksinə tam yaşınız tək rəqəmlidirsə, tək aylarda qız, cüt aylarda isə oğlan uşağını həyata gətirəcəyiniz ehtimalı artır. Əlbəttə ki, bu nəzəriyyənin də tərəfdarları olduğu kimi əleyhdarları da ola bilər.

Beləliklə müşahidə və inancları nəzərə alaraq deyilənlənləri nəticələndirək:

-Əgər valideynlər fasilələrlə fiziki yaxınlıqda olurlarsa, qız uşağı dünyaya gətirməyə hazır olsunlar, əgər cinsi əlaqə tez-tez (gün ərizində bir neçə dəfə) baş verirsə, və mütəmadidirsə, oğlan uşağını gözləsinlər. Burada sirr spermanın yenilənməsindədir. Mütəmadi yenilənən spermada Y xromosomların (oğlan xromosomları), köhnə spermada isə X xromosomların (qız xromosomları) konsentrasiyası çox olur.

-Ananın hündür və səliqəli qarnı oğlan, arxadan görünən və yanlardan sallanan qarnının olması isə qız valideyni olmağın əlamətidir.

-Hamiləlik zamanı ayaqlarınızın əvvəlkindən soyuq olduğunu hiss edirsinizsə bu oğlan gəzdirdiyinizin əlamətidir.

-Əgər kartovu çörəkdən üstün tutursunuzsa, oğlan, əks halda qıza ümid edin.

-Duzlu qidaya meyl edirsizsə, oğlan, ürəyiniz şirniyyat istəyirsə qız olacaq yəqin.

-Süd vəzləriniz hamiləlik zamanı çox da dəyişikliyə uğramayıbsa, bu da oğlan anası olacağınızın əlamətidir.

Günümüzdə gələcək körpənin cinsinin müəyyən edilməsində ən populyar üsullardan biri qədim Çin cədvəli üzrə hesablamadır. Bu üsulla uşağın cinsinin təyini mayalanma baş verən aydan və qadının yaşından asılıdır. Çinli tibb işçilərinin fikrincə bu metodun dəqiqliyi 99%-dir. Bu cür cədvəlləri hamiləlik və doğuş haqqında yazılan bir çox kitabdan tapmaq olar. Özünüz bu üsulla hesablama aparmaq istəyirsinizsə, növbəti əməliyyatları təkrarlayın: Valideynlərin mayalanmaya qədərki (mayalanma baş verən aya qədər) tamam olmuş yaş illərini və aylarını götürün. ”Ananın” rəqəmini 4-ə, “atanın” rəqəmini isə 3-ə bölün. Nəticələri tutuşduranda alınmış rəqəmdə vergüldən sonra kimdə rəqəmlər daha çoxdursa o cins də qalib gəlmiş deməkdir.

Əlbəttə ki, günümüzdə dünyaya gələcək körpənin cinsini təyin etməyin bir çox üsulları var. Amma hansı cinsə mənsub olacağından asılı olmayaraq qoy körpəniz arzuolunan, sevilən və sağlam olsun!